Tarix
Makedoniyalı İskəndərin oxuduğu məktəb tapıldı: 2300 illik sirr - FOTOLAR
Yunanıstanın şimalında yerləşən qədim Makedoniya şəhəri Miezada arxeoloqların apardığı qazıntılar zamanı 2300 ildən çox yaşı olan və məktəb olduğu ehtimal edilən tikili kompleksi aşkarlanıb. Alimlər hesab edirlər ki, bu, Makedoniya kralı İskəndərin məşhur filosof Aristoteldən dərs aldığı məktəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstan Mədəniyyət Nazirliyi məlumat yayıb.
IV əsrə aid edilən arxeoloji kompleksdə iki ziyafət zalı, idman meydançası, stadion, üstüörtülü qalereya və daş sıralardan ibarət dərs otağı aşkarlanıb. Tikililərin mozaika döşəmələri və sütunlarla bəzədildiyi müəyyənləşdirilib.
Kompleksin memarlığı və dekorativ xüsusiyyətləri Makedoniyanın qədim paytaxtı Eqadakı, indiki Verqinadakı kral sarayını xatırladır. Məhz burada Makedoniya kralı II Filip və onun oğlu Aleksandr Makedonski (Makedoniyalı İskəndər) yaşayıb.
Arxeoloqlar üçün ən mühüm tapıntılar arasında müxtəlif sikkələr, keramika nümunələri və dörd stilus da var. Stiluslar qədim dövrdə şagirdlərin mum lövhələr üzərində yazmaq üçün istifadə etdikləri alətlər olub.
I-II əsrlərdə yaşamış tarixçi Plutarx “İskəndərin həyatı” əsərində yazırdı ki, II Filip oğlunun və zadəgan makedoniyalıların övladlarının təhsil alması üçün Miezada məktəb tikdirib. Bu məlumat qazıntılara rəhbərlik edən arxeoloq Anqeliki Kottaridinin aşkar edilən kompleksi məhz həmin məktəblə əlaqələndirməsinə əsas verib.
Qədim Yunanıstanda bu tip təhsil müəssisələri gimnasiya adlanırdı. Burada şagirdlər yalnız fəlsəfə və digər elmləri öyrənmir, həm də fiziki hazırlıq keçirdilər.
Kottaridinin sözlərinə görə, tədqiqatçılar ərazidəki xarabalıqlara bir neçə il əvvəl diqqət yetiriblər. Sistemli qazıntılara isə 2024-cü ildə başlanılıb. Bununla belə, ərazidə ilk arxeoloji işlər 20 il əvvəl də aparılıb. Həmin vaxt yaxınlıqda nimfalara həsr olunmuş abidə aşkarlanmışdı.
Qazıntılarda iştirak etməyən bəzi alimlər də kompleksin İskəndərin təhsili ilə əlaqəli olması ehtimalını əsaslı hesab edirlər. Nebraska-Omaha Universitetinin tarixçisi Cin Reymsə görə, mövcud sübutların məcmusu II Filipin Aristotel və onun şagirdləri üçün tikdirdiyi məktəbin məhz bu ərazidə yerləşdiyini göstərir.
Cənubi Dakota Dövlət Universitetinin tarix professoru Qrem Raytson isə xüsusilə dörd stilusun tapılmasını əhəmiyyətli hesab edir. Onun sözlərinə görə, bu tapıntılar gənc İskəndərin müəlliminin onun dünyagörüşünün formalaşmasına təsir etdiyi məkanları təsəvvür etməyə imkan verir. Stiluslardan birinin nəzəri olaraq İskəndərə məxsus olması mümkündür, lakin bunu təsdiqləyən heç bir sübut yoxdur.
Tədqiqatçılar məktəbin zəngin və təmtəraqlı quruluşunun II Filipin sərvəti nəzərə alınmaqla təəccüblü olmadığını bildirirlər. Miezanın yerləşməsi də xüsusi əhəmiyyət daşıya bilərdi. Qədim Makedoniyanın paytaxtı Pella şəhəri buradan təxminən 43 kilometr məsafədə yerləşirdi.
Bununla belə, arxeoloji kompleksin dəqiq təyinatının hələ tam təsdiqlənmədiyi bildirilir. Tarixçi Miltiadis Hatzopulos hesab edir ki, arxeoloqlar əldə olunan sübutların ətraflı təhlilini əks etdirən elmi araşdırma dərc etməlidirlər.
Onun sözlərinə görə, kompleksin Makedoniyalı İskəndərin təhsil aldığı məktəb olması versiyası kifayət qədər inandırıcı görünsə də, bunun qəti şəkildə təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Müəllif: Adəm Abbaslı
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO





















.png)





.jpg)










