Safoşun nə qədər pulu var? - Bəzi pıç-pıçlara görə...
Bizi izləyin

Köşə

Safoşun nə qədər pulu var? - Bəzi pıç-pıçlara görə...

Sual məşhur estrada teatrının 2008-ci ildə təqdim etdiyı bir səhnəcikdən götürülüb. Səhnəcikdə guya Nyu-Yorkdan reportaj hazırlayan telemüxbir deyir ki, Safoşun pulunu ifadə edəcək numerativ söz kəşf olunmadğından, onun adı “Forbes”in milyraderlər siyahısına salınmayıb. Yəni Safoşun pulu hansısa 10-15 rəqəmli məbləğdədir. Təbii ki, yumordur, zarafatdır, şuxluqdur. Amma rus demişkən, hər zarafatda bir həqiqət payı da var. Həm də qəribəsi o idi ki, həmin teatra uzun illər şərti olaraq Safoş deyəcəyimiz şəxs(lər) sponsorluq edib, film də çəkdiriblər. Belə özünü gözə soxmaq, dilə-dişə salmaq Safoşun nəyinə lazım idi? Cavabını bir azdan bilərsiniz, hələlik Safoşun özünü tanıyaq.

Safoş(lar) elə-belə oğlan deyildi(lər) ha, ötkəm, atıb- tutan, vurub- keçən oğul(lar) idi(lər). Sevdikləri, zövqlərinə uyğun toy müğənnilərinin şahid olduğunuz gülməli, bambılı səhnələrlə, fanat hücumları ilə müşayiət olunan qastrollarını, konsertlərini təşkil edirdilər. Bu günlər yayılan çox “dəhşətli”, çox “şok”, çox “gizli” xəbərlərdən də bildiyiniz qədər hansısa müğənniyə 8 milyonluq villa bağışlayıblar. Kliplər çəkdirib, öz şənlərinə mahnılar yazdırıblar. Xoşlarına gələn saytlara himayədarlıq ediblər, öz media şəbəkələrini qurublar, döşlərinə yatan şəxslərdən alim də düzəldiblər.

Əks tərəf də borclu qalmayıb: palaz- palaz yazılar yazıb. Dolların göyümtül ziyasının bütün qapıları aça bildiyi zamanlarda əlləri titrəmədən 5 -10 min dollar sanayıb tanınmış müxalif spiçrayterə yazdırdıqları çıxışı Safoşa ərməğan ediblər ki, nitq irad edəndə intellektual, bədiiyyata aşina biri kimi görünsün. Xaricdə, xüsusən türk mediasında PR-nı aparıblar. Gecə məclislərində tamadalıq ediblər. Məclisin yiyəsi razı qalsın deyə “düt” deyincə içib açarlarını itiriblər. Bəzi pıç-pıçlara görə, o məclislər “ellər atası”nın 1930-lardakı məclislərinə bənzərmiş, tamadalar da onun tamadaları kimi hazırlıqlı olarmış. Əvvəl tamadalar öz işlərini aşırar, “а потом Боржоми”. Digər təfərrüatlar? Bilməyənlər bilənlərdən xəbər alsın.

Bir sözlə, Safoşlar və safoşzadələr tam öz zövq(süzlük)lərinə uyğun ağ və qara güruh yetişdirblər. Amma insafsız olmayaq. Guya yalnız Safoşmu öz zövqünə uyğun kütlə yetişdirməyə çalışıb?

Məsələn, Cey Lonun azəri versiyasını hazırlayıb bizi feyziyab edənlər, Şakiraya, Kirkorova azərbaycanca mahnı oxutduranlar, vətənpərvərliyi, bir ətək pul töküb qabağına çıxana “Sarı gəlin”i mızıldatmaq kimi anlayanlar , ser gey Elton Conun, boşnaklara qarşı soyqırıma haqq qazandıran Emir Kusturitsanın Bakı səfərlərini təşkil edənlər, hansısa mənasız rus blogerinə görə izdiham yaşadanlarımız da var axı. Bu, day provinsial zövqlü Safoşun, safoşzadələrin işi-işləyi deyil. Ortaya Qaqulya-maqulya, Qalik-valik zövqləri girib. Və milli burjuaziya saydıqlarımız yaxşı halda vətənpərvərlik adına çığaraqçılıq sırıyıblar, adi halda isə qeyri-milli, bəzən də antimilli zövq təbliğ ediblər və edirlər də. Uzaq 90-larda, deyəsən, Zərdüşt bəy milli burjuaziyanın milli mədəniyyəti inkişaf etdirəcəyi haqda yaranmış illüziyalarımızı bədbin proqnozu ilə dağıtmışdı-milli mədəniyyət yox, çuşkizm və qədeşizm inkişaf edəcək. İndi o proqnozun özünü doğrultduğu dövrdəyik. Amma bir düzəlişlə; bu iki antimədəniyyət cərəyanına çığaraqçı ulrtrapatriotizm və antimilli nihilist kospomolit zövqlər də əlavə olunub...

Bəs Safoşu, İramoşu, Qaqulik(lər)i belə qüdrətli edən nədir? Əlbəttə, pul. Pul necə qazanlıb? Etimadı, mənsəbi kapitala çevirmək bacarığı, beytül-mala şəxsi əmlakıymış kimi sərəncamvermə həyasızlığı, öz suçunu başqalarına yük eləmək sırtıqlığı sayəsində.

Nəhayətdə gələk keçmiş sovet müəllimlərinin şakərinə uyğun məşğuliyyətə - yəni özgəsinin, indiki halda Safoşların pulunu hesablamağa. Safoşların nə qədər pulu var? A kişilər, a xatunlar, əl-insaf. Bilirik ki, səhnəcikdə iddia olunan miqdar Safoşluq deyil. Acıq vermək, “mən hamıdan qüdrətliyəm” demək, sərvətlərini hər anda itirmək təhlükəsi hiss edən şəxsin qorxularını, fobiyalarını basdırmaq üçün sifariş edilmiş səhnəcikləri ciddiyə almayın. Bu, adi nuvoriş (sonradan böyük pul görən adam, yəni görməmiş) kompleksidir. İndi nuvoriş kompleksi öz əleyhinə işləyir. Bütün etdiyi və etmədiyi, dini və qeyri- dini kəbairin hesabı ondan sorulur: Zilli-sultan, bura say, döydürüb aldıqlarını! Söyüb aldıqlarını, söydürüb aldıqlarını! (M. Sabir) Sizsə o şakərdən əl götürün. Başqalarının pulunu saymaq yöndəmsiz məşğuliyyətdir. Çalışın, öz cibinizdə öz pulunuz olsun. Amma lütfən, halal qazanın, söyüb aldıqlarınız, söydürüb aldıqlarınız bir gün gəldiyi kimi də gedəcək. Hərdən ilahi ədalətə inanın...

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm