Tarix
3300 il əvvəl bağlanmış sülh müqaviləsi tapıldı - Tarixi kəşf
Türkiyədə arxeoloqlar təxminən 3300 il əvvəl Misir və Het imperiyası arasında bağlanmış qədim sülh müqaviləsinin yeni fraqmentini aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Popular Science” məlumat yayıb.
Tapıntı Türkiyənin mərkəzində yerləşən qədim Xattusa şəhərində aparılan qazıntılar zamanı üzə çıxarılıb. Mixi yazılarla həkk olunmuş gil parçasının dünyanın məlum ən qədim sülh sazişi hesab edilən Kadeş müqaviləsinin bir hissəsi olduğu bildirilir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, aşkarlanan mətn müqavilənin qaçqınlarla rəftar məsələsinə həsr olunmuş bölməsinə aiddir.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sentyabrın 21-də bildirib ki, tapıntı Anadolu torpaqlarında min illər əvvəl mövcud olmuş sülhün izlərini üzə çıxarır. Onun sözlərinə görə, bu kəşf insan həyatının və ləyaqətinin qorunmasının əhəmiyyətini bir daha xatırladır.
"Kadeş müqaviləsi" təxminən e.ə. 1269-cu ildə Misir fironu II Ramzes və Het kralı III Hattusili arasında imzalanıb. Saziş iki dövlət arasında uzunmüddətli müharibəyə son qoyub və tarixdə məlum olan ən qədim sülh müqaviləsi kimi qəbul edilir.
Müqavilə Kadeş döyüşünün adını daşısa da, sənəddə birbaşa bu döyüşdən bəhs edilmir. Misirlilərlə hetlər arasında Kadeş döyüşü müqavilənin imzalanmasından bir neçə il əvvəl baş verib. Saziş həmçinin "Misir-Het sülh müqaviləsi", "Əbədi müqavilə" və "Gümüş müqavilə" adları ilə tanınır.
Het imperiyası tunc dövründə, təxminən e.ə. 1650-1200-cü illərdə Mərkəzi Anadoluda mövcud olub. Onun paytaxtı Xattusada arxeoloqlar akkad dilində yazılmış çoxsaylı diplomatik sənədlər, o cümlədən "Kadeş müqaviləsi"nin digər fraqmentlərini də aşkar ediblər.
Müqavilənin mətninin digər hissələri isə qədim Misirin şəhərlərində qorunub. XIX əsrin əvvəllərində arxeoloqlar onun heroqliflərlə yazılmış variantını II Ramzesin Fivdəki məbədinin divarlarında aşkar ediblər. Akkad dilində mixi yazı ilə hazırlanmış versiyanın fraqmentləri isə XX əsrin əvvəllərindən etibarən Xattusada tapılıb.
Saziş Misirlə Het dövləti arasında Şərqi Aralıq dənizi ətrafındakı ərazilərə görə uzun illər davam edən qarşıdurmaya son qoyub. Müqaviləyə əsasən, II Ramzes və III Hattusili bir-birini “qardaş” elan edib və Misirlə Hetti arasında sülhü qorumağı öhdələrinə götürüblər.
Müəllif: Adəm Abbaslı
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









