Türkiyənin halları, serialları və atalar sözləri
Bizi izləyin

Köşə

Türkiyənin halları, serialları və atalar sözləri

Türkiyədə prezidentliyinə sabiq namizəd Məhərrəm İncə seçkilərin birinci turundakı məğlubiyyətə görə müxalifətin əsas liderinin etiraflarını tənqid edən uzun yazısını “Bada harabil Basra” (Bəsrə dağılandan sonra) atalar sözü ilə bitirib. Düzü, bu ərəb atalar sözünün türklərdə də olduğu kimi işləndiyini bilmirdim. Onun yaranmasının maraqlı bir tarixçəsi var və Türkiyədəki antimiqrant diskursun güclənməsi kontekstinə də çox uyğundur.

Orijinalı belədir-“ bədə xərabi-l-bəsra mə təfidu-l-xəsra” (hərfən: Bəsrə dağılandan sonra peşmanlıq fayda verməz. Azərbaycanca qarşılığı yerinə görə -“daldan atılan daş topuğa dəyər” də ola bilər, belə də - “Qonaq güc gəlsə, ev yiyəsin evdən qovar”).

Tarixi mənbələrə görə, Abbasilər xilafəti dövrü Bəsrənin hakimləri və varlıları torpaqlarını əkib-becərmək, şəhərsalma işlərində işlətmək üçün indiki Şərqi Afrika sahillərindən 10 minlərlə fəhlə (əməkçi miqrant) və qul cəlb ediblərmiş. Həmin ərazilərin ərəb dilindəki ənənəvi adı ilə onlara “zənci” deyilirdi. Bəsrədə zəncilər özləri kimi kənizlər, bəzən də yerli qadınlarla nikahlar sayəsində daha da artıb çoxalmışdılar. 869-cu ildə mərkəzi hakimiyyətə qarşı üsyan bayrağı qaldıran bir yerli ağdərili ərəb özünü Mehdi elan edir və zəncilərə də azadlıq vəd edir. Vədə inanan minlərlə qul üsyana qoşulur. Bütün Cənubi İraqı ələ keçirən zəncilər Bəsrəni xaraba qoyub şəhər yaxınlığındakı kiçik bir qəsəbəni özlərinə paytaxt seçirlər. Yalnız 15 il sonra miqrantların qurduğu “dövlətin” varlığına son qoyulur.

Halbuki üsyandan əvvəl bu qədər əməkçi miqrant və qul gətirilməsinin təhlükəli olması, onların ya geri qaytarılması, ya da mümkün sosial iğtişaşların qarşısının alınması üçün İslamı qəbul edənlərin şəriətin tələbinə uyğun dərhal azad olunması haqda çağırışlar edilirdi. Bu çağırışlar yalnız Bəsrə dağılandan sonra ciddi qəbul olunmağa başlandı. Artıq gec idi.

Həmin zəncilərin nəsilləri indi də İraqda yaşayır, yerli əhali ilə müəyyən qədər qarışsalar da, hələ də cəmiyyətə tam inteqrasiya etməmiş böyük icmadırlar (təxminən 2 milyon nəfər, başqa sözlə, İraq əhalisinin 10 faizə qədəri).

Bu tarixi narrativ Türkiyədəki antimiqrant, ksenofobik ovqatla oynamaq üçün çox yararlı olardı. Amma suriyalı qaçqınlar, doğrudanmı belə təhlükə mənbəyidir?

Müxalifətin əsas namizədi II turda ultramillətçilərin (Zəfər Partiyası və prezidentliyə namizəd Sinan Oğanın) səslərinə də iddialıdır. İlk seçkiqabağı çıxışını antmiqrant notlar üzərində qurub. Sanki Suriya ilə normallaşma istəyən, Bəşər Əsədlə görüşən, Kaftancıoğlunun diliylə suriyalıların “inteqrasyon”u üçün proqram hazırlayacaqlarını deyən komandanın rəhbəri bu deyilmiş. Sanki yatıb- durub xəyallarında Suriyanı yeni Osmanlı Millətlər Birliyinin bir parçası kimi görən Əhməd Davudoğlu ilə koalisiya quran da başqa birisiymiş.

Avstriyada, Hollandiyada antimiqrasion şüarlarla silahlanmış partiyalar hakimiyyətə gələndə təəccüb edirdik. Rusiyada 2005 seçkilərində Dmtri Roqozin və Sergey Qlazyevin “Rodina” partiyası “Ponayexali tut klipi” də ciddi qalmaqal yaratmış, Moskvanın azərbaycanlı icması partiyaya qarşı məhkəmə iddiası da qaldırmışdı.

Niyə azərbaycanlılar Rusiyaya, xüsusən “üç paytaxt”a-Peterburq, Moskva və Nijni-Novqoroda axın edir, “ponayexali tut” ikrahına ünvan olurlar?

Niyə zəncilər Abbasilərin, “Bund” dərnəyinin açkenazi fəalları (eser, bolşevik və menşevik liderləri) Rusiyanın dağılmasında xüsusi rol oynayıb?

Niyə dünənki hindistanlı, banqaladeşli və pakistanlılar anqlosakson ölkələrində bu qədər yüksək postlar tuturlar?

Cavab sadədir: bu, imperiya yüküdür, metropoliya olmağın kiminə mükafatı, kiminə də cəzasıdır. Bir zamanlar metropoliya olmuş, indi də keçmiş müstəmləkə ərazilərinə öz həyati maraq zonası kimi baxan (başqa sözlə, yeni qlobal və ya regional güc kimi ortaya çıxmaq istəyən) bütün dövlətlərin qisməti belədir.

Ötən əsrin 90-cı illərində azərbaycanlılar Rusiyanın çökməkdə olan iqtisadiyyatının xilası sayılırdı: Moskva meri Yuri Lujkov bizim icma ilə görüşdə Moskva büdcəsinin üçdən birini formalaşdırdıqları üçün onlara təşəkkür edir, Jirik onları indi də gedib Arxangelsk və Murmanskı ayağa qaldırmağa çağırırdı. Rusiya qəddini düzəldən kimi “ponayexali tut” isteriyası başladı, Çerkizovda bazarlarını partladıb onlarla azərbaycanlını terror etdilər, sonra da işi xırda xuliqanlıq maddəsi ilə bağlayıb itirib-batırdılar. Bir tərəfdən cəlbedici olmaq üçün bütün keçmiş sovet vətəndaşları rus pasportu ala bilərlər deyilir, digər tərəfdən azacıq uğurlular “dazbaşla”rın bıçağına qonaq edilirdi. Bir yandan sovet beynəlmiləlçiliyi, nə bilim pravoslav-şiə, türk-slavyan, çöl-meşə ortaqlığı haqda tavtologiyalar təbliğ olunur, o yandan Soljenitsinin rus ruhunu qorumaq üçün bütün Qafqazdan və qafqazlılardan xilas olma çağırışları ciddi-ciddi, hətta I şəxslə ziyalıların görüşündə müzakirə olunur. Amma Ukrayna savaşı başlayan kimi yenidən “ya rossiyskiy azerbaydjanetes-ya russkiy” klipi dövriyyəyə buraxılır.

Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” romanını xatırlayırsınız. Ailə artıq boğazdan xilas olmaq istəyilə qızlarından birini- Neclanı suriyalı bir tacirə ərə verir. Qız yalnız Suriyaya çatanda günü kimi gətirildiyini anlayır. Amma bu taleni qəbul etməli idi; İstanbulda qalıb məşuqəliyi seçən bacısının taleyindənsə, bəlkə belə daha yaxşı idi. R.Güntəkin kemalist quruluşun məmuru olub, kemalist islahatların həyata keçirilməsində də iştirak edib, amma əsərləri o dövrü bu qədər sərt boyalarla təsvir edən səhnələrlə doludur. Romandakı Əlirza obrazının da kimə işarə olduğunu anlamaq elə də çətin deyil. Əslində sərt boya da deyil, acı tarixi reallıqdır. O zaman daha çox Şam ölkələrinə ərə verilən qızlara “şamlı, ya suriyalı gəlin” deyilərdi. Şimali Kipr türkləri də o illər eyni taleni yaşamışdılar. Kipr türklərinin ilk milli lideri Fazıl Küçükün xanımı Süheyla Küçükün xatirələrində o zaman, artıq boğazdan xilas olmaq naminə Şam ölkələrinə ikinci, üçüncü arvad kimi ərə verilən türk qızlarından “fılıstınlı gelinler” deyə bəhs edir.

Və indi 2010-cu illərdə türk qəzetlərində getmiş, “suriyeli gelin” ifadəsi keçən materialları gözdən keçirirəm. Varlı türk kişilərinin Türkiyəyə sığınmış gənc suriyalı qızları özlərinə molla kəbini ilə ikincı arvad etmələri haqda xəbərlərdir. “Suriyeli gelin” söz birləşməsi belə məna dəyişib. 1920-40-cı illərdə artıq boğazdan xilas olmaq istəyi ilə keçmiş müstəmləkənin orta imkanlı kişilərinə ərə verilən türk qızlarına belə deyilirdi, indi orta imkanı olan, amma, məsələn, slavyan gözəllərini metres (məşuqə) kimi saxlamaq “fərasəti” olmayan, feodal düşüncəli türk kişilərinin molla kəbini ilə özünə arvad etdiyi, keçmiş müstəmləkədən gələnlərə belə deyilir. Nə birinci hal arzulanan deyil, nə də ikinci öyünüləsi. Keşkə heç biri olmayaydı. Amma Şərqdir, bu düşüncədən xilas olmaq mümkündürmü? Və qoldomarmə dəhşətli idi, yoxsa o seçim? Yeri gəlmişkən, “Yaprak dökümü”nün son serial versiyasında suriyalı yeznə obrazı yerli lovelasla əvəzlənmişdi, düzü, daha uğurlu seçim olduğunu da zənn etmirəm.

Şükür ki, Türkiyədə ultrasağların Avstriya, Rusiya və Hollandiyadakı sayaq hakimiyyət imkanları yoxdur. Amma tendensiya ora doğru getmirmi? Suriyalı qaçqınlar mələk deyil. Heç Almaniyadakı türk, Rusiyadakı azəri əməkçi miqrantlar da mələk deyillər. Və miqrantları qəbul etmək yalnız keçmiş metropoliyanın da deyil, regional, ya beynəlxalq siyasi, hərbi ya iqtisadi güc olmaq istəyən, qonşu əraziləri avtomatik xammal əlavəsinə, xalqları işçi qüvvəsinə çevirən hər hansı dövlətin qaçılmaz aqibətidir.

Ya özünə qapalı qalacaq, ətraf xalqları istehlakçı, əraziləri iqtisadi periferiya kimi görməyəcəksən, metropoliya keçmişini də unudub istehsal gücünü öz hüdudların daxilində yaşayan vətəndaşlarının tələbatı çərçivəsi ilə məhdudlaşdıracaqsan, ya da miqrantlara dözməli olacaqsan.

Qovmaq - çarələrdən biridir. Amma yeganə çarə deyil axı. Bəlkə inteqrasiya haqda düşünülsün. O gələnlərin hamısı Türkiyənin etnik tərkibini, demoqrafik kimyasını dəyişəcək şəxslərdimi? Məsələn, onların arasında nə qədər nüseyri, nə qədər hənəfi var- bilinirmi? Nə qədər türkman və ya 30-cu illərin “suriyeli gelinleri”nin nəvələri var, bilinirmi? Guya sırf ərəblər Türkiyədə yaşayıb türk cəmiyyətinə inteqrasiya etmirmi? Proses uğurlu olanda bir əmioğlu (Aziz Sancar) türklüyün qürur mənbəyi olur, tərs təpəndə digər əmioğlu (Midhad Sancar) ərəb millətçisinə, üstəlik, kürd separatizminin siyasi qanadında liderə də çevrilir.

Redyard Kiplinqin sözləri ilə desək, “ağ adamın fərzi” ilə yüklənmiş anqlikan britaniyalılar, deyəsən, həqiqətən missiyalarını yerinə yetirib, dünəndən silkinib çıxa biliblər: hindus baş nazir, siqh nazir, müsəlman mer, yarımortodoks kral... Ona görə də Britaniya Millətlər Birliyi (Commonwealth of Nations) hələ də realdır, amma keçmişin baş naziri, indinin müxalifətçisi “Gələcək” Partiyası lideri Əhməd Davudoğlunun Osmanlı Millətlər Birliyi ideyası gələcək üçün gözəl xülya. Bu zehniyyət dəyişmədikcə, məhz xəyal kimi də qalacaq.

Məhərrəm İncə bu yazıya səbəb olmuş o atalar sözünü antimiqarant söyləm üçün işlətməyib. İşlətsəydi, çox qəribə olardı hərgah. Ən antimiqrant-antiərəb çıxışların müəlliflərindən biri belə öz əsaslandırmasını sadəcə osmanlı, ya ümumislam yaddaşına deyil, ərəb tarixinə, ərəb etnik yaddaşına xitab edən atalar sözü ilə ifadə edirsə, demək, o inteqrasiya o qədər dərindir. Yetər ki korlanmasın. AKP-nin 2009-cu il seçkiqabağı şüarında deyildiyi kimi: “Sen Türkiyesin, büyük düşün!”.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm