Köşə
Qazaxıstanı qarışdıran qatillər və “erməni inqilabı”nın geosiyasi hədəfləri
Asif Nərimanlı
Yeni İl gecəsi Qazaxıstanın Karakanda şəhərində restoranların
birində ermənilərin 23 yaşlı gənci qətlə yetirməsi, ardınca milli
yaddaşlarında 1932-33-cü illərdə Levon Mirzoyan dəhşətini unutmayan
qazaxların ölkədəki ermənilərə qarşı etiraz aksiyasına başlaması
məsələnin məişət zəminində baş verən hadisə ilə yekunlaşmadığını,
yaxud məişət zəminində baş vermiş hadisənin geosiyasi proseslərin
burulğanına daxil edildiyi ehtimalını önə çıxardı. Xüsusilə
Ermənistanda qazaxların baş vermiş hadisəyə reaksiyasını “erməni
soyqırımı” karkazında təqdim etməsi proseslərə baxış bucağını
dəyişdirir.
Qazaxların qətlə reaksiyası və ermənilərə qəzəbi təbiidir,
Mirzoyanın 1932-33-cü illərdə etdiklərini anlamaq üçün keçmiş
SSRİ-nin tozlu tarixini vərəqləməyə ehtiyac yoxdur, sadəcə, o
dövrün proseslərini bədi dilə tökən Andrey Platonovun “Can”
povestini oxusanız qazaxların yaşadığı, ümumilikdə Asiya
çöllərindəki insanların aclığını iliklərinizdə hiss
edəcəksiniz...
“İnqilab müharibədən asandır!”, Platonovun məhz bu
sözləri məişət zəminində baş verdiyi görünən hadisə fonunda Qərbin
(konkret ABŞ-ın) Paşinyan hakimiyyəti üzərindən həyata keçirdiyi
“inqilab”ın gerçəklikdə bütün bölgəyə müdaxilədə “yeni qapı”
olduğuna işıq tutur və Qafqazdan Mərkəzi Asiyaya uzanan yeni
geosiyasi planda ermənilərin “piyadalar” olaraq seçilməsi heç də
təsadüfi deyil.
Karakanda kiçik restoranların birində üç erməninin bir qazaxı qətlə
yetirməsi və bunun doğurduğu qəzəblə Ermənistandakı “küçə inqilabı”
və ABŞ-ın Rusiyanı mühasirəyə alma planı arasında heç bir əlaqə
görünməyə bilər, hərçənd, hadisələrin ardıcıllığı və proseslərə
bütöv tabloda baxmaq baş verənlərin bir-birinə incə xətlə
bağlandığını deməyə əsas verir.
2025-ci ilə hazırlıq: ABŞ dünyanın
bölüşdürülməsində gələcək əsas rəqibinin Çin olduğunu illər öncə
anlamışdı. Uzaq Şərqdə “yatmış əjdaha” kimi fürsət gözləyən Çin
açıq qarşıdurmalarda çəkinərək, tədricən böyümə siyasətini həyata
keçirirdi. 2016-cı ilin sentyabrının ilk günlərində Xançjo
şəhərində keçirilən G-20-lərin sammitini Pekinin Vaşinqtonun
hegomoniyasına qarşı çıxma tarixi olaraq götürə bilərik. ABŞ
prezidenti Barak Obama Çin torpaqlarında olduqca sadə, bəlkə də
daha pis qarşılandı, Çin lideri Si Cinpin çıxışında dünyanın
çoxqütblü olduğunu və bunu hər kəsin anlamasının vaxtının çatdığını
bəyan etdi. Bu sammit əslində “yatmış əjdaha”nın ABŞ-a müharibə
elanı idi. Güman ki, Vaşinqton Çinin tezliklə aktiv hərəkətə
keçəcəyini anlayırdı, G-20 sammitindən təxminən günlər öncə
Pentaqonun strateji araşdırma mərkəzi olan “Rand Corporation”
şirkətinin 2025-ci ilə qədər Çinlə müharibəyə hazırlıq ssenarisi
üzərində işlədiyi xəbərinin ortaya çıxması da bunu deməyə əsas
verir. Maraqlıdır, bu ssenariyə “Çinlə müharibə: ağlasığmaz haqda
düşünmək” adı verilmişdi və burada “Ağlasığmaz” (Unthinkable) sözü
təsadüfi seçimə bənzəmir. Çünki “Unthinkable” Britaniyanın baş
naziri Çörçilin 1945-ci ildə SSRİ-yə qarşı hazırladığı müharibə
planının kod adı idi. İctimaiyyətə çox az məlum olan ssenarilərdə
ABŞ-ın hegomonluq planlarında Rusiyanı deyil, məhz Çini əsas rəqib
olaraq gördüyü məlum olur. Və “yatmış əjdaha”nın “boynunu vurmaq”
üçün okeanın o tayındakılar dünyanın bir ucundan digər ucuna qədər
hərəkət etməlidirlər. Amerika anlayır ki, Çinlə mümkün müharibəyə
qədər önündəki əngəlləri qaldırmalı və müharibəni məhz Çin səddində
aparmalıdır. Bunun üçün hansı ssenarilər həyata keçirilməlidir:
a) Rusiya tamamilə neytrallaşdırılmalıdır:
- ya parçalanaraq, hazırki subyektlərdə milli dövlətlər
yaradılmalı;
- ya da Kremldə Putin yox, “Qərb demokratiyasını” Rusiyanın
imperiya maraqlarından üstün tutacaq şəxs əyləşməli;
b) Rusiyanın neytrallaşdırılması üçün sərhədləri boyunca bütün
bölgələr ABŞ nəzarətinə keçməlidir:
c) Çinə daxili problemlər üzərindən hücum edilməlidir:
- Tayvan muxtariyyəti: Vaşinqton Pekinin qəzəb
püskürməsinə rəğmən Çinin içində “mina” olaraq gördüyü Tayvanın
müstəqilliyi üzərində israrla dayanır;
- Uyğur türkləri: bu, ABŞ üçün Çinə daxildən
zərbə endirə biləcəyi ikinci amildir. Uyğur türkləri arasında
Suriyada İŞİD terrorçularına qoşulan radikalların artması faktoru
bu kontekstdə diqqət çəkir, mümkündür ki, bu prosesi həyata keçirən
amerikalılar gələcək müharibədə özləri üçün “minalar”
basdırırlar.
d) Çinlə sədlərin dibində müharibə aparmaq üçün mütləq şəkildə
Asiya çöllərində möhkəmlənmək lazımdır: Qırğızıstan “rəngli
inqilab”lardan sonra ABŞ-ın təsir zolağına yaxınlaşıb. İslam
Kərimovun ölümündən sonra Özbəkistanın bu zolağa daxil olması
perspektivi yaranıb. Lakin Asiya çöllərinə hakim olmaq üçün açar
ölkə - Qazaxıstan strateji əhəmiyyətə malikdir.
Və burada 2016-cı ildə Çin torpaqlarında baş tutan G-20 sammitindən
iki, Pentaqonun “ağlasığmaz” müharibə ssenarisi hazırlamasından bir
ay öncə - iyulda Almaniyada pro Amerika mövqeyi ilə seçilən Elm və
Siyasət Fondunun (SWP) analitiklərinin “2021-ci ildə Qazaxıstan
prezidenti Nursultan Nazarbayevin 81 yaşında vəfat edəcəyi”nə dair
qəribə proqnoz irəli sürməsi yada düşür. Qərb analitikləri
Nazarbayevin vəfatından sonra Qazaxıstanda və bütövlükdə Mərkəzi
Asiyada baş verəcəklərin ssenarisini irəli sürürdülər.
Hadisələri əvvəldən sona doğru sıralasaq belə alınır:
“Nazarbayevin ölümü” proqnozlaşdırılır; Pentaqon 2025-ci ilə qədər
Çinlə müharibə ssenarisini hazırlayır; Çin Obamanı soyuq
qarşıladığı G-20 sammitində ABŞ-a açıq müharibə elan
edir;
Qəribədir, lakin təsadüf deyil, Çinə qarşı mübarizənin zəif
demokratların dövründə yox, “müharibə partiyası” –
respublikaçıların dövründə elan edilməsi, respublikaçı prezident
Donald Trampın Oval ofisə girişindən dərhal sonra Pekinə iqtisadi
müharibə açması daşları bir-bir yerinə qoyur.
Mərkəzi Asiyada Çinlə ən uzun sərhədi olan Qazaxıstan da həm
Rusiyanı “yumşaq qarnından” vurmaq, həm “Putin NATO-su” olaraq
qəbul edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT)
dağıtmaq, həm Asiya çöllərinə hakim olmaq, həm də Çinlə müharibədə
platforma rolunu oynamaq baxımından ABŞ-ın gələcək ssenarilərində
mühüm yer tutur. Prezident Nursultan Nazarbayev isə təkcə
Qazaxıstanda deyil, Mərkəzi Asiyada siyasi çəkisinə görə
əhəmiyyətli oyunçudur. Bu baxımdan, Qərbdə onun “ölümünün
proqnozlaşdırılması” təsadüfi deyildi. Çünki Nazarbayev faktoru
olduğu müddətdə Qərb Qazaxıstana girə bilməyəcəyini anlayır və
mümkündür ki, onun devrilməsi istiqamətində planlar qurulur.
Bu tabloda Ermənistandakı “küçə inqilabı”nın mahiyyətini
anlamağa çalışmalıyıq:
Nikol Paşinyanın hakimiyyətə gətirilməsinin ABŞ-ın “Rusiyanın
neytrallaşdırılması üçün sərhədləri boyunca bütün bölgələrə
nəzarəti ələ keçirmək” planının tərkib hissəsi olması məlumdur, bu
gün Moskva-İrəvan xəttində baş verənlər də bunu təsdiqləyir. Lakin
bu həm də Mərkəzi Asiyaya qədər uzanacaq inqilab ssenarilərində
ilkin mərhələ, platforma, yaxud da “nümunə” rolunu oynayır.
Paşinyan küçələrə çıxması ilə Qazaxıstan müxalifətinin Avropa
paytaxtlarında hərəkətə keçməsi arasındakı paralellik də bu
kontekstdə diqqət çəkir.
- Ermənistanda Paşinyan küçə yürüşü edəndə Brüsseldə Qazaxıstan
müxalifətinin liderləri ABŞ və Avropa İttifaqının nümayəndələri ilə
Astanada hakimiyyətə gəlməyi müzakirə edirdi.
- 2018-ci ilin aprelində Qazaxıstan müxalifətinin yenə Brüsseldə
keçirdiyi qurultayda “Ermənistan inqilabı” və bu nümunənin
Qazaxıstanda tətbiqi müzakirə olunurdu. Maraqlıdır ki, “Deutsche
Welle” nəşri həmin ərəfədə “Qazaxıstan müxalifəti Brüsseldə:
Nazarbayevdən sonra nə olacaq?” sərkövhəli məqalə dərc etdi. “The
Diplomat” nəşri isə “Qazaxıstanın köhnə müxalifəti yeni nələrsə
yoxlayır” manşetini atmışdı.
- Ötən ilin mayında - “erməni inqilabı” başa çatandan sonra qazax
müxalifəti Vaşinqtona səfərində Konqres üzvləri, senatorlarla,
eləcə də USAİD-də keçirdikləri görüşlərdə “Qazaxların soyqırımının
tanınması” məsələsini müzakirə etdi. Ən maraqlısı isə 1932-33-cü
illərdə Mirzoyanın qazaxların aclığa düçar edərək, soyqırımı
törətməsinin günahkarı kimi Rusiyanın göstərilməsi, ermənilərdən
isə bəhs edilməməsi idi.
Görünən budur ki, qazax müxalifəti ilə erməni lobbisi eyni planda
yer alır. Əslində proseslərin inkişafı ermənilərin üzərində qoyulan
missiyanı anlamağa imkan verir və burada “erməni inqilabının
platforma – nümunə” olması fikri daha aydın başa düşülür.
Ermənilərin bir əsrlik missiyası: 100 il öncə
ermənilər bu bölgənin parçalanması işini həyata keçirirdi, Sevr
müqaviləsi də buna hesablanmışdı. 100 il sonra ermənilər əvvəlki
“maşa” missiyasını yenidən həyata keçirir, bu dəfə “demokratiya”
adı altında. Məhz Nikol Paşinyanın erməni diasporu/lobbisi
tərəfindən hazırlanaraq hakimiyyətə gətirilməsi buna
hesablanıb.
Bundan sonrakı dövrdə “erməni inqilabı”nın bütün bölgə üzrə
platforma olaraq istifadə ediləcəyi ehtimalı yüksəkdir. Hazırda
növbəti dayanacaq kimi Qazaxıstanın seçildiyi görünür. Mümkündür
ki, ABŞ postsovet məkanında yeni geosiyasi planlarında erməni
diasporu/lobbisini “hücum batalyonu” olaraq seçib.
Bu kontekstdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
daxilində Ermənistanın problemlər yaratması, buna rəğmən,
təşkilatda qalmaqda israr etməsi diqqət çəkir və bu, heç də
“Rusiyadan asılılıq” amilindən irəli gəlmir.
Paşinyan Ermənistanı “Putin NATO-su”na yerləşdirilmiş
minadır: təşkilatı zəiflətmək üçün daim problemlər
yaradacaq (artıq bunu edir), təşkilata üzv ölkələrin (Rusiyanın
dayaqları) ictimaiyyətinə “inqilab nümunəsi” olacaq (Qazaxıstan
üçün bu nümunə qəbul edilmiş hesab oluna bilər), ABŞ-ın Mərkəzi
Asiyaya çıxışında tramplin rolunu oynayacaq.
Burada haşiyəyə çıxaraq bir məqama diqqət çəkək:
ABŞ Qafqazda Ermənistandan öncə Gürcüstanda inqilab etmişdi və sual
yarana bilər ki, gürcülər olduğu halda, niyə ermənilər dövriyyəyə
salındı.
1. Gürcüstan inqilabı 2003-cü ildə oldu və həmin dövr dünyanın
şərtləri indiki kimi deyildi.
2. 2013-cü ildə Yaxın Şərqdəki proseslərə görə Vaşinqton Tbilisini
Moskva ilə bölüşdürməyə razılaşdı. İvanişvili krallığında
hakimiyyət bölgüsü bunu aydın göstərir.
3. 100 il öncəsinin tarixi ermənilərin daha elastik “maşa” ola
bilmək potensialına malik olduğunu göstərir.
4. Gürcülərin ermənilər qədər güclü diaspor/lobbi sistemi yoxdur və
bu sistem Vaşinqtonun Rusiya da daxil olmaqla postsovet ölkələrində
hərəkət trayektoriyasını genişləndirməyə imkan verə bilər.
Rusiyada erməni diasporunun üzvü Marqarita Simonyanın Qazaxıstan
haqqında irəli sürdüyü təklif diqqətdən yayınmır. Erməni
təbliğatçısı təklif edir ki, Qazaxıstanın şimalındakı rus əhalisinə
kütləvi şəkildə Rusiya pasportları paylamaq lazımdır.
Rusiya və ABŞ qarşıdurma şəraitində olsa da, Marqarita
Simonyanın Qərbdəki erməni diasporu ilə eyni hərəkət etmədiyinə,
elə bu təklifin də oradan gəlmədiyinə kim zəmanət verə
bilər?!
Əslində Simonyanın təklifi Qərbin Mərkəzi Asiyada yeni münaqişə
ocağı yaratmaq planından süzülmüş fikir olması ehtimalını önə
çıxarır.
Qazaxıstanda Nazarbayevə qarşı qiyam qaldırılır və ölkədə xaos
yaranır; Rusiya ABŞ-ın müdaxiləsi qarşısında Ukrayna ssenarisindəki
kimi Qazaxıstanın şimalına müdaxilə edir; Qazaxıstan parçalanır;
Ukrayna və Suriyada müharibə aparan ruslara üçüncü cəbhə açılır;
Mərkəzi Asiyada xaos ABŞ-ın bölgəyə müdaxiləsini və Çinlə gələcək
müharibədə Çin səddində möhkəmlənməyini asanlaşdırır; (Nə təsadüf ki, SWP-nin 2016-cı ildə hazırladığı
ssenari də məhz bu istiqamətdə idi ).
Proseslərin bu cür inkişafı fonunda Karakanda kiçik restoranların
birində baş vermiş qətl erməni amilini yenidən gündəmə gətirir və
Qazaxıstanda “etnik qarşıdurma” olaraq təqdim edilən etirazlar
başlanır. Bunun Qazaxıstana müdaxilə üçün “etnik qarşıdurma”nın
başlanğıcı olması və ermənilərin “maşa” missiyasını yerinə
yetirdiyi ehtimalı nə dərəcədə mümkündür?! Bu haqda düşünməyə
dəyər. Ən azı KTMT üzvləri, xüsusilə Rusiya bu haqda
düşünməlidir...
Publika.az
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO