Bizimkilər bazar, restoran, dükan tanıyırlar, muzey yox - Zərifə Salahova ilə MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Bizimkilər bazar, restoran, dükan tanıyırlar, muzey yox - Zərifə Salahova ilə MÜSAHİBƏ

Ağaca çıxdım adamla,
Bir nəlbəki badamla.
Nə dili var, nə ağzı,
Hey danışır adamla.

Bəli, uşaqlıq illərindən əzbərlədiyimiz bu tapmacada kitabdan söhbət gedir. O kitablardan ki, dilsizə dil, gözsüzə göz, gücsüzə gücdür. Kitab oxumayan şəxs susuz qalan ağaca bənzər. Yaxşı kitab yaxşı dostdur. O elə bir şeydir ki, adama qarşılıqsız, təmənnasız fayda verər. Kitab haqqında çoxlu gözəl sözlər düzmək olar sıraya. Amma məqsədimiz bu yazını kitaba həsr etmək yox, bütün ömrünü kitablara həsr etmiş bir xanımla apardığımız söhbəti sizlərə təqdim etməkdir.

O, illərdir ki, Azərbaycanda analoqu olmayan bir işlə - bapbalaca, mini kitabları toplamaq və onları böyük bir muzeydə cəmləşdirib həm yerli əhali, həm də turistlər üçün sərgiləməklə məşğuldur. Onun gördüyü işlər haqqında çox danışmaq olar, amma bir halda ki, biz də həmin muzeyin ziyarətçilərindən olduq və həmin şəxslə orada söhbətləşdik, gəlin elə onun özünün danışdıqlarını sizə təqdim edək. Beləliklə, müsahibimiz Əməkdar mədəniyyət işçisi, Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahovadır. Onun Publika.az-a verdiyi müsahibəni təqdim edirik:

- Zərifə xanım, minatür kitab ideyası sizdə necə yarandı?

- Kolleksiyamda Con Kennedinin kitabını görə bilərsiniz. (əli ilə rəflərin birində onun minatür kitabını göstərir) ölümündən sonra Niderlandda onun haqqda minatür formada kitab çap etdiriblər. Ağlıma bu kitab gəldi. İlhamlanıb, düşündüm ki, mən də Heydər Əliyevin andiçmə mərasimində söylədiyi nitqini çıxarım. Kitabı çıxarmaq istəyəndə isə vəziyyət çox çətin idi. Azərbaycanda nə vərəq var idi, nə də vəsait. Heç çap etməyə yer də yox idi. Artıq 1994-cü illərin axırı idi. Eşitdim ki, Kitabsevərlər Cəmiyyətinin mətbəəsinin keçmiş əməkdaşı Alik Nisanov Bakıya qayıdır ki, biznes yaratsın. Onunla danışdım ki, mənə kömək et. Heydər Əliyev üçün minatür kitab çat etdirim. Həmin kitabda onun andiçməsi var idi. Alik mənə Moskvaya getməyimi məsləhət gördü. Moskvaya getdikdən sonra kitabı iki dildə rus və ingilis dilində çap etirdim.

- Kolleksiyanın neçə yaşı var?

- Miniatür nəşrə həmişə marağım olub. 40 ildən çoxdu ki, minatür əlyazma, faksimil, təkrar çap və unikal nəşrlər toplayıram. Həmin nüsxələri dünyanın 65 ölkəsindən toplamışam. Bu isə təxminən səfər etdiyim ölkələrin sayı qədərdir.

- Kitablara olan həvəsiniz uşaqlıqdan idi?

- Qardaşlarım 6 nömrəli məktəbdə oxuyurdu. İndi Azneft dairəsilə üzbəüz avtobus dayanacağında əvvəllər kitabxana var idi. Tahir bir gün məktəbdən gələndə həmin kitabxanaya giribmiş. Beləliklə həftədə bir neçə dəfə ora oxuduğu kitabı dəyişmək üçün gedirdi. Bir gün orada işləyən qadın Tahirə deyib ki, bu kitabı oxu, içindən mətnə uyğun şəkillər, bəzəklər çək. Tahir başladı bu kitabda bəzəklər çəkməyə, getdikcə bu say 3, 5, 10 oldu. Elə oldu ki, bu qadın sərgi keçirdi. Sonra da məsləhət gördü ki, Tahir getsin, rəssamlıq peşəsini öyrənsin. Bunlar hamısı Allahın işi və yazısıdır. Onun evə gətirdiyi kitabları mən də oxuyurdum. Daim kitaba marağım olub.

- Zərifə xanım, ziyarətçilər əsasən turistlər olur, yoxsa öz vətəndaşlarımız?

- Muzeyə giriş pulsuzdur. Jurnalımız da var. Hər günü orada qeydlər aparırıq. Ziyarətçilərin içində turislər çoxluq təşkil edir. Məsələn, 2019-cu ildə 12 765 azərbaycanlı, 70 698 xarici vətəndaş gəlib. Təkcə bu muzey görə ölkəyə gələnlərin sayı da az deyil. Bütün hallarda muzeyə gələnlər daha çox turistlərdir. Pandemiyada belə muzeyə gələnlərin çox hissəsini turislər təşkil edirdi. Bura ABŞ səfirliyindən nümayəndələr gəlmişdi. Onlardan soruşdum ki, amerikalılar haradan biliblər ki, Azərbaycanda belə bir muzey var? Gülərək dedilər ki, Amerikada Azərbaycanı üç şeylə tanıyırlar - neft, kürü və Miniatür Kitab Muzeyi ilə.

- Hansı ölkələrdə sərgilər keçirmisiniz?

- Fransa, Sinqapur, Moskva, Avstraliya, London və başqa ölkələrdə sərgilərim olub. Həmçinin Rusiyada keçirilən Beynəlxalq Kitab Sərgisində bir neçə dəfə ölkəmi təmsil etmişəm.

- Kolleksiyada hazırda nə qədər kitab var?

- Hazırda 5800-dən çox kitab var. Bunlardan 3600-ü Ginnes rekordlar kitabına düşüb. Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatinin dərci olan 4 mikrokitabdır. Onlardan birinin ölçüsü 0,75x0,75, üçünün isə 2x2 mm-dir. Kitab 16 səhifə, 4 fəsildən ibarətdir. Onların cildi qoyun dərisindən düzəldilib. Adi gözlə nöqtə kimi görünən kitabın oxunması üçün özünün lupası var. Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən qocaman kitabı isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Müqəddəs "Qurani-Kərim"in nüsxəsidir.

Eləcə də alman nəşriyyatlarının məhsulu olan mikrokitablar da var. Birinin ölçüsü 2,0x2,9 mm (Leypsiq) və üçünün isə 3,5×3,5 mm (Münhen) olan kitablardır. A.S.Puşkin sağlığında çap edilən “Yevgeni Onegin” və “Kapitan qızı” kitbları, M.Lermontov 1892-1894-cü illərdə nəşr edilən “Taman”, “Xəzinədar”, “Aşıq Qərib” (Kiyev), İ.Krilov “Təmsillərinin illüstrasiyalrla tam külliyyatı” (Xarkov, 1894) kitabları var. "Levşa” nəşriyyatının 4 cildli 0,8x0,9 mm formatlı “Yevgeni Onegin”, A. Axmatova, P. Bajov, I. Bunin, D. Bayron, S. Yesenin və M. Lermontov nəşri xüsusi orijinallığı ilə seçilir. Həmçinin muzeyin Naxçıvan və Gəncə kimi böyük şəhərlərin mədəniyyət mərkəzlərində minatür kitablar sərgilənir. Artıq Şuşa üçün 523 minatür kitab seçilmişəm. Orada da muzey açmaq istəyərəm.

- “Ginnesin Rekordlar Kitabı”na düşməyiniz necə oldu?

- O tam təsadüfi oldu. Deməli, Moskvada çap olunan qəzetləri çox oxuyurdum. Bir gün oxuyuram ki, Hindistanda bir kişi bığlarını 5 metr uzadıb “Ginnesin Rekordlar Kitabı”na düşüb. Amerikada bir qadın dırnaqlarını 6 metr uzadıb o da bu kitaba düşüb. Düşündüm ki, bunların başı xarab olub. Tez telefonu götürüb, zəng vurdum. O vaxtı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarova. Sağ olsun, mənə kömək etdi, əməkdaşları yönləndirdi. Həmin əməkdaş ingilis idi. Adı da Kevin. O gəldi muzeyə biz məktubu yazıb, göndərdik. Bir müddət sonra cavab gəldi ki, göndərişlər çoxdur, nöbvəniz çatanda baxılacaq. Elə oldu ki, səhəri gün cavab gəldi. Özümüzə də maraqlı gəldi. Məktubda onların standartları yazılmışdı. Standarta görə minatür kitab 0.75 sm idi. Ona görə də 2014-cü 2913 kitab “Ginnesin Rekordlar Kitabı”na düşdü. Bu prosesdə də heç bir çətinliyimiz olmadı. Həmişə demişəm, deyəcəm də, bu muzey ermənilərdə olsaydı bütün dünya tanıyırdı. Amma azərbaycanlıların dünyada ilk və “Ginnesin Rekordlar Kitabı”na düşən muzeydən xəbərləri belə yoxdur. Özü də muzey o qədər rahat və asan yerdədir ki, metrodan çıxdın 3 dəqiqəyə buradasan. Bizimkilər 3 yeri çox yaxşı bilirlər: bazar, restoran, dükan.

- Zərifə xanım, kitablarla yanaşı idmana da marağaınız olub. Gənc yaşlarınızda idmanla məşğul olmusunuz. İdmana marağınız necə yaranmışdı?

- Basketbolu çox sevirdim. Komandada rus və erməni çox idi. Bir azərbaycanlı var idi, o da mən. 5 nömrə və solaxay idim. Çox da qəşəng oynayırdım. Hətta şəhərdə gəzəndə oğlanlar baxıb, “5 nömrə” deyib, məni göstərirdilər. Demək olar ki, bütün şəhərdə məni tanıyırdı.

- Zərifə xanım, gördüyüm qədəri ilə minatür kitab satışı ilə də məşğul olursunuz. Alıcılar varmı?

- Düzdür, 7 fərqli kitab var idi. Artıq ikisi bitib. Bu 5-i qalıb. Əsasən uşaq ədəbiyyatını satırıq. Qiyməti də 1 manatdır. Özümüz uşaq kitabları seçmişik ki, həm uşaqlara maraqlı olsun, həm də böyüklərə. Amerikada da minatür kitabların satışı var, amma bir barmaqdan böyükdür.

- Zərifə xanım, sizin Ulu Öndər Heydər Əliyevlə xatirləriniz olub. İlk dəfə tanışlığınız necə olub?

- 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ilk dəfə Prezident seçildikdən sonra onun andiçmə mərasimində mən də iştirak edirdim. Andiçmə mərasimi oktyabrın 10-da Heydər Əliyev Sarayında keçirildi. Heydər Əliyev 1 saat 10 dəqiqə dümdüz dayanıb öz proqram nitqini söylədi. Tədbir bitəndən sonra öz-özümə dedim ki, bir insan necə bu qədər vaxt ərzində belə dik dayanıb və nitq söyləyə bilər axı? Andiçmə mərasimindən sonra düşündüm ki, bu nitqi miniatür kitabda çap etdirməliyəm. Kitabı Moskavada iki dildə rus və ingilis dillərində çıxartdırdım. Milli kitabxanada tədbir keçirilirdi. Həmçinin mən də orada bu kitabın təqdimatını keçirirdim.

Heydər Əliyev də həmin tədbirdə iştirak edirdi. Çıxışımda Heydər Əliyevə bildirdim ki, mənə yer və ya bina versələr Minatür Kitab Muzeyi açmaq istəyirəm. Kitabları da öz ölkəmə, şəhərimə bağışlayaram. Heydər Əliyev öz çıxışında iki dəfə mənim etdiyim çıxışa toxundu. Daha sonra Heydər Əliyev kitablara nəzər saldı. Əlişir Niyazovun “Fərhad və Şirin” kitabı Prezidentə maraqlı gəlir. Soruşdu ki, harada çap olunub? Hamısını bir-bir dedim. Fikrimi bitirən kimi ardınca sual verdim ki, Heydər Əliyev, xoşunuza gəldi? O da dedi ki, hə. Dedim, sizə bağışlayıram. Heydər Əliyev kimdənsə nəysə götürməkdən xoşu gəlməzdi. Amma bu kitabı götürdü. Sərgidə ona 3 kitab hədiyyə etdim.

- Muzeyin İçərişəhərdə olmasını özünüz istəmişdiniz?

- Həmin tədbirdən bir neçə ay sonra İcra Hakimiyyətinə məktub ünvanladım ki, İçərişəhərdə mənə yer versinlər, lakin cavab gəlmədi: Muzeyin hazırki yerini sən demə baş memar Elbay Qasımzadə özü üçün saxlayıbmış. O vaxt biz tikintini başlaya bilməmişdik. Çünki əlimizdə pul yox idi. Muzey İtaliya səfirliyinin yanında yerləşir, səfirliyin açılışında Heydər Əliyev də orada iştirak edirdi. Elbay istəyib ki, öyrənsin ki, doğrudan da, bu yeri mənə Heydər Əliyevin tapşırığı ilə veriblər, ya yox. O, Prezidentə belə deyib, Zərifə Salahova istəyir ki, burada ya dükan, ya da restoran açsın. Heydər Əliyev onun sözünü kəsib, sərt şəkildə baxıb və uca səslə muzey, muzey olacaq burada. Elə oradaca da söhbət bağlanıb. Heydər Əliyev yaxşı bilirdi ki, bu kitabların hansı gələcək gözləyir. Heydər Əliyev üçün ilk çıxartdığım kitab “Əsrin Müqaviləsi” olub. Onun da maraqlı tarixçəsi var.

- Tarixçəsi nədir, Zərifə xanım?

- “Əsrin Müqaviləsi” kitabı ilə yanaşı Heydər Əliyevin 75 illiyi münasibəti ilə hədiyyə etdiyim medal da var. Yeri gəlmişkən deyim ki, Moskvadakı "Monetnıy dvor"da qızıldan hazırlanmış medalın müəllifi İvan Kopıtkindir. Heydər Əliyev 75 illiyində məni qəbul etmişdi. İllər sonra onun katibi Dilarə xanım mənə dedi ki, 10 ildir ki, Heydər Əliyevin yanında işləyirəm. Yuxarı vəzifəli şəxsləri qəbul etməyib, sizi qəbul edib. Siz yeganə şəxsiyyətsiniz ki, otağının yarısına qədər gəlib sizi qarşıladı, yola da saldı. Hələ də yadımdadır, məni qarşılayanda Heydər Əliyevə dedim ki, olar sizi öpüm? Daha sonra öpdüm onu. Kitab haqqında danışmağa başladıq. Kitabın sonunda Heydər Əliyevin bioqrafiyası və hansı neft şirkətləri ilə sənəd imzalanıbsa o şirkətlərin siyahısı var idi. Həmçinin kitabda medal da var idi. Heydər Əliyev medalla bağlı dedi ki, Zərifə xanım birinci dəfədir görürəm ki, medalda özümə oxşayıram. Artıq bu görüşdən 25 il keçir. Bu gün isə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə minatür kitab çıxartdırıram. “Bakinski raboçi” qəzətində Heydər Əliyevin nitqi var idi. Orada olan materialı minatür şəkildə kitabda buraxacağam. Artıq çapdadır. İşlər davam edir.

- Muzeyin 23 apreldə açılmasının xüsusi mənası varmı?

- Bəli, var. 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının klassikləri - dahi yazıçılar Vilyam Şekspir və Miqel Servantes eyni gündə əbədiyyətə qovuşublar. YUNESKO-nun qərarına əsasən, 23 aprel hər il bütün dünyada Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir ki, bu şəkildə də onların adları əbədiləşdirilir. Ona görə mən də bu günü seçdim. Hətta Beynəxalq Kitabsevərlər İttifaqının icraiyyə komitəsinin sədri S.Şuvalov bu münasibətlə mənə məktub da yollamışdı.

Məktubda deyilirdi:

“Böyük bir hadisə 23 aprel “Dünya kitab” günündə “Kitab evi”nin açılışı münasibəti ilə sizi təbrik edirəm. Nəhayət ki, sənin arzun həyata keçdi, Zərifə. Mən səninlə birlikdə xoşbəxtəm”.

Aysel Şahmar

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm