Köşə
Erməni kəşfiyyatının Gəncə ETİRAFI: Yunis Səfərov planının hədəfi nə idi?
Asif Nərimanlı
“Mənim əsərimin qəhrəmanı”, bu sözlər bir il öncə “sosial etiraz” kimi təqdim etməyə çalışdıqları Gəncə hadisələrinin əsl mahiyyəti haqqında böyük etirafdır.
Erməni xüsusi xidmət orqanlarının layihəsi olan OTV-nin rəhbəri Zabil Məhərrəmov (Madoj) sosial şəbəkə hesabında Gəncə teraktının icraçısı Yunis Səfərovun Suriya döyüşlərində iştirakını əks etdirən videogörüntüləri yayıb və bu sözləri yazıb. Madojun etirafı və Y.Səfərovun Suriyada döyüşməsi ilə bağlı yayılan kadrlar Gəncə hadisələrini “hakimiyyətə qarşı qiyam” kimi təqdim etməyə çalışanların əslində hansı oyunun içində olduqlarını ortaya çıxardı.
Və ən dəhşətlisi odur ki, bu qruplar Gəncə hadisələrinin ildönümündə ortaya çıxan bu faktlarla bağlı susqunluq nümayiş etdirirlər. Doğrudur, deməyə sözləri yoxdur, lakin bu xalqı, bu dövləti sevdiklərini iddia edirlərsə, ən azından səhv etdiklərini etiraf etməlidirlər. Misal üçün, Y.Səfərovu “haqq-ədalət carçısı” kimi təqdim edənlərdən ekspert-kriminalist İlqar Altay səhv etdiyini etiraf edir:
“Yunis Səfərov Hüseynçilər təşkilatının üzvü olub? Bu ölkədə rejim dini və döyüş təlimi keçib? Həzrəti Zeynəbin əsgəri olub? Palmir döyüşlərində İran islam fədaisi kimi iştirak edib? Bu video-faktlar nə dərəcədə doğrudur, dəqiq araşdırılmalıdır bu. Əgər bu belədirsə çox təəssüf. Yunis Gəncənin icra başçısını güllələyən ilk andan onu bir haqq ədalət keşikçisi bilərək ilk müdafiə edən oldum... İndi belə çıxır ki, Yunis Səfərovun o hərəkəti, İran kəşfiyyat və agentura şəbəkəsinin ölkəmizə qarşı təxribat planı imiş, yayıma görə? Və həm belə nəticə çıxır ki, Yunis hadisəsindən az sonra Gəncədə meydanda iğtişaş yaradılma və iğtişaşçılarla sakit izah, söhbət aparan polis rəhbər polkovniklərinin qəflətən xəncərlənməsi vəhşiliyi də, eyni İran təxribatının davamı olub?... İmkan vermək olmaz ki, ermənipərəst İran, hər dəfə ölkəmizə bir, Nardaran, ya Gəncə təxribatı ortaya atıb, polis zabitləri öldürtdürüb, öldürən dini-fanatlaşdırdığı gəncləri tutdurub, sonra da insan hüquqları şivəni salıb özü kənarda durub da bizim ölkəmizi qarışdırsın, sabitliyi sarsıtsın”.
Bu, Gəncə hadisələrini “sosial etiraz” kimi təqdim edən, “hakimiyyətin vəhşiliyi” kimi təqdim edənlərin yanıldığını təsdiqləyir və burada ən azı səhv etdikləri ilə bağlı etiraf var.
Bu etirafı AXCP sədri Əli Kərimli və onun timsalında hadisələrdən siyasi xal qazanmağa çalışanlar da etməlidir. Çünki ortada Azərbaycan dövlətinə qarşı sui-qəsd planının həyata keçirilməsi var idi, hərçənd, Əli Kərimli və ətrafındakılar Y.Səfərovu “qəhrəman” kimi təqdim edir, “hakimiyyətin ona zülm etdiyini” iddia edirdilər. Müxalifət ən azından indi – Y.Səfərovun Suriyada döyüşən ekstremist olduğu və hansı dairələrin sifarişini yerinə yetirdiyi ortaya çıxandan sonra səhv etdiyini dilə gətirməlidir. Bunu etmirlərsə və sanki heç nə olmamış kimi susurlarsa, onların Azərbaycana qarşı sui-qəsd planında yer aldığı fikri güclənir, halbuki, proseslərin inkişafı və faktlar da bunu təsdiqləyir.
Y.Səfərov İranın radikal dini dairələrinə bağlı olan “Hüseyniçilər” qruplaşmasının döyüşçüsü olub. Bunu eyni dairələrin informasiya ruporu kimi çıxış edən “nur-az.com” saytı və eyni adlı Facebook səhifəsi “qəhrəmanlıq dastanı” kimi tirajlayır. “Nur-az-com”un rəhbəri İsgəndər Hüseynzadədir. Bu şəxs 1966-cı ilin 27 yanvar tarixində Cəlilabad rayonunda anadan olub. 1996-cı ildə ailəsi ilə birlikdə İranın Qum şəhərinə köçüb. 2008-ci ildə onun haqqında “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi açılıb. Həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
“Hüseyniçilər” (“Hüseyniyyun”) qruplaşması keçmiş Azərbaycan vətəndaşı Tohid İbrahimbəyli tərəfindən 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlində Qum və Məşhəd şəhərlərində dini təhsil alan azərbaycanlı tələbələrdən yaradıb. Bu şəxs Nardaran hadisələri və Tale Bağırzadə ilə bağlı Azərbaycana qarşı ekstremist çağırışlar edib, eyni fəaliyyət bu gün də davam edir. Rusiya vətəndaşı olan Yunis Səfərov da “Hüseyniçilər”in azərbaycanlı üzvlərindən biridir. Suriyada İranın dini dairələrinə bağlı qruplaşmanın tərkibində Palmiranın azad olunmasında aktiv iştirak edib.
Səfərov üzvü olduğu qruplaşma tərəfindən 2018-ci ildə Azərbaycana göndərilir və ötən ilin 3 iyul tarixində Gəncədə terror aktını həyata keçirir. Onun vəzifəsi bu idi, sonrakı proseslər, yəni şəhərdə iğtişaşların başlanması və küçə döyüşlərinə çevrilməsi üçün hazır plan dövriyyəyə daxil edilir. Hədəf Azərbaycanı məhz Gəncədən vurmaq idi:
- 2018-ci ilin 28 mayında ABŞ-ın nüfuzlu “Foreign Policy “nəşri “Gəncə keçidi”nin Qərb üçün əhəmiyyəti haqında yazı dərc etmiş, baş verəcək təxribatlar haqda xəbərdarlıq etmişdi.
- 2018-ci ilin 12 iyun tarixində Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihələrin əsas hissələrindən biri – TANAP-ın istifadəyə verildi.
- 2018-ci ilin 3 iyununda Rusiya vətəndaşı olan İranın radikal dini dairələrinə bağlı “Hüseyniçilər” qruplaşmasının üzvü Yunis Səfərov Gəncədə terror aktını həyata keçirdi.
Bu üç faktı düzgün oxuyanda Gəncə hadisələrinin hədəfi və arxasındakı qüvvələr aydın olur. Lakin faktlar Gəncə terrorunda region ölkələrinin bəlli qrupları ilə yanaşı, erməni xüsusi xidmət orqanlarının da yer aldığını aydınlaşdırır.
Yunis Səfərovun qəhrəmanlaşdırılması və onun adına bağlı hərəkatın yaradılması ideyası erməni xüsusi xidmət orqanlarına işləyən Zabil Məhərrəmov tərəfindən ortaya atıldı və məlumdur ki, bu, İrəvanın mətbəxindən çıxan təşəbbüsdür. Z.Məhərrəmov “aprel müharibəsi” zamanı Ermənistan ordusunun uniformasını geyinərək, Azərbaycana qarşı fikirlər səsləndirirdi. Bu yaxınlarda İrəvanda keçirilən konfransda erməni kəşfiyyatına bağlı olan Zahirəddin İbrahimi ilə birlikdə iştirak edib. Konfrans Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşı, Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın rəhbərik etdiyi və Azərbaycanda etnoslararası və məzhəblər arası sülh mühitini pozmaq üzrə ixtisaslaşmış qrup tərəfindən təşkil olunub. Konfransda Nardaran hadisələrinin təşkilatçısı Taleh Bağırzadə Azərbaycanda “yaşıl inqilab”ın lideri elan edilib. Faktlar Gəncə hadisələrinin arxasında erməni xüsusi xidmət orqanlarının da əlinin olduğunu təsdiqləyir. Zabil Məhərrəmovun Yunis Səfərovu “Mənim əsərimin qəhrəmanı” olaraq təsdiq etməsi isə bu faktların açıq etirafıdır.
Gəncə terrorunun qarşısı operativ şəkildə alınmasaydı:
- Vətəndaş qarşıdurması yaranacaqdı;
- Böyük enerji layihələrinə zərbə endiriləcəkdi;
- Ermənistan cəbhədə hərbi təxribatlara başlayacaqdı;
- Separatçılar hərəkətə keçəcəkdi;
- Və nəticə etibarilə Azərbaycan Yaxın Şərq xarabalığına çevriləcəkdi;
Bu ssenaridə regiondakı bəlli qüvvələrin öz, işğalçı Ermənistanın öz maraqlarının olduğu bəllidir. Bəs, Azərbaycan müxalifətinin, xüsusilə dövlətə qarşı sui-qəsdi “sosial narazılıq” kontekstində təqdim edən və terrorçu Yunis Səfərovdan Çe Gevara düzəltmək istəyən AXCP və Milli Şurada təmsil olunanların və onlara rəhbərlik edən Əli Kərimlinin hansı marağı var idi?
Xarabalığa çevriləcək ölkədə iqtidara gəlmək. Sualın cavabı budur və bu cavabın reallaşması üçün Əli Kərimli əlindən gələni etdi.
Və məsələ heç də Əli Kərimli və komandasının Gəncədə baş verənlərdən siyasi Olimpə yüksəlmək üçün istifadə etməsi deyil, əsas məsələ siyasi müxalifət adına iddia edən bu qüvvələrin dövlətə qarşı sui-qəsd planında əvvəldən yer alması və hadisələrin bu səviyyəyə qədər çatdırılmasında pay sahibi olmasıdır.
- 2005-ci ildən etibarən AXCP Azərbaycanda dinin siyasiləşməsi prosesində aparıcı tərəflərdən biri olaraq iştirak edir və siyasiləşmiş dindarları öz çətiri altına toplamağa çalışırdı.
- 2013-cü il prezident seçkilərində İslam Partiyasının Milli Şuraya gətirilməsinə çalışdılar.
- Nardaran hadisələrinin təşkilatçısı Tale Bağırzadəni 2015-ci ilin əvəllərində Milli Şuraya üzv etdilər.
- 2015-ci ilin noyabrında Nardaranda dövlətə qarşı silahlı hücum başlayanda Əli Kərimli müavini Fuad Qəhrəmanlının dili ilə Tale Bağırzadə və qruplaşmasının müdafiəsini təşkil etdi. Dövlətə qarşı çağırışlarına görə F.Qəhrəmanlı həbs olundu. 2019-cu ildə F.Qəhrəmanlı dövlət başçısının əfv sərəncamı ilə azadlığa çıxan kimi “Hizbullah” ideologiyasına söykənən fikirlər səsləndirdi.
- 2018-ci ilin 3 iyununda Gəncə hadisələri zamanı Əli Kərimli və komandası, o cümlədən, “siyasi mühacir” adı altında Yunis Səfərovun qəhrəmanlaşdırılması prosesində aktiv iştirakçı oldular.
Terrorçunun qəhrəman edilməsi prosesində Azərbaycan daxilindəki müxalifətlə “siyasi mühacir” adı altında Avropaya sığınanların eyni aktivliklə iştirakı və bunun fonunda “Səfərovun qəhrəmanlaşdırılması” ideyasının erməni xüsusi xidmət orqanlarına işləyən Zabil Məhərrəmov tərəfindən ortaya atılması erməni kəşfiyyatının Avropada “siyasi mühacir” ovunu həyata keçirməsi və azərbaycanlıları “siyasi mübarizə” adı altında ələ almasına dair faktları yada salır. (Oxu: Erməni kəşfiyyatının “mühacir ovu” və separatçıların Qarabağ PLANINDA YERİ). “Ələ almaq işi”ndə Leyla Yunusdan tutmuş Əlikram Hümbətova qədər böyük şəbəkə aktiv şəkildə işləyir.
Bu faktlar və faktların fonunda baş verənlər Milli Şuranın və “siyasi mühacir” adı altında “iqtidara qarşı mübarizə” apardıqlarını iddia edənlərin əslində Azərbaycan dövlətə qarşı planda bu və ya digər formada iştirakını təsdiqləyir. Əgər belə deyilsə, xüsusilə Madojun etirafı və Yunis Səfərovun Suriyada döyüşdüyünə dair kadrların ortaya çıxması dövlətə qarşı sui-qəsdi “sosial etiraz” kimi təqdim edənlər və terrorçunu qəhrəmanlaşdıranlar, xüsusilə Əli Kərimli cəmiyyətə hesabat verməli, ən azından səhv etdiklərini dilə gətirməlidirlər. Əgər etməsələr və susmağa davam etsələr, bu, onların da dövlətə qarşı hücumda iştirakçı olduğunu etiraf etməsi deməkdir. Çünki bu məsələ Azərbaycanın yeni siyasi tarixinin dönüş nöqtəsidir, hər-halda cəmiyyət onun problemləri üzərindən siyasi oyunlar düzəldib, arxa planda dövləti hədəf seçənlərin siyasi səhnəni tərk etməsini istəyir...
-
Ekologiya07:17
Leysan, şaxta, qar... - Sabahın havası
-
Avropa06:16
150 milyon yaşı olan dinozavr skeleti görün neçəyə satıldı...
-
Magazin105:45
“Hamının ayaqqabısına baxıram, sonra ağlına” - FOTO
-
MDB04:14
Güclü zəlzələ Rusiyanı SİLKƏLƏDİ
-
Sosial03:43
Hədə-qorxu ilə ailə quran kişidən ŞOK İDDİA: uşaq məndən deyil - VİDEO
-
İdman01:41
“Barcelona” prezidenti Zəfər Parkını ziyarət etdi - VİDEO
-
Səhiyyə01:11
Bakıda tanınmış həkim vəfat etdi - FOTO
-
Magazin100:30
Fatimə qadağan olunmuş yerdə FOTO ÇƏKDİRDİ