Müsahibə
Pərviz Cəbrayıl: “Məni Markes və Afaq Məsudla müqayisə etmişdilər”
Pərviz Cəbrayılla ilk müsahibəmiz alınmamışdı. Milli Kitab Mükafatının təqdimetmə mərasimindən bir gün sonra Pərvizə zəng edib müsahibə verməyə razı saldım. Görüş yerinə çatıb sakit bir məkan seçəndən sonra məlum oldu ki, diktofonum işləmir.
Pərvizlə 4-5 saat söhbət edəndən sonra qərara gəldim ki, yaddaşıma güvənib, bu görüşümüzdən bir reportaj yazım. Yaddaşım məni çətinə salmadı və görüş təəssüratlarımdan geniş bir material hazırladım və o vaxt çalışdığım qəzetdə çap etdirdim.
Bu dəfə müsahibə üçün Pərvizə zəng etməmişdən öncə diktofonumu yaxşı-yaxşı yoxladım və keçən il baş tutmayan müsahibə üçün getdiyim məkana yenidən, amma hazırlıqlı şəkildə yollandım. Əvvəlcə sakit bir məkana çəkilib yerimizi rahatladıq, verəcəyim sualları beynimdə götür-qoy etmədən diktofonu yandırıb masanın üzərinə qoydum. Pərviz də rəsmi, müdirikanə müsahiblərimdən fərqli olaraq rahat və təvazökar halıyla yerini rahatlayıb bir siqaret yandırdı. Bir xeyli olub-keçənlərdən, ədəbiyyatın indiki durumundan, ədəbi proseslərdən, baş verən yeniliklərdən danışdıq. Aramızdakı dostluqdan ürəklənib Pərvizə istədiyim sualı çox rahatlıqla verirdim. Elə Pərvizin özü də standart, qəliblərə uyğun müsahibə vermək fikrindən uzaqdır: “Qardaş, nə müsahibə? Söhbətimizi edək, neçə saat çəkər-çəkər. Sən də uyğun bildiyin hissələri seçib yazarsan.” Bu təklif mənim də ürəyimcədir. Standart müsahibələr xeyli yorucu və darıxdırıcı olur. Pərvizin təklifi lap yerinə düşür. Bir sözlə, iki dost qabaq-qənşər əyləşib söhbətləşirik. Heyf ki, söhbətimizin böyük hissəsi bu yazıdan kənarda qalır.
“Yazıları içimdə yazıram, elə də qalır”
İlk kitabını 12 il əvvəl, dostlarının ciddi israrı və dəstəyi ilə çap etdirən Pərviz mənim xahişimdən sonra fikirli-fikirli yenidən o günlərə ekskurs edir. İlk hekayəsinin çapından, ona MKM qazandıran “Yad dildə”nin çapına qədər keçən zaman kəsiyində baş verənləri, yaradıcılıq prosesinin müəyyən detallarını mənimlə bölüşür:
”İlk hekayəmi “Azadlıq” qəzetinin “Ədəbi azadlıq” əlavəsində, Orxan Fikrətoğlunun bir hekayəsi ilə birlikdə çap etdirmişdim. Hərdən mətbuatda şeirlərlə də çıxış edirdim. Mənim nəsrim haqqında ilk ədəbi-tənqidi yazını Cavanşir Yusifli yazmışdı. Yazı çox yaxşı olsa da, bir yerdə haqsızlıq etmişdi. Yazmışdı ki, Pərvizin yaradıcılığı kitabdan gəlir. Mən də çox baş sındırandan sonra başa düşdüm ki, bu “kitabdan gəlmək” nə imiş. Sən demə, mənim hekayələrim oxuduqlarımın təsiri ilə yazılıb. Halbuki yaradıcılığımda qətiyyən mütaliənin, kitabın təsiri hiss olunmur. İlk kitabımı dostlarımın təkidi ilə hazırlamağa qərar verdim. Xüsusilə Qənimət Zahid kitabımın nəşr olunması üçün çox israr edirdi. Başqa bir dostumuz Əli Qorqud isə kitabın çapına maliyyə dəstəyi verirdi. Amma mən kitab çapı haqqında ümumiyyətlə, düşünmürdüm. Başqasının pulu ilə kitab çıxarmağı qəbul etmirdim. Amma dostlar, Salam Sarvan, Qənimət Zahid məni həvəsləndirdi. Mən romanı yazmışdım, amma üzərində işləməmişdim. Bu barədə bir balaca tənbələm. Gərək dostlar məni bu işə həvəsləndirsin. Yazıları içimdə yazıram, elə də qalır.”
Özümü saxlaya bilməyib dillənirəm:
- Bu bir az da, yazını öz içində öldürməyə bənzəyir... Mənə elə gəlir ki, yazını içində yazıb saxlamaq yazının ölümüdür...
Pərviz fikrimlə razılaşmır: “Yox, mən elə düşünmürəm. Yazının yazılması onun ölümüdür. Kitaba çevrilməsi, kitab nəşri isə sanki onu tabuta qoyub yola salmağa bənzəyir. Mən “Öləngi” romanını yazıb bitirsəm də üzərində işləmirdim. Kitabın nəşri ideyası ortaya çıxan kimi romanı işləməyə başladım və Qənimət Zahid də kitabın redaktoru oldu. Kitabda roman və şeirlərdən başqa 7 hekayə var idi. Redaktor israr elədi ki, hekayənin biri kitabda getməyəcək. Sözün açığı, mən yeddi rəqəmini, onun mistikasını sevirəm. Qəribədir ki, o kitaba salınmayan hekayəmin adı da “Yad dildə” idi. Mən bu hekayənin qalmağında israr etsəm də, Qənimət mövqeyini dəyişmədi. Çox doğma olsa da, təkrar oxuyandan sonra gördüm ki, kitabdakı ən zəif hekayədir. Amma bu hekayənin kökü, rişəsi qaldı ürəyimdə. Və başladım romanı yazmağa. Proses təxminən 9 il çəkdi. Rusiyaya getdim, başqa problemlər başımı qatdı. Romanın son variantda adı “Mən Allah deyiləm” idi. Amma baxırdım ki, bu adla roman yazılıb başa çatmır.Sanki Allah bu romanın yazılmasını istəmirdi. Başa düşdüm ki, burda həmidherisçivari qəribə bir mistika var və əsərin adını hekayənin adına uyğun olaraq “Yad dildə” elədim. Ondan sonra sanki hansısa bir qüvvə mənə yol açdı və əsər öz axarına düşdü. Amma “Yad dildə”ni də bitirə bilmirdim. Kitabın redaktoru dostumuz Anar Mahmudoğlu romanı oxudu və mənə israr elədi ki, əsər bitib. Amma mən Anarın redaktə elədiyi son varianta da əlavələr elədim. Anar deyirdi ki, əgər işləsən, davam etsən, bir romanın yazılmağı bir ömür davam edər. Ancaq bu variantda roman oxucu üçün bitib. Beləcə, “Yad dildə” çap olundu”.
“Rafiqin yoxluğuna inanmaq çətindir“
Pərviz yaradıcı prosesdən o qədər şövqlə danışır ki, əlimi çənəmə qoyub onu dinləyirəm. Qəfildən yadıma düşür ki, “Öləngi”yə ön sözü mərhum yazıçımız Rafiq Tağı yazıb. Pərvizə bunu xatırladıram. Araya sakitçilik çökür və Pərviz növbəti siqaretini yandırır:
“O vaxt ölkədə yeganə yaradıcı təşkilat Azərbaycan Yazıçılar Birliyi idi. Hələ Azad Yazarlar Ocağı yaranmamışdı. Azad düşüncəli yazarların bir-biri ilə münasibəti çox yaxşı idi. Rafiq Tağı da bizim ən yaxın dostumuz, bizlərdən biri idi. Rəhmətlik Rafiq Tağı haqqında çox xoş sözlər demək mümkündür. Amma onun haqqında keçmiş zamanda danışmaq, yoxluğuna inanmaq çox çətindir. Mənə elə gəlir ki, ona heç nə olmayıb, biz bu yaxınlarda yenidən görüşəcəyik. Hərdən 5-6 ay görüşmürdük və görüşəndə də əvvəlki kimi mehriban və doğma adamlar kimi görüşürdük. Rafiqin yoxluğuna inanmaq çətindir. O vaxt tanınmış yazıçılara ön söz yazdırmaq, “xeyir-dua” almaq daha çox dəbdə idi. Amma mən istədim ki, kitabıma ön sözü dostum Rafiq Tağı yazsın. Biz Rafiq Tağını öz yaşıdımız, nəsildaşımız bilirdik. Heyf ki, ölümündən əvvəl gənclərin bəzilərindən incik düşmüşdü...
Mənim üçün Rafiq çox doğma və tay-tuşum kimi idi. “Öləngi”ni ona verəndə xahiş elədim ki, ürəyindən keçən bir yazı yazsın. Hətta tənqid eləsin. Kitabı verdim və çıxıb getdim rayona. Gəncliyimdə belə qəfil gedişlər olurdu. Qəfildən işdən çıxırdım və gedirdim rayona. Rəhmətlik atam məcbur etməyənəcən geri qayıtmırdım. O zaman övladlarım da məktəbli deyildi. Bu dəfə də romanı Rafiq Tağıya verib çıxıb getdim. Qayıdanda eşitdim ki, Rafiq Tağı məni axtarıb. Zəng elədim, kefini soruşdum. Romanı çox təriflədi, yazı tərzimi bəyəndiyini dedi. Eyni zamanda mənim özüməinamsızlığımı tənqid elədi. Bu fikirlər mənə stimul verdi. Eyni zamanda, dostumuz Əlinin də maddi köməyi oldu və Rafiq Tağının ön sözü ilə kitab çap olundu. Rafiq Tağının yazdığı bir fikir sonradan tənqidçilərə istiqamət verdi ki, mənim haqqımda fikir desinlər. Üslubum əslində başqa yazıçıya yaxın olsa da, Rafiq bəy yazmışdı ki, mənim nəsrim “kafkavari”dir. “
O, yersiz müqayisələrdən narazıdır...
“Sonradan Əsəd Cahangir də, Tehran Əlişanoğlu da öz yazılarında bu fikri çox qabartdılar. Çoxları yazdı ki, mən Kafkanı guya imitasiya etmişəm. Əsəd Cahangir də imitasiya məsələsini yazmışdı. Tənqidçilər kitabım haqqında yazanda mən Rusiyada idim. Mən bilən kitab haqqında ilk yazan Nərgiz Cabbarlı olub. O da məni Markes və Afaq Məsudla müqayisə etmişdi. Müqayisə olunmaq yazıçı eqosu baxımından bir balaca qəbul edilən deyil. Amma mən Əsədlə söhbətimdə ona dedim ki, əgər sən ön sözə, səndən əvvəl yazılan yazılara uymasaydın görərdin ki, “Öləngi”də Herman Hessenin “Yalquzaq” əsərinin estetikası var. Müqayisələrdə bəzən xoşagələn məqamlar da olur. Məsələn, Rafiq Tağını Çexovla müqayisə edəndə xoşuna gəlirdi. Xalid Kazımlı da məni Nobel mükafatçısı Lyosa ilə müqayisə etmişdi bir yazısında. Sözün açığı, Lyosa ilə müqayisə olunmağımdan narahatçılıq keçirməmişdim. Lyosa mənim üçün elə-belə yazar deyil. Düzdür, bəziləri Markesi Lyosa ilə müqayisə edib üstünlüyü Lyosaya verir. Ancaq məncə, Markes öz romanları ilə, Lyosa ictimai kimliyi ilə nəhəngdir. Xalid bəyin yazısı mənə çox ləzzət eləmişdi. Sonra Güneyli yazar dostumuz Ruqiyyə Kəbiri də məni Lyosa ilə müqayisə eləmişdi. Amma etiraf edim ki, mən hələ də Lyosadan heç nə oxumamışam.”
İçib bir cümlə də yaza bilmərəm...
Yazıdan, yazıya qədərki proseslərdən, ədəbi-tənqiddən uzun-uzadı danışandan sonra Pərvizin içkiyə olan münasibətini öyrənmək istəyirəm. İstəyirəm ki, bir az da yazı prosesindəki ruh halından, ruhi vəziyyətindən danışsın. Yazıçıların bohem həyata meylinin hardan qaynaqlanması ilə bağlı Pərvizin fikirləri etiraf edim ki, mənim özüm üçün də maraqlı olur:
“Yazıçı haqqında -malı, -məli şəkilçilərini qəbul eləmirəm. Yazıçı haqqında bohem olmalıdır deyənlərlə də, ciddi, ütülü olmalıdır deyənlərlə də razılaşmıram. Yazıçı istənilən halda ovqatda ola bilər. Səliqəli, ütülü, ciddi də ola bilər, içki içən, bohem, avara da. Bunun bir modeli yoxdur. Məsələn, mən bildiyim qədər Orxan Pamuk yaradıcı prosesə çox ciddi və hətta iş günü kimi yanaşır.Amma çox ciddi yazıçılar olub ki, içki və bohem həyatın düşgünü olublar. Demək olmaz ki, avaragorluq etməyən yazıçı yaxşı yazıçı deyil. Eyni zamanda içki içən, bohem həyat yaşayan yazıçılar haqqında da “yaxşı yazıçı deyil” demək uğursuz ifadədir. Mən şəxsən içib bir cümlə də yaza bilmərəm. Hətta içib şeir də yaza bilmərəm. Romana başlayanda içkini biryolluq atıram. Mən yazı prosesini müqəddəsləşdirirəm. Bunun dinlə, inancla əlaqəsi yoxdur. Hesab edirəm ki, bu prosesdə ruhu azdıran əlavə təsir olmamalıdır. Mayanı çürütmək olmaz. Mən yazı prosesində içmirəm. Riyazi dəqiqliklə yazıram.”
Səmimi, təvazökar...
Ədəbi cameənin Pərvizə münasibəti birmənalı deyil. Bunu özünə xatırladıram. Gülümsəyir. Sanki belə şeylər onu qətiyyən narahat eləmir. Müsahibələrdən adının çıxarılması, haqqında deyilən insafsız fikirlər, sanki onu kölgədə saxlamaq istəyi onu ciddi şəkildə narahat eləmir:
“ Hərdən mənə elə gəlir ki, bu düşünülmüş addımdır. Mən 2006-cı ilə qədər fikirləşirdim ki, yeni yazısı çıxan dostumuzu zəng edib təbrik etmək, ona xoş söz demək daha yaxşıdır. Axı buna niyə sevinməyəsən? Axı bizim ədəbiyyatdan başqa nə gəlirimiz var ki? Bizim gəlirimiz də dostların, oxucuların xoş sözüdür. Bunu bir-birimizdən niyə əsirgəməliyik axı? Axı yazı adamının bundan başqa nə təsəllisi, nə sevinci ola bilər ki? Biz bu xoş sözü də, bu mehribançılığı da bir- birimizə çox görürük. Mən bu münasibəti başa düşə bilmirəm. Hansısa məclisdə adımı çəkib məni tərifləyən adamlar müsahibə verəndə məndən başqa hamının adını çəkir. Hansı ki, təriflədiyi adamların hamısı onun gözündə ondan kiçik adamlardır. Bu şeylərə görə mən də heç kəsin adını çəkmirəm. Düşünürəm ki, zəif yazıçı, zəif şair kimi kiminsə adını çəksəm o mənə görə oxucusunu itirə bilər. Axı bu adamlar məni zəif yazar hesab edirlər...”
- Bu sözləri deyəndə Pərvzin üzünə baxıram. Zərrə qədər də kinayə hiss olunmur.Təvazökarlığı gözlərindən oxunur. Amma başa düşürəm ki, dostum bu biganəlikdən və qədirbilməzlikdən narahatdır.
Pərvizlə 4 saatlıq söhbətimizin hamısının yazıya köçürülməsi o qədər də çətin deyil. Çalışdım ki, söhbətimizin diqqət çəkən məqamlarını, maraqlı fikirləri oxucularla bölüşüm. Nə bilim, bəlkə də ən maraqlı fikirləri, ən lazımlı söhbəti yaza bilmədim...
Cəlil Cavanşir
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı