Tarix
Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
Bu gün susuz səhraların uzandığı Səudiyyə Ərəbistanının ərazisində təxminən 125 min il əvvəl nəhəng şirin su gölü mövcud olub. Gölün sahilləri sıx bitki örtüyü ilə əhatələnib, burada begemot, dəvə və ceyran ovlayan qədim insanlar yaşayıb. Arxeoloji tapıntılar Ərəbistan yarımadasının qədim sakinlərinin həyatına dair maraqlı mənzərəni üzə çıxarıb.
Publika.az xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırma Səudiyyə Ərəbistanının cənubundakı Mundəfan bölgəsində yerləşən Uruk əl-Cüleybə qədim yaşayış məskəninə həsr olunub.
Alimlər müəyyən ediblər ki, qədim gölün sahəsi təxminən 340 kvadratkilometr, maksimal dərinliyi isə 29 metr olub. Bu su hövzəsi iqlimin indikindən xeyli rütubətli olduğu və “Yaşıl Ərəbistan” adlandırılan dövrdə mövcud olub.

Qədim yaşayış məskənində heyvan və bitkilərə aid 500-dən çox fosil qalıq, eləcə də 5,5 mindən artıq daş alət aşkarlanıb. Heyvan qalıqları arasında begemot, nəsli kəsilmiş uzunbuynuzlu camışlar, dəvələr, ərəb oriksləri, ceyranlar və dəvəquşuları var. Alətlərin əksəriyyəti çaxmaqdaşından hazırlanıb. Onların hazırlanmasında Levallua daş emalı texnikasından istifadə edilib.
Araşdırmanın ən maraqlı nəticələrindən biri daş alətlərin səthində bitki mənşəli maddələrin izlərinin aşkarlanmasıdır. Bu, qədim insanların bitkilərdən yalnız qida kimi deyil, həm də ov ləvazimatlarının hazırlanmasında və gündəlik işlərdə istifadə etdiyini göstərir.
Alətlərin üzərində tapılan qatran və ağac toxuması qalıqları daş ucluqların dəstəklərə bərkidildiyini ehtimal etməyə əsas verir. Bundan başqa, tədqiqatçılar tərkibində zəhərli maddələr olan bitkilərin izlərini də aşkar ediblər. Bu isə qədim insanların ov zamanı bitki mənşəli zəhərlərdən istifadə etmiş ola biləcəyini göstərir.

Tapıntılar arasında kök yumruları, kol bitkiləri və palma yarpaqlarının emalına dair izlər də var. Aşkarlanan bəzi bitki qalıqları bölgədə palma bitkilərinin mövcudluğuna dair ən qədim sübutlar sırasına daxildir.
Alimlərin diqqətini çəkən əsas məqam heyvan sümüklərinin, daş alətlərin və bitki qalıqlarının eyni arxeoloji təbəqədə qorunub saxlanılmasıdır. Həmin təbəqənin yaşını da müəyyənləşdirmək mümkün olub. Bu, tədqiqatçılara yalnız qədim ətraf mühiti deyil, insanların necə ov etdiyini, alətlər hazırladığını və təbii sərvətlərdən necə yararlandığını da öyrənməyə imkan verib.
Tədqiqatın rəhbərlərindən biri, Avstraliyanın Qriffit Universitetinin arxeoloqu Kris Klarksonun sözlərinə görə, bu tapıntı müasir Ərəbistan mənzərəsindən tamamilə fərqli təbii şəraitdə insanların necə yaşadığını təsəvvür etmək üçün nadir imkan yaradır.
Müəllif: Adəm Abbaslı
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
-
Dünya09:35Tramp Cənubi Çin dənizindəki gərginlik haqda: Bununla məşğul olacaqlar
-
Maraq dünyası09:16Milyarderlər ən çox bu bürclərdən çıxır
-
ABŞ07:47“Nvidia” eks-şefdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO
-
Yaxın Şərq05:15Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
-
İKT04:14"Apple" xidmətlərində nasazlıq bu səbəbdən yaranıb







































