Türkiyə ilə sərhəddə yeni dövlət qurulur: Cənubi Qafqazda isə... - Bölgədə nə baş verir?
Bizi izləyin

Müsahibə

Türkiyə ilə sərhəddə yeni dövlət qurulur: Cənubi Qafqazda isə... - Bölgədə nə baş verir?

Siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz Publika.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Hazırda dünyada baş verən qlobal prosesləri nəzərə aldıqda yeni dünya sisteminin inşa edildiyini görürük. Bu yeni sistemdə hansı dəyişikliklər olacaq?

- İlk olaraq böyük güclərə diqqət yetirməliyik. 1989-1991-ci illər dövründə Sovet ittifaqı dağıldıqdan sonra Rusiya qlobal güc olmaqdan çıxaraq regional gücə çevrildi. İndi isə Qərb Ukrayna müharibəsi bəhanəsi ilə Rusiyanı regional güc olmaqdan da çıxarmağa çalışır. Lakin Rusiya embarqolara qarşı çıxa biləcək gücdə bir ölkədir və Rusiyanın rahatlıqla bölünə biləcəyini düşünmürəm. Amerika isə hazırda dünyaya meydan oxuyurmuş kimi görünsə də, əslində öz daxili problemləri ilə baş çıxarmağa çalışır. ABŞ-da 40-a yaxın siyasi partiya var. Onlardan bəziləri Kanadaya və Meksikaya birləşmək istəyir. 7 ştatın büdcəsi ümumi ABŞ-ın büdcəsinin 50 faizini təşkil edir. Zəngin ştatların əhalisi onların gəlirlərinin digər ştatlarla paylanma səbəbini uzun müddətdir ki, sorğulayır. Bütün bunları nəzərə aldıqda bu zəngin ştatların yaxın gələcəkdə birləşərək yeni bir dövlət yaratma ehtimalı var. Bu da Amerikanın dağılması deməkdir.

Yeni dünya sistemində Türk Dövlətləri Təşkilatına qeyri-türk ölkələr də üzv olacaq. Məsələn, Rusiyada gələcəkdə bu təşkilata qoşulmaqla bağlı müzakirələr aparılıb. Hətta İran “Əgər Rusiya bu təşkilata qoşulacaqsa, biz də orada olmalıyıq” deyib. Ona görə də bu təşkilat gələcəkdə başqa ölkələrin qatılması üçün hansı prinsiplərin lazım olduğunu indidən aydınlaşdırmalıdır. Ümumiyyətlə, yeni dünya düzənində bir çox ölkələrin məqsədi Qafqazda, İpək yolunda gücə sahib olmaqdır.

- Gürcüstanda “Xarici agentlər haqqında” qanunun əleyhinə keçirilən aksiyalara görə ölkədə vəziyyət getdikcə gərginləşir. Bu cür daxili qarşıdurmaların hansı siyasi nəticələri ola bilər? Qərb-Rusiya qarşıdurması yaranarsa, Gürcüstan üçün “İkinci Ukrayna” ssenarisi gözlənilirmi?

- Gürcüstanda prezident ilə baş nazir əks mövqelərdə dayanırlar. Prezident Qərbin dəstəyini istəyir, baş nazir isə sərmayəsinin 20 faizdən çoxu xarici ölkələrdə yerləşən şirkətlərin hesablarının nəzarəti ilə bağlı qanuni tənzimləmələr etmək istəyir. Lakin bu tənzimləmələrin reallaşmasından ölkənin bir qismi, eyni zamanda Qərb narahatdır. Baş naziri Rusiyayönümlü olması ilə günahlandırırlar. Burada əsas məqsəd Gürcüstan üzərindən Rusiya ilə bağlı ajiotaj yaratmaqdır. Qərb istəyir ki, bu cür məsələlərlə Rusiyanı sıxışdıraraq bitirsin. Hətta Avropa İttifaqına üzvlük prinsiplərində “Qonşuları ilə problemi olmayan ölkələr nəzərə alınmalıdır”, deyə qeyd olunur. Yəni Qərbin məqsədi mövcud sabitliyi pozmaqdır. Necə ki, Fransa və ABŞ Ermənistana hərbi dəstək göstərərək bölgəyə yerləşmək və Zəngəzur dəhlizini nəzarət altına almaq istəyir, eyni şəkildə Qərb də müəyyən planları üçün Gürcüstana yerləşmək niyyətindədir. Lakin yaxın zamanda Rusiya-Qərb hərbi qarşıdurmasının ola biləcəyini zənn etmirəm. Düşünmürəm ki, Rusiya mövcud vəziyyətdə bunu gözə alsın. Çünki Ukrayna müharibəsi hələ davam edir. Yenə də nəzərə almaq lazımdır ki, əgər Rusiya Ukrayna məsələsini öz lehinə həll edə bilsə, yenidən Qarabağ və Gürcüstan tərəfə yönələ bilər.

- Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Zəngəzur dəhlizinin 2028-2029-cu illərdən tam gücü ilə işləməyə başlayacağını bildirib. Dəhlizin açılmasını kimlər istəmir?

- Zəngəzur dəhlizinin açılmasını ilk olaraq İran istəmir. Çünki öz mənfəətləri ilə tərs mütənasibdir. İranda 40 milyondan çox türk var, ölkənin nüfuzunun ən azı 50 faizi türk xalqıdır. Tehran dəhliz açılarsa, Azərbaycan- Ermənistan münasibətlərinin yumşalmasından və İranın şimal hissəsi ilə Azərbaycanın birləşə bilmə ehtimalından qorxur. İkincisi, Türkiyə ilə dost görünsə də, Rusiya da dəhlizin açılmasını istəmir. Eyni şəkildə, ABŞ, Fransa, Yunanıstan, Hindistan... Bir sözlə, Azərbaycan və Ermənistan arasında daimi sülhü istəməyən bütün ölkələr dəhlizə qarşıdır.

- Azərbaycan istisna olmaqla, Cənubi Qafqaz ölkələrində vəziyyət heç də yaxşı deyil. Gürcüstanı qeyd etdiniz. Hazırda Ermənistanda da qarışıq bir durum hökm sürür. Ermənistanda keşiş Baqratın rəhbərliyi ilə delimitasiyaya qarşı revanşistlərin silsilə aksiyaları bir müddətdir davam edir.

- Azərbaycan siyasətini, iqtisadiyyatını və hərbi sistemini tam qaydasına salmış bir ölkədir. Əlbəttə, qlobal iqtisadi vəziyyətlərdən bütün dünya təsirlənə bilər. Lakin Azərbaycan İkinci Qarabağ müharibəsində, antiterror tədbirlərində və ən son Ermənistanla apardığı sərhəd müzakirələrində özünü sübut edib. Təbii ki, Türkiyə də Azərbaycanın yanındadır, Şuşa Bəyannaməsi də bunun ən son örnəyidir. Nikol Paşinyanın artıq xəyali Qarabağ düşüncəsindən əl çəkməsinə və Ermənistandakı qarşıdurmaların yaxın zamanda sonlanmasına ümid edirəm. Paşinyan müharibədə məğlub olsa da, sonrakı seçkilərdə qalib gəldi. Bu o deməkdir ki, onun arxasında dayanan siyasi bir güc var. Lakin diaspor və keşiş hakimiyyəti buna qarşıdır. Paşinyanın yaxın zamanda devrilməsi gözlənilmir. Çünki daxildə onun dəstəkçiləri çoxdur. Əgər Ermənistan ilə Azərbaycan Zəngəzur dəhlizi məsələsində birgə hərəkət etsələr, böyük qazanc əldə edə bilərlər. Azərbaycan bunun tərəfdarıdır və bölgədə sülhün bərqərar olmasını dəstəkləyir. Paşinyanın da məsələyə iqtisadi vəziyyətləri nəzərə alaraq müsbət yanaşacağını düşünürəm.

- İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra İranda daxili vəziyyət necə cərəyan edə bilər? Rəisinin yerinə kim gələ bilər?

- Hazırda 85 yaşlı dini lider Ayətullah Əli Xamenei müalicə alır. Onun yerinə keçə biləcək ən güclü nümayəndə isə Rəisi idi. Onun ölümündən sonra gözlər Xameneinin oğlu Müctəba Xameneiyə dikilib. Xamenei özü də davamçısının oğlu olmasını istəyir. Helikopterin qəzaya uğraması ilə Rəisinin bir il sonraki seçkilərdə namizəd olma ehtimalı aradan qaldırıldı, eyni zamanda Xameneinin oğlu üçün fürsət yarandı. Türkiyə Milli Kəşfiyyat Komitəsinin keçmiş analitiki Mahir Kaynakın belə bir sözü var: “Bir hadisədən kim mənfəət qazanırsa, günahkarı da orada axtarın”.

- PKK-nın Suriya qolu olan PYD qondarma seçkilər ilə Türkiyənin sərhədində yeni dövlət qurmağı planlaşdırır. Hətta iddialara görə, yeni qurulacaq dövlətin xəritəsi Bəşər Əsədə və Rusiyaya təqdim edilib. Türkiyə bununla bağlı hansı addımı ata bilər

- Bu kiçik dövlətin sərhədlərini ABŞ təyin edib. PYD-nin maliyyələşdirilməsini də ABŞ həyata keçirir. Türkiyə istəmədiyi təqdirdə sərhəddə bu cür terror dövlətləri yaradıla bilməz. Türkiyə artıq NATO-nun idarəçiliyində olmayan bir dövlətdir. Türk dünyasının əleyhinə olan bütün proseslərin cavabı veriləcək. Orta Şərqdəki proseslərə, Suriya savaşı, İraq-İran müharibəsi, PKK, Ərəb baharı kimi nüanslara baxdıqda, bunların hamısının İsrailə aparan bir yol olduğunu nəzərə almaq lazımdır.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm