Övladlarına "onun əlini öpün, peyğəmbərdir" deyən Xalq şairi: İkinci dəfə dünyaya gəlsə...
Bizi izləyin

Art

Övladlarına "onun əlini öpün, peyğəmbərdir" deyən Xalq şairi: İkinci dəfə dünyaya gəlsə...

20-əsrin əvvəllərində Azərbaycanın qərbində cılız bir uşaq Qazax Müəllimlər Seminariyasına qəbul edilir. Bir tərəfdən Molla Pənah Vaqifə, bir tərəfdən isə aşıq sənətinə söykənən o bölgənin nümayəndələrinin çoxu sazlı-sözlü insanlar idi. Bu balaca uşaqdan isə onlar kimi olacağı gözlənilmirdi. Lakin bu balaca uşaq gözləntilərin əksi olaraq bəlkə də çoxlarının edə bilmədiyini bacardı . Və nəinki Azərbaycanda, o cümlədən bütün sovet məkanında adından söz etdirdi.

Sadə, səmimi, bər-bəzəkdən uzaq şerləri ilə hər bir qəlbə toxuna bildi o balaca çəlimsiz uşaq. Söhbət Azərbaycanın ilk Xalq şairi Səməd Vurğundan gedir.

Publika.az anım günündə böyük şairi yad edir.

“Səməd Vurğun poeziyası elə bir zirvə tutub ki, ikinci dəfə dünyaya gəlsə, özünün də əli o zirvəyə çatmaz. O, əsil poeziya dahisidir”.

Şair, tənqidçi, ədəbiyyatşünas alim Cəfər Xəndan bu iki cümlə ilə Səməd Vurğun ucalığını mükəmməl təsvir etməyi bacarıb. Dünyada az sənətkar tapılar ki, yaşadığı zamanda klassikləşsin, əsərləri ümumxalq kütlələrinin mənəvi sərvətinə çevrilsin. Azərbaycan Xalq şairi Səməd Vurğuna belə xoşbəxtlik hələ sağlığında nəsib olub.

Kim idi Səməd Vurğun?

Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olub. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəsil 300 illik tarixə malikdir. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılar arasından hərbiçilər, maarifçilər, həkimlər, şairlər çıxıb. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşayıb. O, çox səxavətli olduğundan, var-dövlətini əlində saxlaya bilməyib, ailəsi yoxsul həyat tərzi sürüb.

Balaca Səmədin uşaqlığı çox acınacaqlı keçib. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın həyat yoldaşı Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Səməd uşaqlıq illərini doğma kəndində keçirərək ilk təhsilini kənd məktəbində alıb. 1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər.

Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, şıltaq, bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə başlayır. Səsi olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.

1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı Xanqızı Vəkilova qayğı göstərir. Seminariyada o, ilk şeirlərini qələmə alır. Yazdığı şeirlər seminariyanın divar qəzetində çıxır. Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925-ci ildə Tiflisdə çıxan «Yeni fikir» qəzetində dərc olunur. Bu şeiri o, seminariyanı bitirməsi münasibətilə qələmə alır. Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün «Vurğun» təxəllüsünü götürür. Bax beləcə, o cılız, çəlimsiz uşaq Azərbaycanın Səməd Vurğununa çevrilir.

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!..

1929-cu ildə Səməd Vurğun Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş «Şairin andı» adlı ilk kitabında yer alır.1930-1940-cı illər-Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin «Könül dəftəri» və 1935-ci ildə «Şeirlər» adlı kitabları nəşr olunur. Bu dövrdə şair, poeziyamızın dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı, dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirməyə nail olur.

Xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın ən böyük körpüsü

1935-ci ildə 7 poema və 100-dək şeir yazıb Səməd Vurğun. Şairin məşhur “Azərbaycan”, “Ceyran”, “Dağlar”, “Şair, nə tez qocaldın sən?”, “Mən tələsmirəm”, “Xavərim” və bir çox digər şerlərinə mahnılar bəstələnib.

“Komsomol poeması”, “Talıstan”, “Muğan”, “Aygün” poemalarını qələmə alan şairin poemalarının motivləri əsasında “Yeddi oğul istərəm” və “Aygün” filmlərinə ekran həyatı verilib. “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” dramlarını da qələmə alan Səməd Vurğun həm də bədii tərcümə ilə də məşğul olub. Puşkinin “Yevgeni Onegin”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Maksim Qorkinin ”Qız və ölüm”, Nizaminin “Leyli və Məcnun” poemalarını Azərbaycan dilinə tərcümə edib.

Səməd Vurğun Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurub. Səməd çox qayğıkeş və mehriban ata olub. Həyat yoldaşı Xavər xanım uşaqların şıltaqlığından şikayətlənəndə, Səməd Vurğun həmişə deyirmiş ki, mən özüm ana, ata qayğısından məhrum olmuşam, qoy uşaqlarım sərbəst böyüsünlər.

Yusifin, Vaqifin görüm var olsun,

Aybəniz hamıdan bəxtiyar olsun.

Yüz il də Vurğuna Xavər yar olsun,

Ən əziz sirdaşım, köməyim sənsən

Demə Səməd Vurğun gəldi-gedərdi, unutmaz bu oba, bu mahal səni...

Küçədə Əliağa Vahidi hər görəndə maşını saxlayıb düşür, onun cibinə pul qoyub təkrar yoluna davam edirmiş.

Bəxtiyar Vahabzadənin ilk şeirini oxuyanda deyir: “Məndən yaxşı şairdir!” Və bu iki-üç kəlmə Bəxtiyar Vahabzadəyə qısa müddətdə inanılmaz şöhrət gətirir.

Uşaqlarını Üzeyir Hacıbəyli ilə görüşə aparır və onlardan Üzeyir bəyin əlini öpmələrini istəyir. Sonralar bunun səbəbini soruşan oğlu Yusifə deyir:

"Üzeyir bəy musiqimizin peyğəmbəridir. Peyğəmbərə biət etmək üçün əlini öpməlisən".

Bax belə kişi olub bizim Səməd Vurğun!

Ömür yolunda diqqəti ən çox çəkən məqam isə Xalq şairi adını almasıdır. 1956-cı il idi. Ölkə Səməd Vurğunun 50 illik yubileyini qeyd etməyə hazırlaşırdı. Şair isə ağır xəstə idi. Onun yubileyi münasibətilə “Azərbaycanın xalq şairi” adı təsis olundu. Təbii ki, bu fəxri ad ilk dəfə elə məhz Səməd Vurğuna qismət oldu. Mayın 12-də Opera və Balet teatrında şairin yubileyi dövlət səviyyəsində qeyd olundu. Mayın 27-də böyük şair gözlərini həyata əbədi yumub. Poeziyamızda “bülbülü susmayan bir gülüstan” olan böyük Səməd Vurğun Fəxri xiyabanda dəfn edilib.

Ölüm sevinməsin qoy!..

Ömrünü vermir bada.

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm