Mən ona özüm qədər inanıram...
Bizi izləyin

Köşə

Mən ona özüm qədər inanıram...

Asif Nərimanlı

Aradan düz 15 il vaxt keçir. Ümummilli lider Heydər Əliyev onun haqqında belə demişdi: “Mən ona özüm qədər inanıram”...

Bəli, aradan 15 il ötüb və hər şeyi öz yerinə qoyan zaman böyük Heydər Əliyevin – o Siyasət Dühasının bütün bəlalardan xilas edərək, ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini hər keçən gün bir daha təsdiqləyir.

Heydər Əliyev deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”.

Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. İlham Əliyev dahi liderdən ona keçən dərin zəkası ilə Azərbaycanı regionun liderinə çevirə bildi, dünyanı bu kiçik Qafqaz ölkəsi ilə hesablaşmağa məcbur etdi. Azərbaycan insanının firavan həyatı üçün gecə-gündüz çalışdı. Bu fəaliyyət beynəlxalq arenalarda gərgin diplomatik manevrlərdən tutmuş, ölkə içində ən ucqar rayondakı vətəndaşın rahatlığını təmin etmək üçün eyni əzmkarlıqla davam edir.



Və zaman dahi Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiq edir: İlham Əliyevə inanmağa dəyərmiş! Azərbaycan dahi Heydər Əliyevin kimi bir Liderin timsalında böyük şansa sahib idi, lakin ömür böyük strateqə vəfa etməyəndə yenidən 90-cı illərin ağrılı günlərinə qayıtmaq təhlükəsi yarana bilərdi və məhz bu məqamda tale İlham Əliyevi bizə ikinci şans olaraq bəxş etdi.

O, Azərbaycana qarşı bütün xain planların qarşısına cəsarətlə çıxdı və dəf etdi. Düşmənə qarşı nə qədər sərt oldusa, xalqına o qədər humanist və qayğıkeş davrandı, bu millətin rifahı uğrunda gecə-gündüz çalışdı. Vətəndaşlarla görüşəndə ətrafında yaratdığı səmimilik və xeyirxahlıq mühiti, sadə və sıravi vətəndaşın ən xırda problemindən tutmuş, üzləşdiyi haqsızlığa qədər bütün çətinlikləri yerindəcə həll etməsi və bunu xalqının xidmətçisi kimi həyata keçirməsi çox az ölkənin liderinə xas cəhətlərdir. Və biz onun sadəliyi, incə davranışlarına paralel olaraq, müzakirə mövzusu dövlətinin və xalqının maraqları olanda nə qədər sərtləşdiyinin də şahidi olduq. Azərbaycanı və onun sərhədləri içində xalqı mütiləşdirmək, ələbaxan etmək cəhdlərini necə qətiyyətlə dəf etdiyinə də hər şeydən öncə tarixin özü şahidlik edir. Anti-Azərbaycan dairələrin məkrli oyunlarına alət olmamaq üçün zaman-zaman sinəsini qabağa verdi, hətta dünyanın supergücü hesab olunan ölkələrə qarşı çıxdı, çünki hədəfdə millətinin maraqlarının olduğunu hər birimizdən daha yaxşı anlayırdı. Lakin baş verən siyasi oyunların ağırlığını xalqının üzərinə atmadı, bizi bu ağır yükün altına vermədi, daim bu milləti əzmək istəyənlərin üzərinə yeridi. Hətta onun özünün şəxsini hədəfə alanda belə... Əsl ailə başçısı kimi, əsl lider kimi... Bizləri yalnız xoş günlərə ortaq etdi, qələbələrə daşıdı, xoşbəxt gələcəyi bu gündən inşa etdi.

Xoşbəxtliyin rəngi olmur. Onu əllə tutmaq, qoxusunu duymaq olmur, onu sadəcə yaşamaq mümkündür. Bir insanın xoşbəxtliyi ona dayaq olacaq insanla çiyin-çiyinə addımlamaqdırsa, bir ölkənin xoşbəxtliyi ədalətli və müdrik liderinin olmasıdır. Bir də gələcəyə bu gün kimi inanmaqdır xoşbəxtlik. İlham Əliyev xalqa bunu nəsib etdi.



O, əzmkarlıqla öz hədəfinə doğru irəliləyirdi və mən buna heyran idim”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş rektoru, Azərbaycan liderinin müəllimi olmuş Nikolay Lebedevə məxsus bu sözlər bir liderin əsas keyfiyyətlərini özündə birləşdirir.

Lebedev Azərbaycan Prezidentinin gəncliyini xatırlayır: “Mən İlham Əliyevin gənc yaşına baxmayaraq, əzmkarlığına heyran olmuşdum. Onun namizədlik dissertasiyasının mövzusu Böyük Britaniyada Liberal Partiyası haqqında idi. Bu mövzunu özü seçmişdi. Əvvəlcə mən əmin deyildim ki, bu iş aktual olacaq. Amma o, məni öz seçiminin düzgünlüyünə inandırdı. Öz mövqeyini müdafiə edir, elmi arqumentlər gətirir və sübut edirdi ki, o, doğrudur”.

Əzmkarlıq bir liderin ən böyük xüsusiyyətlərindəndir və bu xüsusiyyəti genlərində daşıyan Azərbaycan lideri bu ölkəni strateji zəkası ilə zirvələrə aparır.

- O, ilk dəfə prezident seçiləndə Azərbaycanda yoxsulluğun minimuma endiriləcəyi vədini verdi. “Hər bir azərbaycanlının prezidenti olacam” vədinə sona qədər sadiq qalan Prezident İlham Əliyev tezliklə 600 min yeni iş yeri yaratmaqla çoxları üçün xəyal olan bu hədəfi də reallığa çevirdi. Ötən 15 il ərzində ölkədə 2 milyona yaxın yeni iş yeri yaradılıb, iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkə iqtisadiyyatına 180 milyard dollardan çox investisiya qoyulub;

- Bürokratik əngəlləri aradan qaldırmaqla insanların daha rahat yaşamağını təmin edən Prezident İlham Əliyev “ASAN Xidmət”i yaratmaqla dünyada analoqu olmayan addım atdı. Bu, dünyada öyrənilən şəffaflığın Azərbaycan modeli idi və dövlət başçısının özünün dediyi kimi, “Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir”;

- Azərbaycan bütün dünyanın hesablaşdığı, beynəlxalq güclər arasında tarazlıq yaradan regional gücə çevrilib. Qlobal güclərin təmas qurmaq üçün məhz Bakını seçməsi də bunun nəticəsidir;

- Dünyanın enerji xəritəsini məhz Prezident İlham Əliyevin strateji addımları formalaşdırır. “XXI əsrin müqaviləsi” olaraq tarixə keçən “Cənub Qaz Dəhlizi” layihəsi Onun dühasının bəhrəsidir. Və unudulmamalıdır ki, bu layihə təkcə Azərbaycana siyasi və iqtisadi dividendlər gətirmir, həmçinin region və Avropa ölkələrinin də gələcək taleyini müəyyənləşdirir;

- O, Azərbaycanı dünyanın mərkəzinə çevirmək istiqamətində yorulmadan çalışır. “Şimal-Cənub” nəqliyyat dəhlizi, Böyük İpək Yolunun gerçəkləşməsi istiqamətində atılan addımlar, “Bakı-Tbilisi-Qars” dəmiryolunun istifadəyə verilməsi və digər addımlar Azərbaycanı beynəlxalq nəqliyyat qovşağının açar ölkəsinə çevirir;

- Rusiya, Çin, İran, Avropa İttifaqı ölkələri və ABŞ bu gün Azərbaycanın dəstəyini qazanmağa çalışırlar. Dünya nəhənglərinin Azərbaycanın maraqları ilə hesablaşmasının təməlində məhz Prezident İlham Əliyevin siyasi dühası dayanır;

Və O, bütün fəaliyyətini Azərbaycanın maraqlarının təmin edilməsi istiqamətində qurub. O, milli maraqlardan bir addım belə geri dayanmır və bu gün ən böyük hədəf olaraq ərazi bütövlüyümüzn bərpası istiqamətində çalışır.

Azərbaycan liderinin işğalçı ölkə üzərində həyata keçirdiyi diplomatiya geniş araşdırma mövzusu ola bilər, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, Ermənistanın blokada vəziyyətdə saxlanılması fonunda baş verənlər diqqət çəkir.

İşğalçı ölkədə küçədən siyasi Olimpə yüksələn Paşinyan hakimiyyəti Dağlıq Qarabağ münaqişənin nizama salınması istiqamətində aparılan danışıqları pozmağa cəhd etdi və bunun üçün “Qarabağ masada tərəf olmalıdır” iddiasını ortaya atdı. İrəvanın yeni sahibləri düşünürdülər ki, bununla həm danışıqlar prosesini pozacaq, həm də mövcud status-kvonu davam etdirəcəklər. Lakin Azərbaycan lideri diplomatik manevrləri işğalçını çətin vəziyyətə satdı.

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə səfər etdi, Moskva-İrəvan münasibətlərində yaranmış çatlar fonunda Bakı-Moskva xəttində ciddi proseslər başlandı. Bu, yaranmış fürsəti qazanca çevirmək gedişi idi. Ardınca Rusiya prezidentinin Bakıya səfəri Ermənistanın ən böyük arxasını itirdiyini və bunun işğalçı ölkə üçün ağır nəticələnəcəyini deməyə əsas verirdi. Daha sonra Azərbaycan lideri Ermənistanı üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ağır məğlubiyyətə uğratdı. Bu, Paşinyan hakimiyyəti üçün Azərbaycanın sərt üzü ilə ilk qarşılaşması idi...

Lakin Prezident İlham Əliyev diplomatik manevrlərini çoxtərəfli həyata keçirirdi. Düşənbədə Nikol Paşinyanla ayaqüstü söhbət və cəbhədə sabitliyin təmin edilməsi ilə bağlı razılaşma olduqca maraqlı və gözlənilməz oldu. Çoxlarına görə, bunu Rusiya istəyib, bu mümkün versiya olaraq görünür, lakin burada daha çox Əliyevin ağıllı manevri aydın görünür.

Azərbaycan lideri bir tərəfdən Rusiya ilə yaxınlaşır, ardınca şəxsi nüfuzundan istifadə edərək, Ermənistana öz “müttəfiqlərinin əli ilə” zərbələr endirir, digər tərəfdən, Paşinyanla razılaşaraq, onu dilemma qarşısına qoyur. Beləliklə, münaqişə ətrafındakı prosesdən Azərbaycana qarşı istifadə etmək istəyənlərə “problemi Ermənistanın yeni rəhbərliyi ilə də həll edə bilərik” mesajını verir. Ermənistanın danışıqlar masasına qayıtması və gələn ilin ilk aylarında münaqişə ətrafında yeni proseslərin baş verəcəyinə dair gözləntilər bu manevrlərin ciddi nəticələr verəcəyini açıq şəkildə göstərir.

Diplomatik zəkası ilə işğalçını diz çökdürən Prezident İlham Əliyev buna paralel şəkildə Ali Baş Komandan olaraq, Ordunu gücləndirir. Çünki hər an son sözü demək üçün Azərbaycan Ordusu kazarmaları tərk edə bilər. Bunu işğalçı yaxşı anladığı üçün geri çəkilməkdən başqa yolu qalmır.

Qarabağa qayıdış yaxındır, Ali Baş Komandanın əzmi hər bir azərbaycanlının şüurunda bu inamı abidəyə çevirib.



İnam: İlham Əliyevin Azərbaycana bəxş etdiyi ən böyük dəyərlərdən biri budur. Azərbaycan lideri bizlərə böyük dövlətlər arasında xüsusi yerə sahib olacağımıza inanmağı, əzmlə mübarizə aparmağı öyrətdi. Öyrətdi ki, ədalətli mübarizə həmişə zəfərlə sona çatır. Və O, bu mübarizədə həmişə öz xalqına arxalandı, bu millətə etibar etdi. Çünki uğrunda çalışdığı xalqın ona etibar etdiyini, inandığını, sona qədər dəstəkləyəcəyini bilir. İlham Əliyevin bütün siyasi fəaliyyətini incələdikdə onun əsas məqsədinin Azərbaycan xalqının gözəl gələcək bəxş etmək, dünyanın ən xoşbəxt insanına çevirmək olduğu aydın şəkildə görünür. Onun bir məqsədi var: Azərbaycan xalqının xoşbəxtliyi, rifahı və güclü, bütöv, azad Azərbaycan. İstər uniformada ön cəbhəyə gedəndə, istər beynəlxalq arenada çətin şərtlər altında mübarizə aparanda da O, yalnız bu barədə düşünür: “Müstəqil, güclü və firavan Azərbaycan”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm