Azərbaycanda vəziyyəti ağır olanlar...
Bizi izləyin

Köşə

Azərbaycanda vəziyyəti ağır olanlar...

Asif Nərimanlı

Bu gün iki Azərbaycan var: biri, normal şəkildə inkişaf edən, gündəlik həyatın öz axarında getdiyi, gələcəyə olan ümidlərin hər gün daha da böyüdüyü real Azərbaycan, digəri isə keçmişdə radikal müxalif cəbhədə yer almış, hazırda isə radikallığa bədbinlik, ümidsizlik yükləyərək izləyicilərinə təqdim edən bloqçu fəaliyyəti ilə məşğul olanların təsvir etdikləri, daha doğrusu, görmək istədikləri virtual Azərbaycan.

“Vəziyyət çox ağırdır və hər gün ağırlaşmaqda davam edir” deyə AXCP adına qalmış virtual bloqçular dərnəyinin üzvləri baş bloqçunun leksikonunu inkişaf etdirir, hərçənd, sual yaranır: reallıqda vəziyyəti ağır olan Azərbaycandır, yoxsa Azərbaycanı ağır vəziyyətdə görmək istəyənlər?!

Beynəlxalq müstəvidə sülhün, sabitliyin, inkişafın olduğu ölkələr xoşbəxt ölkələr sırasına daxil edilir. BMT-nin 2018-ci ilin nəticələrinə uyğun olaraq, 2019-cu il üçün hazırladığı Dünya Xoşbəxtlik Hesabatında Azərbaycan 156 ölkə arasında 87-ci yerdə qərarlaşıb. Cənubi Qafqazda ölkəmiz Ermənistan (128) və Gürcüstanı (129), həmçinin, MDB məkanında əksər ölkəni böyük göstərici ilə qabaqlayıb. Bu hesabatı Azərbaycan iqtidarı yox, dünyanın ən ali təşkilatı hesab olunan BMT hazırlayıb.(https://s3.amazonaws.com/happiness-report/2018/WHR_web.pdf) BMT-nin Davamlı İnkişaf Həlləri Şəbəkəsinin mütəxəssisləri tərəfindən hazırlan hesabatda əsas götürülən faktorlar ÜDM-nin göstəricisi, orta ömür müddəti, fərdi azadlıq, xalqa sosial dəstək, əhalinin rifahı və təhlükəsizlikdir.

- 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul 1,4 faiz artıb, əhalinin hər nəfərinə düşən ÜDM 8126,2 manat, yaxud 4780,1 ABŞ dolları təşkil edib. 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM 2,5 faiz (2018-ci ilin yanvar-iyul aylarında artım 0,2 faiz) artıb. Bu dövrdə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 4 min 499,5 manat təşkil edib. Statistik məlumatlara görə, hesabat dövründə tikinti istisna olmaqla bütün sahələrdə artım qeydə alınıb (azalma 9,1 faiz). Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,2 faiz artacağını proqnozlaşdırır.

- Azərbaycanda orta ömür müddəti 75,2 ildir və statistika bu müddətin uzandığını göstərir.

- Azərbaycanda fərdi azadlıq, o cümlədən, söz, mətbuat və fikir azadlığı təmin edilib. BMT-nin məlum hesabatında bu açıq şəkildə ifadə olunur, xüsusilə internetə çıxış imkanı müasir dünyada fərdi azadlığın əsas elementi sayılır ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti bu imkana sahibdir.

- Dövlətin xalqa sosial dəstəyi hər yarım il müddətində artır: sosial müavinətlərin, minimum əmək haqlarının, pensiyaların mütəmadi olaraq artırılması sosial siyasətin əsasını təşkil edir. Azərbaycanda xalqın rifah səviyyəsi beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir.

Cari ilin başlanğıcından indiyə qədərki müddətdə dövlət başçısı sosial müavinətlərin, minimum əmək haqlarının, minimum pensiyaların artırılması ilə bağlı sərəncamlar imzalayıb və nəticədə 80 faiz artım olub. Bununla yanaşı, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Xalqa dəstək prinsipinə əsasən dövlət böyük maliyyə tutumuna baxmayaraq problemli kreditlər məsələsini kökündən həll etdi, o cümlədən, əhalinin rifahına birbaşa təsir edəcək mühüm addımlar atıldı. Bütövlükdə bu ilin əvvəlində çox böyük sosial paket təsdiqlənib və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir.

Bütün bunlar Azərbaycanda baş verib və xalq dövlətin dəstəyini gündəlik həyatında hiss edir. Və əksinə, Azərbaycanda indiyədək əldə edilən bütün nailiyyətlərin, sabitliyin, kökündə xalqın dövlətə dəstəyi, etimadının yüksək olması durur. Lakin kimlərsə xalqa “Sən gördüklərin yanlışdır, əslində hər şey qara rəngdədir” formasında ağıl öyrətməyə çalışır.

Onlara Azərbaycanın “2018 İqtisadi Azadlıq” indeksində irəliləyərək, 180 ölkə arasında 60-ci yerdə qərarlaşdığını, Asiya-Sakit Okean regionunda 43 ölkə arasında 14-cü yerdə olduğunu, sözügedən indeks üzrə bəzi inkişaf etmiş ölkələri də qabaqladığını, MDB-də əksər ölkəni geridə qoyduğunu, mövqelərini “İnklüziv İnkişaf indeksi”, “Doing Business” və “Qlobal Rəqabətlilik İndeksi”ndə gücləndirdiyini, dünyanın ən islahatçı 10 ölkəsi sırasında olduğunu və bütün bunların məhz dövlətin apardığı islahatların nəticəsində əldə edildiyini də deyə bilərik, hərçənd, faydası yoxdur, çünki bəziləri reallıqlara öz virtual pəncərəsindən baxır və onların pəncərəsindən içəridə vəziyyət həqiqətən də ağırdır.

Əgər 30 il eyni mövqedə eyni postda bardaş qurub, eyni xəyallar qurursunuzsa və bu 30 ildə dünyada hər şeyin dəyişməsinə baxmayaq dəyişmirsinizsə, vəziyyətiniz olduqca ağırdır...

1993-cü ildə Yusif Sərrac oyunu oynamaq istəyirdiniz və sizə elə gəlirdi ki, “kəvakibi aldadaraq”, müvəqqəti gedib geri dönəcəksiniz, yarımçıq qalmış hakimiyyətinizi “bərpa məqsədilə” Demblok deyilən qurum da yaratmışdınız;

1998-ci ildə Demblokdan əl üzüb SİDSUH, DUB və müxtəlif səslənişli abreviaturalarla işarələnən yeni qurumlar yaradıb, “ölkədə vəziyyət ağırdır” biz gəlirik deyə anons etdiniz;

2003-ci ildə “Qələbəyə kimi siz gəlin sonra biz aparacağıq” anonsu verdiniz, paytaxt küçələrinin köbərlərini (bardürləri) sökdürüb silahlandınız;

2005-ci ildə Ukrayna və Gürcüstan hadisələlərindən ruhlanıb narıncıya büründünüz, ölkəni “Bizim Azərbaycan” və “digərlərinin Azərbaycanı” adlı fərqli qütblərə bölməyə təşəbbüs etdiniz;

2010-cu illərdə ərəbləşdiniz, 2013-cü ildə hakimiyyətə Maydandan gəlmək arzusu ilə Kiyevin küçələrində gecələyirdiniz;

2018-ci ildə Paşinyanın Sarkisyanı devirməyindən cuşa gəldiniz və bu gün də hakimiyyətə gəlmək eşqi ilə Paşinyan belə olmağa hazırsınız...

Bu illər ərzində hər şey dəyişdi, siz qollarınızı çırmayıb “gəlirik” deməyə başladığınız ildə birinci sinfə gedənlər bu gün gənclərlə bağlı çoxsaylı proqramlardan bəhrələniblər, xaricdə təhsil alıblar. Sosial ipoteka ilə mənzil şəraitini yaxşılaşdırıb, ölkənin idarəçiliyində iştirak edirlər, siz hələ də gəlirsiniz...

Bu müddətə ərzində ölkədə yeni nəsil yetişdi, bu nəsil uğurları ilə dünyaya səs saldı, Azərbaycan beynəlxalq müstəvidə sözü eşidilən oyunçuya çevrildi, dünyanın enerji xəritəsi Bakıda cızılır, siz hələ də gəlirsiniz...

Ordumuz bayrağımızı azad etdiyi ərazilərdə dalğalandırdı və Qarabağa böyük qayıdışın yolunu çəkdi, siz hələ də hakimiyyətə qayıdış cığırındasınız...

Və elə o cığırda da qalacaqsınız. Çünki 26 ildir “bəlkə qaytardılar” eşqi ilə bu ölkənin düşməni olanlardan imdad diləyirsiniz və bu müddət ərzində ən böyük intibahınız “samizdat”dan, xunveybin daszıbaoları, bolşevik intibahnamələri sayaq çap nəşrlərindən, siyasi fəaliyyətdən, parlament kürsüsündən, köşə yazarlığından virtual aləmə, bloqçuluğa daşınmanız, sizə ümid edən 3-5 nəfər sosial narazı hərəkatçı ziyalının vulqarizmlərlə, məişət-küçə söyüşləri ilə silahlanmış yaxın qohumlarınız və qapalı çevrənizlə əvəzlənməsidir.

İndi anladınızmı, gerçəkdə vəziyyəti ağır olan Azərbaycandır, yoxsa sizlər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm