Tarix
Cəlilabadda sirli daş kürə tapıldı - Foto
Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib.
Publika.az "Report"a istinadən xəbər verir ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.
Vəfa Mahmudovanın sözlərinə görə, aşkar edilən sferik daş kürə Cənubi Qafqaz Neolit dövrünün indiyədək məlum olan ən maraqlı cilalanmış daş məmulatlarından biridir. Mövcud elmi nəşrlərə əsasən, bu tapıntının morfoloji baxımdan regionda birbaşa analoqu hələlik qeydə alınmayıb. Bu səbəbdən daş kürə həm hazırlanma texnologiyası, həm də funksional təyinatı baxımından xüsusi elmi əhəmiyyət daşıyır və Levant–Anadolu–Cənubi Qafqaz əlaqələrinin öyrənilməsi üçün yeni məlumat mənbəyi hesab olunur.
Alimin sözlərinə görə, tapıntının ən diqqətçəkən xüsusiyyəti onun üzərində heç bir deşik və ya zərbə izinin olmamasıdır. Daş kürənin hansı məqsədlə istifadə edildiyini hələlik dəqiq müəyyənləşdirmək mümkün deyil. Ehtimal edilir ki, o, ritual xarakteri daşıyıb və ya çəki ölçüsü kimi istifadə olunub. Bunun dəqiqləşdirilməsi üçün əlavə tədqiqatlar aparılacaq və müvafiq mütəxəssislər cəlb ediləcək.
Tapıntının çəkisi 1 kiloqram 870 qram, diametri isə təxminən 10 santimetrdir.
Vəfa Mahmudova bildirib ki, Paşatəpə abidəsində qazıntı sahəsi də genişləndirilib və tədqiqatlar 45–50 santimetr dərinlikdə davam etdirilib. Yeni qazıntı sahəsində qiymətli arxeoloji materiallar aşkarlanıb. İlkin araşdırmalar zamanı orta əsrlərə aid olduğu ehtimal edilən drenaj sistemi – su xəttlərində istifadə olunan küp borular qeydə alınıb. Onların dəqiq dövrü sonrakı elmi tədqiqatlarla müəyyən ediləcək.
Bununla yanaşı, Əliköməktəpə abidəsində də baxış keçirilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları ilə birlikdə abidənin əvvəlki koordinatları müəyyənləşdirilib. Arxiv materialları əsasında aparılan araşdırmalar nəticəsində abidənin əsl mühafizə zonası dəqiqləşdirilib və hazırda zəbt olunmuş ərazinin sərhədləri üzə çıxarılıb.
Hazırda arxeoloji qazıntı və tədqiqat işləri davam etdirilir.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)


















