Köşə
İkram Rəhimovun “açıq məktubu”na sözardı...
Və ya onun həbsini kim “sifariş edib”?
Müşfiq Ələsgərli
“Reallıq.info” saytını media qurumu, özünü də bu qurumun baş
redaktoru kimi təqdim edən İkram Rəhimov oktyabrın 26-da
saxlanılıb. AZƏRTAC-ın yaydığı məlumata görə, onu Dövlət
Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıblar. Səbəb, “Rəhimov
İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə
“Realliq.info” və digər “reket” informasiya saytları yaradaraq,
müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici,
böhtan xarakterli məlumatlar yayması, bu qəbil materialların
yayımın dayandırılması müqabilində pul tələb etməsi, bu üsulla
müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan
dövri haqq toplamasıdır...”. İnanırıq ki, obyektiv istintaq
aparılacaq, həqiqətlər üzə çıxacaq. Arzu edək ki, həbsdə
saxlanılmasına səbəb olacaq qədər faktlar olmasın, günahsızlığını
isbat edib, azadlığa qovuşun, Allah qapısını açsın!
Amma təəssüf ki, İkram Rəhimov və tabeliyində olan şəbəkə, hətta bu
anda belə, baş verənlərlə bağlı yanlış informasiyalar yayır,
ictimai rəyi çaşdırır, onun saxlanılmasına səbəb olan real
məqamların açıqlanmamasına çalışırlar. İkram Rəhimov DTX tərəfindən
saxlanılmamışdan öncə Azərbaycan Respublikası prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi, Cənab Əli Həsənova açıq
məktub ünvanlamış, həmən məktubda Mətbuat Şurasının
təmsilçilərindən biri olaraq, şəxsimə qarşı yalan, qərəz dolu
ittihamlar səsləndirmişdir. Guya Mətbuat Şurasının sədri, millət
vəkili Əflatun Amaşov və Şuranın Şikayətlər üzrə komissiyasının
sədri olaraq mən, İkramın həbsini istəmişik! Onun Cənab Həsənova
ünvanladığı məktub-məqalənin ictimailəşməsindən bir müddət sonra
İkram Rəhimovun saxlanılması, istər-istəməz elə rəy yaradır ki, bu
iki məsələ arasında əlaqə var. Məsələnin təfsilatını bilməyənlər
üçün belə düşünmək, məntiqlidir.
Amma durum tam fərqlidir. Səbr edib yazını sonadək oxuyanlar,
nəticə çıxara biləcəklər. İkramın mətbuatda dərc edilmiş
məqalə-məktubunu oxuyanda dərhal anladım ki, həmişəki kimi yenə
məntiqi çaşıb, hansısa yanlış arqumentin təsiri altındadır: hədəfi
qarışdırıb, hədəf olaraq məni və təmsil olunduğum Mətbuat Şurasını
seçib, amma məktubu Prezident Administrasiyasına ünvanlayıb?! Biz
onun belə “çaşqın” davranışlarına, bir növ, alışqanıq. Bənzər
proses bir ilə yaxındır ki, davam edir, 2017-ci ilin sentyabr
ayından bu günə qədər barəmizdə dəfələrlə yazı yazıb, sosial
şəbəkələrdə status paylaşıb, olmazın ittihamlar səsləndirib.
Dinməmişik, cavab verməmişik, fikirləşmişik ki, bəlkə ağlı başına
gələndə durub düşünər, özünə baxar, nə hallara düşdüyünün, nə işlər
çevirdiyinin fərqinə varar. Əgər biz ona öz səviyyəsində cavab
versəydik, ağlı kəsən biri deyərdi ki, İkram anlamadı, düşünə
bimədi, Siz niyə kəmhövsələ davrandınız?! Amma olmadı, adam cavab
almadıqca ruhlandı, ağlına gələni uydurdu və sosial şəbəkələrdə
paylaşdı. Görünür, “ölünü özbaşına qoyarsan, vurub kəfəni dağıdar”
misalı boşdan yaranmayıb!
Sonuncu “məktub-məqaləsində” yer alan detallara vaxt ayırmıram.
linki əlavə etmişəm (İşarə 1), marağı olanlar baxa bilərlər.
Aydınlıq yaransın deyə, onun MŞ və mənimlə öz arasında mübahisə
saydığı prosesin mahiyyətini təsvir etmək istəyirəm.
2017-ci ilin avqust ayında Neftçala Elektrik Şəbəkəsinin rəhbərliyi
adından MŞ-yə şikayət ərizəsi daxil oldu. Şikayətdə «Nia.az» və
«Reallıq.info» xəbər portallarının bu müəssə barədə qərəzli
informasiyalar yaydıqları bildirilirdi («Nia.az» barədə aşağıda
əlavə məlumat veriləcək. İndilik onu qeyd edib ki, bu xəbər saytı
İkramın “media şəbəkəsinə” daxil olan səkkiz saytdan biridir).
Şikayət ərizəsində iddia olunurdu ki, portal təmsilçiləri yayılan
materialların dayandırılması qarşılığında onlardan qanunsuz olaraq
külli miqdirda vəsait istəyirlər. Məsələnin bu tərəfi ilə işimiz
yox: biz hüquq –mühafizə orqanı deyilik, “rüşvət” məsələsini isbat
etmək üçün nə mexanizmimiz, nə də səlahiyyətimiz yoxdur. Mətbuat
Şurası daxil olan şikayətlərə yazılmış yazılar və onların peşə
kodeksinə uyğunluğuna görə qiymət verir. Baxdıq, materiallar
birtərəfli, qarşı tərəfin rəyi olmadan hazırlanmış və yayılmışdı.
Bu yazıların əksəriyyəti İkramın facebook səhifəsində də var.
İstəyənlər daxil olub oxuya və onları peşəkarlıq müstəvisində
dəyərləndirə bilərlər. Azərbaycan Jurnalistlərinin Peşə davranışı
Qaydalarının bütün prinsipləri pozulub bu yazılarda. Həm
reallıq.info-ya, həm də NİA.az-a xəbərdarlıq etdik, fəaliyyətində
dönüş yaratmalarını tövsiyyə etdik. Tənqidi material hazırlanırsa,
qarşı tərəfin rəyi öyrənilməlidir qaydasını, yəqin ki, hər kəs
bilir. Amma İkram Rəhimov bilmir. Biz də onu xatırlatdıq. Adam
nəticə çıxarmadı, əksinə, üzərimizə gəldi, həm də uydurmalarla,
şərlə, böhtanla. Boş verdik, düzələr dedik, hər necə olsa, “media
cameəsinin təmsilçisidir” dedik. Yanlış nəticə çıxardı, səhvlərini
davam etdirdi, bizə saymazlıq nümayiş etdirirmiş kimi, daha
“intensiv” işlədi, daha kobud səhvlər törətdi. Şikayətlər
çoxaldı.
Birini də Sabirabad rayonunun Nizami kəndinin sakini göndərdi
(adını yazmıram ki, mübahisəyə cəlb olunmasın, ərizəsi MŞ-də
qorunur). Şikayətçi iddia edirdi ki, onunla həmkəndlisi arasında
mülkiyyət davası olub. Münaqişə qarşı tərəfin həbsi ilə nəticələib.
Amma bir müddət sonra hüquq pozuntusuna görə həbsə düşən şəxs
(adını yazmıram, ərizəsi MŞ-də qorunur) barədə yeni,
heyrətləndirici fakt əldə edib. Hüquq mühafizə orqanlarından xəbər
alıb ki, münaqişə və xuliqanlıq sonucunda türməyə düşən şəxs
məhkəməyə müraciət edərək işinə yenidən baxılmasını istəyib.
Ərizəsinə əlavə edib ki, guya “jurnalistdir” və guya jurnaistik
fəaliyyətinə görə şərlənib. Hətta vəkili vasitəsilə bəzi ölkələrə
müraciət edərək, “təqibə məruz qalan jurnalist” qismində siyasi
sığınacaq da istəyib. Şikayətçi MŞ-yə gəldi, konfliktli tərəfin,
yəni məhbus “jurnalistin” vəsiqəsini bizə təqdim etdi. Yəqin ki,
söhbəti niyə bu qədər detallı təsvir etməyimin səbəbini təxmin
etdiniz: həmin vəsiqə «Reallıq.info» saytının vəsiqəsi idi, İkram
Rəhimovun imzası ilə verilmiş vəsiqə! Məsələ ondadır ki, vəsiqə
həmin şəxsə, məhbəs həyatı yaşadığı zaman verilib! (Surəti MŞ-də
saxlanılır). İşin bir tərəfi, saxta vəsiqələrlə, saxta sənədlərlə
siyasi sığınacaq düzəldən və Azərbaycan adını xaricdə rüsvay edən
şəbəkəyə bağlanır. Hər halda görüntü budur, bizim əlavə təhqiqat
aparmaq mexanizmimiz və marağımız yoxdur. Sadəcə həmən vaxt,
2017-ci ilin dekabrında, şikayət ərizəsi gələn vaxt İkramı yenidən
MŞ-yə dəvət etdik, iradımızı bildirdik. Adam “yazdığım yazılara
görə məndən qisas alırsız” dedi, üzərimizə şər atdı, böhtan
danışdı. Sonda da “kimlərəsə bağlı olduğunu” dilə gətirdi, bizi
“ağır cəzalandıracağı” ilə hədələdi. Boş verdik, ağıllanar dedik.
Olmadı, öz şəbəkəsi ilə yeni proses başlatdı.
İşin bu çağında İkramın “dost, qardaş” adlandırdığı, Neftçalada
əlbir hərəkət etdiyi şəxs, NİA.az-ın baş redaktoru (yuxarıda bilgi
vermişdim) Bəhruz Əliyevi həbs edildi. Biz də hamı kimi mediadan
oxuduq ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş
İdarəsi jurnalist adı altında reketliklə və şantajla məşğul olan
Bəhruz Əliyevi NİA.az-da sifarişli materiallar dərc etdirdiyinə
görə həbs edib. O, müxtəlif məmurları və biznesmenləri barələrində
ləkələyici məlumatlar yaymaqla hədələyərək iri məbləğlərdə pul
alırmış. Bəhruz Əliyev, həm də, erməni xüsusi xidmət orqanları ilə
əmıkdaşlıqda suçlanır. Bilmirik, bəlkə də günahı isbat olunmayacaq,
amma bugünkü durum belədir. İşimiz bunda deyil. Vurğulamaq
istədiyim budur ki, o həbsi Baş prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə Baş İdarəsi keçirib, İkram isə günahı Mətbuat Şurasında
görür?! Adam hara dönürsə, şər əməlləri qarşısına çıxır. Baxın onun
Facebook-dakı hesabına, adamın separatizmə çağırışdan tutmuş
insanlara şər-böhtan atmağa qədər, ölkənin konstitusion quruluşuna
qarşı çıxmağa qədər hər şey var. Bəlkə də, etdiklərini anlamır,
başa düşmür, fərqinə varmır? Mümkündür, adam səhv edə bilər. Amma
adam, əgər adamdırsa, gərək səhvlərdən nəticə çıxarmağı bacarsın,
deyilənləri dinləsin. Bu isə özünü islah etmir, günahı kimdəsə
axtarır. Biz nə etmişik?
Ona xəbərdarlıq etmişik ki, əyri əməllərindən əl çək, bunun sonu
yoxdur, axırı hüquqi ölçü götürməkdir, həbsdir, başqa cəzalardır.
Bu necə nəticə çıxarıb? Bu gün Əli müəllimə ünvanladığı məktubda
yazıb ki, “Mətbuat Şurasında məni həbslə hədələdilər”! Budur
İkramın məntiqi, düşüncə tərzi və bu “məntiq qəlibinə” girməyən hər
kəsə qarşı savaş açır, mübarizə aparır. Mətbuat Şurasına və Şuranın
Şikayətlər üzrə Komissiyasının sədri olaraq mənə qarşı apardığı
təbliğat da bu qəbildəndir. Elə mübarizə metodları da bənzərdir. Öz
ağlına görə bir şəbəkə yaradıb. Yuxarıda qeyd etdiyim kimi, bizim
bildiyimizə görə, həmən şəbəkəyə ən azı 8 xəbər saytı daxildir.
Şəbəkə üzvlərindən birini 2017-ci ildə, dekabrın 29-da təsadüfən,
başqa bir şikayət üzrə Mətbuat Şurasına dəvət etmişdik. Emin
Ramazanov (Emin Haqq) adlanan bu şəxs Lənkəranda «Realnewsinfo.com»
və «Real media» saytlarına başçılıq edir. Hirkan milli parkının
kollektivi onu şikayət etmişdi. Dəvət etdik, həvəslə gəldi. Heç
demə, “İkram şəbəkəsi”nin üzvü imiş və MŞ-yə gəlməyə fürsət
axtarırmış.
Gəlib, öz ağlınca, “gizli lent yazısı” hazırlamağı planlaşdırıbmış.
İclas keçirdik, səhvlərini dedik, iradları bildirdik. Təkzib
verəcəyinə boyun oldu. Amma MŞ-dən çıxandan sonra fərqli davrandı.
İclasın gedişini “gizli lentə aldığını” və bizi “ifşa edəcəyini”
açıqladı. Gözlədik, “nə etmişik ki?” deyə düşündük. Səs yazısı
yayıldı, amma Emin Haqq tərəfindən yox. Sizcə kim açıqlasa
yaxşıdır? Yəqin təxmin etdiniz: İkram Rəhimov. Həm də elə təqdim
etdi ki, guya bu lent yazısında MŞ-ni ifşa edən ciddi faktlar var
imiş. Həmən səs yazısını aşığıda paylaşıram. Marağı olanlar
diqqətlə dinləsinlər. Əgər gizlilik və bizi ifşa edəcək bir nüans
tapsanız, lütvən, mənə də bildirin. Adamın özünə görə düşüncə
tərzi, mübarizə metodları, ən qəribəsi isə, orijinal
“jurnalistikası” var. Onun təxəyyülündəki jurnalistika fərqlidir,
nə qanunlara, nə də peşə kodeksinə aidiyatı yoxdur. Hədəf seçdiyi
obyektlərə də, oz prinsipləri ilə yanaşır.
Mətbuat Şurası xəbərdarlıq etdi, anlamadı. RNYTN dəfələrlə
xəbərdarlıq etdi, anlamadı. Rəhbərlik etdiyi saytların fəaliyyəti
qanunlara sığmadığı üçün dəfələrlə bloklandı, nəticə çıxarmadı.
Reallıq.info bloklandı, əvəzində reallıqinfo.az saytını açdı, o da
bloklandı, əvəzində reallıq.org açdı....Bu münvalla rəhbərlik
etdiyi saytlar barədə 6 dəfə inzibati ölçü götürüldü, nəticə
çıxarmadı. İndi də həbs edilib. Yenə nəticə çıxarmır. Hələ də iddia
edir ki, kiminsə bəlasına tuş gəlib! Hədəf seçdiyi adamlara çıxış
yolu buraxmır. Adamlar reallıq.info səhifələrində şərə, böhtana,
təhqirə məruz qalırlar. Hara üz tutsunlar? Mətbuat Şurasını
dinləmir, Rabitə, Nəqliyyat, Yüksək Texnologiyalar Nazirliyini
dinləmir, məhkəmə dinləmir...Onun şərindən əziyyət çəkənlər, sonda
DTX-ya müraciət ediblər. Əgər bu da nəticə verməsə, yəqin ki,
İkramla “ənənəvi qaydada” hesablaşacaqdılar. Yaxşı ki, ölkəmiz
hüquqi dövlətdir, məsələlər hüquq müstəvisində həll edilir. Amma
hüquq, onu anlayan, dərk edənlər üçündür. Əgər İkram ilk mərhələdə,
Mətbuat Şuasından xəbərdarlıq aldığı zaman nəticə çıxarsaydı,
fəaliyyətini qanuni müstəvidə qursaydı, indiki duruma düşməzdi.
Burada nə mən, nə Mətbuat şurası, nə də başqa biri günahkar
deyil.
Belə, İkram sərgüzəştləri barədə yazdıqca-yazmaq olar. Amma güman
edirəm ki, adamın kimliyi və düşüncə tərzi barədə təəssürat
formalaşdıra bildim. Qalanı təfərrüat.
-
Hadisə15:18
Azərbaycanda şagird dərs zamanı vəfat etdi
-
Ekologiya13:58
Qorxulu xəbərdarlıq: 7,5 bal gücündə zəlzələ olacaq, 4 milyon insan...
-
Sosial13:20
“Məşhur restoranların sahibi pulumu vermir” - VİDEO
-
MDB12:18
Bu gündən qüvvəyə mindi: Rusiyada miqrantların “qara günləri” başladı
-
İdman12:06
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu - EKSKLÜZİV
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır