Geosiyasi fal üçün metodiki vəsait
Bizi izləyin

Köşə

Geosiyasi fal üçün metodiki vəsait

Görürəm ki, bizim bəzi siyasi kəhanət mütəxəssisləri aldıqları “metodiçka”ya əməl edib politoloji proqnoz istehsalını dolduranda zərərli istinad mənbələri seçirlər. Yox, tutalım, Qumdan, Kremldən təsirlənənlərlə işim yoxdur. Amma “metodiçka” yerlidirsə, xeyir ola, bolqar falçısı, əvvəl KGB-nin, indi də FSB-nin tarladan oğru ürküdən müqəvva kimi yararlandığı mərhumə Vanqa qarıya istinad edirsən?

Hərgah, cari “metodiçka”da Rusiyanın nəfinə bir- iki fikir toxumaq tələbi varsa, bunu yerli astroloqlara, falçılara, deyək ki, Firdun Qurbansoya, Səbuhi Rəhimliyə, cindar Məlahətə, Nuridə Küskün xanım əfəndiyə, məhləmizdəki 4 qat hacı, 10 qat kəbleyi olan ovsunçu Molla Qulaməliyə, bəd ayaqda Vanqa qarı ilə eyni bulaqdan su içən Zirəddin müəllimə istinadən etmək olmazmı? İddia edirəm ki, bu, ciddi iş, milli təəssüb məsələsidir.

Yalnız siyasət kahinlərimiz deyil, bir də görürsən ki, qosqoca professorlarımız da 21-ci əsrin türk əsri, Turan dövrü, Oğuz qərinəsi olacağını Nosradamusa istinadən əsaslandırırlar. İqtisadi, mədəni, siyasi əlaqələrə, dil-din-coğrafiya yaxınlığına yox, məhz Nostradamusa istinad! Başqa mətləblərə girib başlarına niyə ağrıtsınlar ki? Nostradamusun istənilən katrenin götürüb kitabdan kitaba, təfsirdən təfsirə salıb elan edirsən ki, əzəl-axır dünya türkün olacaq, türkə səcdə, türkə təzim olacaq, vəssalam. Kimin hünəri nədir axı etiraz eləsin?

Amma bizim iqtisadiyyatımız, Avropanın enerji qaynaqları kimi siyasətçi və siaysətşünasların istinad məxəzlərinin də şaxələndirilməsi naminə əlavə bir neçəsini də təklif edim, bəlkə yararı olar.
Biri bizim dədə-babadan qalma nücum elmidir. Məhz bu elmin sayəsində Şah oğlu Şah Abbas babamız zamanında böyük geosiyasi zərərdən- sədəmeyi-uzmadan qurtulmuşdu. Əhvalatın ucundan-qulağından xatırladım ki, hafizənizdə yenidən canlansın: Şah Abbas qəsrdə öz məhbubəsi Səlma xatun ilə oturub sirin- şirin söhbətləşəndə münəccimbaşı (yəni baş politoloq) Mirzə Sədrəddin şahın hüzuruna daxil olub belə bir məlumat verir: ”Kəvakibin seyrindən belə məlum olur ki, Novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bu qirani nəhseynin təsiri budur ki, ....sahibi-səltənətin vücuduna sədəmeyi-üzma yetişəcəkdir”. Sonrası sizə bəllidir, dövrün dəyərli nücum politoloqlarının (onlara hərdən astroloq ya da münəccim də demək olar) tədbiri ilə şahımız o bəladan xilas olmuşdu.

Nücum elminə türk babalarımızın gətirdiyi yeniliklər də var. 60 illik Yupiter təqvimi 5 fərqli rəngdə təcəlli edən 12 heyvan üzərində təhvil olurdu. Orta çağlarda türk salnaməsi, türk ili deyilən bu təqvimdən çox zəngin bir kəhanət mənbəyi kimi bəhrələnərdilər. Hamı bilirdi ki, ağ at muraddır; o illərdə şahlar savaş aparardı. Əksinə qırmızı at qaçqınlıq düşməsi, fəlakət deməkdir; yəni döyüşmək olmaz.

Yeri gəlmişkən, mərhum Müqəddəs Payızov yüngül zəhmət çəkib o təqvimdən bəhs edən kitablardan birini dilimzə tərcümə də etmişdi. Sonradan Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələrini tənzimləyəndə, o dərin biliklərdən istifadə edib-etmədiyini bir özü bilir, bir Allahı, bir də sirr dağarcığı olan müdiri.

İkinci mənbə cifr və ya cəfr elmidir. Cifrə əsasən proqnoz istehsalı bir az hazırlıq tələb edir - Quran, hədis kitablarından ayrı-ayrı hissələr əbcəd hesabıyla yozular, mənalandırılar, nəticələr, proqnozlar çıxarılarmış. Azərbaycanlı və türkiyəli müdriklərin sitat deposu olan İbn Xəldun da çoxsaylı fal metodları içərisində yalnız cifri təqdir edərmiş. Və o iddia edir ki, bu elmin banisi Cəfəri Sadiq olduğu üçün elm də onun adıyla “cəfr” adlanır. Bəzi qaynaqlarsa iddia edir ki, cəfr – Peyğəmbərin vasitəsi ilə Həzrəti Əli və ondan da sonrakı imamların ixtiyarına verilən ilahi məlumatlar toplusudur. Ona hər kəsin çıxışı yoxdur və s..
Üçüncü mənbə tanınmış şair Hafiz Şirazidir. Keçmiş əyyamda Hafizin divanından fala baxmaq üçün istifadə edərlərmiş. "Ey Hafiz Şirazi, bər mən nəzər əndazi, mən talebe yek faləm, to kaşefe razi" sözlərini əfsun-mantra kimi oxuyub kitabın ixtiyarı səhifəsini açar, gözə sataşan misralar ürəkdəki mətləbə uyğun yozularmış.
Tehrandakı teokratik rejimə nifrəti qonşu və yaxın mədəniyyətə kin qusmaqla səhv salıb “fars” adı gördükləri hər şeydən hürkənlər, oxuyan kimi də bu mənbəni unutsunlar. Gedib, məsələn, Aqata Kristini oxuyub, sonra o təsirlə konspiroloji proqnoz, qorxulu nağıllar istehsalı ilə məşğul olsunlar.

Dördüncüsü istixarədir. Bir az cəfrə və hafizi fala bənzəyir. Amma müsəlman, xüsusən şiə qardaşlarımız buna daha dözümlü yanaşırlar. Müqəddəs kitabların (əsasən Quranın) açılmış ixtiyarı səhifəsindəki gözə dəyən ilk kəlməni eyni qaydada mənalandırmağa deyilir. El ağzındakı “gördüm istixarə yol vermir, işə başlamadım” ifadəsi təsdiqləyir ki, zamanında çox geniş yayılıbmış. Bərpa etmək lazımdır.
Beşinci torpaq falıdır. Buna çinlilər fenşuy deyir. Coğrafiyaya, landşafta baxıb fal açmaqdır. Uzaq Şərq köklərimiz də olduğundan, bizə də dəxli var. Bildiyim qədər əvamımız bixəbər olsa da, xəvasımız arasında dəbdir.
Altıncısı folklorik fallardır, təmiz türkəsayadır, milli məhsuldur. Biri elə qulaq falı-hər Novruzda illik siyasi proqnozları qapı pusub müəyyən edin, onsuz da pusmaqda pərgarsınız.
Folklorik fallara sınaqlar da daxildir. Məsələn, səhər yuxudan duranda sağ ayağın üstündə durmusan, yoxsa sol; qabağına qara pişik çıxıb, yoxsa ağ; çay stəkanda köpüklənib, yoxsa yox və s. Bütün bunları günün nəbzinə, Putinin dünya nizamını dəyişməsinə, Xameneyinin qırmızı xətlərinə uyğun dəyərləndir, üfür getsin; deputat olmaq şansın da yaranacaq.
Yeddincisi rəml atmaqdır. Filmlərimizdən bilirsiniz, qum üzərində müxtəlif işarələr çəkməklə fala baxarmışlar. Nərd zərlərindən də bu məqsədlə istifadə olunduğu bəllidir.
Səkkizinci yuxuyozmadır. Axşam qonaqlıqda ac qurd kimi tıxayıb sonra yatın. Ukrayna-Rusiya, Çin-Amerika, Yəmən-Səudiyyə münasibətlərinə və s. dair nə qədər istəsən qorxulu və şirin proqnozlar yuxuda sizə əyan olacaq. Ara-sıra Tövratın və Quranın müvafiq ayələrinin, məzmurlarını da oxyub politoloji biliklərinizi dərinləşdirin.
Bizdə olmasa da, yığma komandalarımızın legionerləri kimi milliləşdirilməyə, özününküləşdirməyə layiq fallar da var. Məsələn, ərəb dindaşlarımız müsəlman olmazdan qabaq qurbanlıq dəvənin içalatına baxıb gələn günlərin proqnozlarını verərlərmiş. Şükür, bizdə yarımköçəri keçmişdən gələn nə qədər istəsən siyasətçi və politoloq var, bir qurbanlıq nəmənədir ki, ona qıymasınlar? Qıy, sonra bağırsaqlarına, -... püsürünə baxıb proqnozlarını ver də, a zalım!
Ərəb qadınlarının qəhvə fincanından fal tutması da məşhuri-cəhandır. Dəvənin keçmiş oba yerlərinə xiffəti ərəb şeirində necə vəsf edilərdisə, sevgilinin fincandan fala baxması da hakəzə müntəşir idi. Maşallah, sosial media doludur sevgili ilə; bəyəm onlardan biri qəhvə içib fal aça, milli politologiyamıza incə töhfələr əta edə bilməzmi? Edər, yetər ki, buna qrant ayrılsın. Bəs milli donorluq nə üçündür?
Hələ kart, süni zəka falı və s. kimi nə qədər modern üsullar da var.
Hə, fal sözünün bir mənası da toyuq altına qoyulmuş yumurta deməkdir. Gərək yaxşı fal qoyasan ki, yaxşı cücə çıxsın və payızda da rahat sanaya biləsən. İşbilicilər də (ekspertlər) ölkənin altına qoyulmuş faldır. Alta kim yığıbsa, bizim istəyimizə yox, onun istəyinə uyğun cücələr çıxır. Ququ quşu kimi davranırlar; yuva özgənindir- fal onların. Sonra “taleymizi dəyişən bu qədər qara quqular hardandır?” deyə sual edib hər şeyi Nassem Nikolas Talebin “Qara qu quşu” nəzəriyyəsi ilə yozmağa qalxmayın. Cin ayrı- şeytan ayrı; qu ayrı- ququ ayrı.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm