Prezidentin müsahibəsinin şifrələri: Paşinyan Vyanadan məğlub ayrıldı
Bizi izləyin

Köşə

Prezidentin müsahibəsinin şifrələri: Paşinyan Vyanadan məğlub ayrıldı

Asif Nərimanlı

Martın 29-da Azərbaycan və Ermənistan rəhbərlərinin uzun müddətdən sonra ilk rəsmi görüşü keçirildi. Liderlər təkbətək və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə 3 saata qədər müzakirə apardılar. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinə qısa müsahibə verdi. Bu müsahibədə görüşün nəticələri və prosesin bundan sonrakı inkişafına dair mühüm detallar yer alıb.

“Bildiyiniz kimi, xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq. Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur” – Prezident İlham Əliyev bildirdi.

Vyanadakı müzakirələrdən və Azərbaycan liderinin fikirlərindən ortaya çıxan nəticə belədir:

- Ermənistanın “Qarabağdakı separatçıları danışıqlara tərəf” kimi daxil etmək və “formatı dəyişmək” cəhdləri sıradan çıxdı.

Nikol Paşinyan uzun müddətdir danışıqlar formatının dəyişdirilməsi tezisi ilə çıxış edir. O, bununla həm Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin legitimliyini qəbul etdirmək, həm də münaqişənin həllində məsuliyyəti öz üzərindən atmaq niyyətindədir. Bu niyyət fonunda Ermənistanın “format dəyişikliyi” tezisini müzakirə masasına çıxarmaqla problemin mahiyyətini arxa plana keçirmək və həll prosesini uzatmaq istəyi də var. Lakin rəsmi Bakının məsələyə müdaxiləsi işğalçı ölkənin bu planını sıradan çıxardı.

Martın 9-da Minsk qrupu format dəyişikliyinin əleyhinə ciddi bəyanat verdi. Bu bəyanatdan sonra baş tutan Vyana görüşündə Azərbaycan və Ermənistanın münaqişə tərəfləri olaraq müzakirə aparması da Paşinyanın öz tezisindən imtina etmək məcburiyyətində qaldığını göstərdi.

1. Bundan sonra Ermənistan “format dəyişikliyi” tezisini irəli sürə bilməyəcək.
2. Buna cəhd edərsə, ilk olaraq həmsədr ölkələrindən rədd cavabını alacaq və danışıqları pozan tərəf kimi qəbul ediləcək.


Doğrudur, bu, İrəvanın öz tezisini bir daha gündəmə gətirməyəcəyi demək deyil, lakin Bakı Vyana görüşü ilə işğalçını fakt qarşısında qoydu. Ermənistanın “format dəyişikliyi” tezisini dilə gətirməsi artıq “özü deyib özü eşitməsindən” başqa bir işə yaramayacaq. Çünki Vyana görüşü həmsədrlərin və onların timsalında beynəlxalq ictimaiyyətin qəbul etdiyi 3+2 formatında – Minsk qrupunun həmsədrləri və Ermənistan-Azərbaycan – baş tutdu, bu format bundan sonrakı danışıqlarda da saxlanılacaq.

Bu kontekstdə Nikol Paşinyanın görüşdən sonra erməni diasporu önündə çıxışı zamanı dediyi “münaqişə tərəfləri təmas xəttində vəziyyətin sabit olması və sərhəd kəndlərinin normal həyata dönməsi üçün səylər göstərə bilər” sözləri diqqət çəkir. Paşinyan İrəvanda “Qarabağın tərəf olması” tezisinin mənbəyi olaraq qəbul edilən “DQR” və Azərbaycan “sərhədi” yox, “təmas xətti” deyir və bu, erməni baş nazirin Azərbaycan lideri ilə görüşdən sonra öz tezisinin özü tərəfindən təkzib edilməsi deməkdir. Beləliklə, Vyana görüşü danışıqlar prosesini əvvəlki vəziyyətdə saxladı və Ermənistanın “yeni tezisini” alt-üst etdi.

- Məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə start verildi.

Prezidentin bu haqda dediyi sözlər təsdiqləyir ki, Ermənistanın problemin mahiyyətini arxa plana keçirmək niyyəti baş tutmadı. Bundan sonra müzakirə yalnız məsələnin mahiyyəti çərçivəsində aparılacaq: ərazilərin qaytarılması və beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası.

Dövlət başçısının “biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq” sözləri o deməkdir ki, “danışıqlar xatirinə danışıqlar”, yaxud, “format dəyişikliyi” kimi iddialarla prosesin axarının dəyişdirilməsi cəhdlərinə artıq yer yoxdur. Əksinə, yalnız konkret nəticələrə hesablanmış danışıqlar olacaq. Prezidentin “Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər” sözləri də bunu təsdiq edir.

Vyana görüşündən çıxan ümumi nəticə belədir: Ermənistan masada məğlub oldu və münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir.

İşğalçı ölkə substantiv danışıqlardan imtina edərsə, problemi diplomatlar yox, Azərbaycan Ordusu həll edəcək. İrəvanda bunu yaxşı anlayırlar...

Asif Nərimanlı - https://asifnerimanli.wordpress.com/

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm