Köşə
Əli qanlının “müəllimin kim olub?” söhbəti

Asif Nərimanlı
Qurban adı ilə satılan əti daha ucuz almaq üçün çənə-boğaz olduğum qəssabın “sənin müəllimin kim olub?” sözləri bu müəllimlər günündə belə beynimin bir küncündə ilişib qalıb. Əli qanlı qəssab müəllimlərimi yada salmaqla “sən kimə kələk gəlirsən?” demək istəyirdi, mən də 2 manatın söhbətini eləyirdim. Sonunda bu əli qanlıya sözün əsl mənasında “atmağı” bacarmışdım, amma mənə qalan beynimi iki gündür qurcalayan bu sual idi. Doğrudan da, hər birimizin içimizdə gizlətdiklərini, əslində təkcə özümüzə məxsus olanları kimdən öyrənmişdik?
Müəllimlər günündə “sevimli müəllimim” deyə əllərindən öpmək üçün sıraya durduqlarımızdanmı, yoxsa...? Mən kimin əllərindən öpməli idim bu gün? İki manatın söhbətini etdiyim və qalib gəldiyim qəssab illər sonra müəllimlərimi yada salmışdı.Sevimli müəllimimin olduğu yadıma gəlmir, yadıma gələn sevimli topum və taxtadan düzəltdiyimiz “pistolet” idi, bir də, evdəkilərin həyətdən qovduqları dilənçinin yanındakı balaca oğlanın susmaq bilməyən tütəyi.
O tütəyə görə qapımızı döyüb istədikləri bir parça çörəyi deyil,
atamın qurub-tikmək üçün illərini verdiyi evimizi də verməyə razı
idim. İllər keçəcək, hər kəs “Torqovı”dakı qaraçı oğlanın ağ
tütəyini susdurmaq üçün pul verəndə mən bu yaşımda bircə dəfə tütək
çalmaq üçün ciblərimi boşaldacaqdım.Elə ilk müəllimim o tütək oldu
mənə həsrətin nə olduğunu öyrədən zaman...
Anamdan ayrlıb məktəbə gedəndə axıtdığım göz yaşları sevməyi,
gözlərimə sıxdığım kiçik yumruqlarımsa çarəsizliyi öyrətdi mənə.
Artıq üç müəllimim var idi məktəbə gedərkən. Həsrəti, sevməyi,
çarəsizliyi öyrənmişdim hərflərdən öncə... Öyrəndiklərimi yazmaq
üçün hərfləri öyrədən müəllimi çox sevmişdim, bir az da gələcək
kişinin qadına olan sevgisi idi bu. Lakin bu sevginin ömrü çox az -
qiymətim kəsilənə qədər oldu. Yadımdadır, yazımı oxuyub lövhəyə
çağırmışdı məni. Əlimi havaya qaldırıb "yazıçı" demişdi mənə,
demişdi ki, "sənə "beş" azdır". Mən də ""beş" azdır, iki "beş" yaz”
deyə bilmədim, susdum.
Qiymətimi kəsməyi bir yandan, uşaqların içində mənə o sözü deməyi
başqa yandan... "Yazı"nı anlamışdım, mənə təsir eləyən “çı” söhbəti
idi. Elə məktəbi də əyri xətli yazımla, “çı”lığımı üzümə pərdə
eləyib, birtəhər başa vurdum. Amma anlamadım, müəllim nələr
öyrətdi, mən nələri öyrəndim. Sinifdə Nizami Gəncəvinin həyatını
öyrədərkən, mənə başqa bir müəllim əsl həyatı tanıtdı. Məktəb
pəncərəsini sındırıb, süşənin pulunu ödəmək üçün atama yalan
danışanda sonralar yaşamaq üçün Nizami Gəncəvini bilməkdən daha
vacib olanı öyrəndim: aldatmağı. Atamın aylıq maaşa aldığı
ayaqqabıları "butılka" ilə futbol oynayıb cıranda yırtıq
ayaqqabılarla gəzməyin nə olduğunu öyrəndim həmin "butılka"dan.
Uşaq xəyalları ilə sevdiyim qız yırtıq ayaqqabılarıma baxıb
dodaqlarını büzəndə təzə ayaqqabıların məndən qiymətli olduğunu
öyrəndim o dodaqlardan.Müəllim almanın yerə necə düşdüyünü göstərib
Nyutonun cazibə qüvvəsini öyrədəndə, mənim müəllimim almanı hardan
oğurlayıb necə yeməyi öyrədirdi. Oğurluğu Nyutondan öyrəndim almanı
yerə salıb cazibə qüvvəsini kəşf edərkən.
Və nəhayət, "əli qanlı"ya “atmağı” 15 il öncə dərsdə “Qordi düyünü”
haqda danışan qoca tarixçiyə “mən o düyünü çözərəm, amma 10
dəqiqəlik bayıra çıxmam lazımdır” deyib 10 dəqiqə adı ilə dərsdən
qaçaraq “seqa” oynamağa gedərkən öyrənmişdim, yaxşı xatırlayıram.
Müəllimlər mənə çox az şey öyrətdilər, ya da mən çox öyrənmədim.
Amma dilənçi oğlanın tütəyindən, göz yaşları və kiçik yumruqlardan,
məktəb pəncərəsindən, "butulka"dan, büzülmüş dodaqlar və Nyutondan
“necə yaşamağı” öyrənmişdim illər öncə...
Əllərindən öpmək üçün nə illər öncəki “müəllimləri” tapmağı
bacararam indi, nə də Nyutonu qəbirdən çıxarmağı. Bunu da bu gün
öyrəndim. Dünənsə aylıq maaşa baxan kişinin yaşamını öyrəndim -
illər öncə atamın mənə ayaqqabı aldığı aylıq maaşı xatırlayaraq və
hər şey rəğmən illərin əllərindən öpürəm, heç nəyi unutdurmadığı
üçün.
Bir də... dünən doğum gününü qeyd etdiyim qadının əllərindən
öpürəm, mənə illər sonra yenidən sevməyi öyrətdiyi üçün.

-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR