“Eynulla ona edilən yaxşılıqları itirdi“
Bizi izləyin

Müsahibə

“Eynulla ona edilən yaxşılıqları itirdi“

Mətbuatı gündəlik izləyənlər Natiq Cavadlı imzasını yaxşı tanıyır. Müsahibi ilə əlbəyaxaya çıxır təsiri bağışlayan, hər müsahibəsi barədə uzun müddət danışılan Natiq Cavadlı ilə mübahisədən, qalmaqaldan kənar söhbətə iki sumqayıtlı kimi başladıq:

- Sumqayıtlıların hamısı kimi sən də iddia edəcəksən ki, orada həyat Bakı ilə müqayisədə daha rahatdır.

- Bəli. Tıxacsız, sakit şəhərdə yaşamaq daha asandır. Sovet dövründəki Sumqayıt haqda yaradılmış kriminal şəhər təəsüratını indi hiss etmək olmur. Bir də ki, gənc şəhər olduğu üçün "korenoy" şəhərli söhbətləri Sumqayıtda keçərli deyil. Onsuz da köhnə sumqayıtlı demək olar ki, qalmayıb.

- Harda yaşayır-yaşasın, kiminlə söhbət etsək eşidərik ki, həyatın marağı qalmayıb...

- Həyat həmişə maraqlıdır. Baxır, kim necə yaşayır. İnsanların maddi sıxıntısı, istədikləri işlə məşğul ola bilməməsi və ya gündəlik çətinliklər həyatı ağırlaşdırır.

- Səni məişət məsələləri sıxır?

- Məni evdə demək olar ki, heç bir məişət problemi ilə yükləmirlər. Günümün çox hissəsi işimə, bir də mütaliəyə gedir. Yaxşı filmlər tapıb izləyirəm.

- Hansı mövzuda?

- Ən çox insan xarakterini açan, psixoloji filmlər. Filmə baxmağı gündəlik vərdiş halına gətirmişəm. Hər filmdən sonrakı təəsurat mənim üçün yeni yazıya başlamaq üçün kifayət edir.

- Bəs bizdə niyə yaxşı filmlər çəkilmir? Heç yazmısan bu barədə?

- Çünki pul yoxdur. Yaxşı film üçün təkcə yaxşı süjet xətti və ideya kifayət eləmir. Bunun həm də texniki tərəfi var. Kinoya dövlət tərəfindən ayrılan maliyyənin nəticəsini isə hələ görən olmayıb.

"Müsahibi öz meydanına buraxdınsa, deməli uduzdun"

- Sənin haqqında deyirlər ki, müsahibi döyürsən...

- Döymək niyə? Qızıl qaydalar var. Müsahibi öz meydanına buraxdınsa, deməli uduzdun. Oyunun sonuna qədər hücumda olmaq lazımdır. Yaxşı müsahibənin əsas şərti mübahisə və razılaşmamaqdır. Yoxsa müsahib dediyi hər şeylə razılaşırsansa, ortada heç bir mübahisə yoxdursa, o mətndə oxucuya maraqlı heç nə olmayacaq. Bu qeyri-peşəkarlıqdır.

- Başqa nələrlə razılaşmırsan?

- Mən tənhalığı sevən adamam. Özümə qapılıram. Həyat haqda ən yaxşı söhbətləri insan özü ilə edir. İnsanlarla ünsiyyətdə olmaq çox yaxşıdır. Özü ilə söhbət isə tamam ayrı şeydir. İnsan özünü muhakimədə razılaşırsa, yaşamaq da asan olur. Mən ixtisasca tarix müəllimiyəm. Bir müddət hətta orta məktəbdə dərs də keçmişəm. Dərs demək çox xoşuma gəlirdi. Ancaq indi iş elə gətirib ki, dərs deməklə dolanmaq çətindir. Bax, bununla razılaşa bilmirəm. Yaxşı şərait olsaydı, öz ixtisasım üzrə işləyərdim. Həm də, bu işdən böyük zövq alardım.

- İndiki ictimai-siyasi həyat jurnalist üçün maraqlıdırmı?

- Qətiyyən. Mətbuatla gündəlik maraqlanan insanların sayı azalır. Özümüz yazıb özümüz oxuyuruq. Siyasi həyatda isə canlanma yoxdur. Köhnə insanlar, köhnə iddialar, köhnə bəyanatlar. Həm iqtidar, həm də müxalifyönlü siyasətçilər 5-6 il qabaq hansı açıqlamanı verirdilərsə, qarşı cinaha hansı atmacanı atırdılarsa, eyni sözü təkrarlayırlar. Müsahibi danışdırmadan da köhnə qəzet materiallarından 5-6 il qabakı açıqlamalarını götürüb çapa versək, heç kimin ruhu belə inciməz. Yenilik, canlanma, yeni söz olmayan cəmiyyət isə jurnalist üçün maraqsızdır.

"Hakimiyyətə kimin gəlib-getməsindən daha maraqlı mövzular var"

- Yenilik yoxdur deyirsən. Müxalifət partiyaları hər həftə mitinq elanları verir.

- Mən ancaq jurnalist kimi o mitinqlərə qatılıram. Kontingentdə dəyişiklik yoxdur. Uzaqbaşı bir qrup gənc var ki, maraq xatirinə, nəyinsə dəyişəcəyi ümidi ilə mitinqə gəlir. Həmin gənclərin sayının azlığı isə məni əksinə, sevindirir. Gözümün qabağına hərəkatlara, mitinqlərə qurban gedən gənclik gəlir. Hansılar ki, onlar ən yaxşı dövrlərini hərəkata sərf etmişdilər. O gəncliyin arzuları, ümidləri puç oldu. Hamısı düşünürdü ki, liderləri hakimiyyətə gəlib bu zəhmətlərin heyfini çıxacaq. İndiki gəncliyi isə aldatmaq bir az çətindir.

- Sən necə, hərəkat dövrünün mitinqlərinə qatılırdın?

- İlkin baş tutan mitinqlərə qatılmışdım. Sonra əsgərliyə getdim. Qayıdıb gəldikdən sonra isə, uzun müddət mütaliyə ilə məşğul oldum. Dünya ədəbiyyatını oxumaq ləzzətinə qapıldım. Mitinqlər, siyasi axınlar bütün mənfiliyini o vaxtın gənclərinin üstünə axıtdı. Gələcəyi sarsıtdı.

- Sənin ümidin yoxdur deməli...

- Söhbət mənim ümidimdən getmir. Şəxsi ambisiyalar xatirinə gəncliyi qurban eləmək, təhsildən yayındırmaq, mitinqlərdə qaçdı-tutdu oynamaq ədalətli deyil.

- Dünya məsələləri deyəsən gözündən düşüb...

- Dünya mənim üçün olduğu yerdə qalıb. Hakimiyyətə kimin gəlib-getməsindən daha maraqlı mövzular var. Kino var, ədəbiyyat var, insanın yaranış səbəbinin libidonun olduğuna inanmamaq, hər şeyin sevginin məhsulu olduğuna inanmaq var. Hər şeyi libidoya bağlamaq ucuzlaşdırmaqdır. Müqəddəsliyi, təmizliyi itirməkdir.

"Toylara az–az getsəm də hiss edirəm ki, orda bəylə gəlindən başqa hamı xoşbəxtdir"

- Sən deyəsən, nağıllara da inanırsan.

- Əlbəttə, inanıram. Nağıl olmasa, iki insan bir–birini sevməzdi, üçüncü insan yaranmazdı. İnsanların səmimiliyinə inanmaq lazımdır. Guya deyirlər, saxtakarlıq baş alıb gedir. Ana öz övladını saxtakarcasına öpür? Yox! Saxta ağlamaq olur? O dediyim möcüzələr, nağıllar bu gün də var həyatımızda. Anasının döşündən süd əmən körpə anasının əllərinə möcüzə kimi baxır. Bunları görmək insanın gözündə o siz dediyiniz insanın dünya ilə əlləşməsini kölgədə qoyur.

- Möcüzə dediyin qadına bizim cəmiyyətdə necə yanaşılır?

- Cəmiyyətimizdə mental dəyərlər kimi bizi sıxan, inkişafdan saxlayan heç nə yoxdur. Milli dəyərlərə qayıtmağı bizdə arxaikləşmək kimi başa düşdülər. Biz inkişafdan qalmaqla bərabər, geriyə addımladıq. Cəmiyyətimizdə nə qadının, nə də kişinin hüququ yoxdur. Heç kim öz istədiyi kimi yaşamır. Bakirəlik, zifaf gecəsi kimi iki insanın sirri, intim mövzular qonşuların, el-obanın müzakirə yeri olur. Burda heç bir dəyərdən söhbət gedə bilməz. Nəticədə iki insanın münasibəti saxtalaşır. Bakirəliyin tibbi bərpasını gündəmdə saxlayan cəmiyyət hələ də hansısa dəyərdən danışa bilir. Toylara az–az getsəm də hiss edirəm ki, orda bəylə gəlindən başqa hamı xoşbəxtdir. Ora yığışanlar hamısı öz haylarındadır. Hamı nəyisə nümayiş etdirmək üçün gəlib. Axşam isə hamılıqla yığışıb gəlinin bakirəliyini müzakirəyə çıxaracaqlar. Gəlin də, bəy də gərginlikdən toyun sonuna qədər yeni başladıqları həyata nifrət etməli olur. Hər şey çox uğursuz başlayır. Qadına dəyər zinətlə ölçülmür. İndi qadın haqları ilə bağlı əcaib şeylər təbliğ edilir ki, bunların hamısı qadına qarşıdır. Ümumiyyətlə bütün ictimai, siyasi, ədəbi dəyişiklik, dinlər həmişə qadına qarşı olub, qadını sındırmağa hesablanıb. Bax, bu rəsimlərdə (divardakı tabloları göstərir) ancaq çılpaq qadınlar təsvir olunub. Rəssamlar, şairlər qadınları qəti şəkildə sevmir. Onu çılpaq təsvir etməklə sanki, qisas alır. Rafiq Əliyevin gözəl sözü var idi:

Qadına mənanın gözü ilə baxmaq. Bu qədər çətin, qaranlıq bir gedişatda heç olmasa, qadınların gözəlliyi ilə təsəlli tapmaq olar. Bax, o rəssam qadını sevsəydi, o mənanı qadının gözlərində axtarardı, daha onu soyundurmazdı.

"Qadın bir az kişi, kişi bir az qadın olmalıdır"

- Qadın haqlarının müdafiəsinin nəyi pisdir ki?

- Qadın heç vaxt kişi ola bilməz, kişi isə qadın. Qadın kişiyə arxa olmaq üçün bir az kişi, kişi isə qadının zərifliyini duymaq üçün bir az qadın olmalıdır. Qadını bir baxça kimi təsəvvür edin. Kişini isə bir bülbül. Bülbül o baxçaya girərkən heç otları da tapdamamalıdır. Qadının incəliyi dünyanın qarışıq vaxtında məlhəmdir.

- Ədəbiyyatda necə, qadının təsfirini qadına nifrət kimi qiymətləndirmirsən ki?

- Müasir ədəbiyyatı hər dəqiqə izləyirəm. Təkcə qadın yox, müasir ədəbiyyatda hər şey məni heyrətləndirir. Qadına gəlincə isə, Seymur Baycanın "Quqark"ındakı qadının təsviri insanı qadın gözəlliyi qarşısında acizləşdirir. Ancaq Seymur Anuşa qarşı vicdanlı davranmamışdı. Ona inanan, sığınan qadının ümidlərini qırmışdı. Buna elə pis olurdum ki..."Quqark" a gəldikdə isə bu müasir ədəbiyyatda muharibənin təsvirini ən səlist verən avtobioqrafik romandır. Rayonun boşaldılmasının təsviri, çörək növbəsi insanın varlığını sarsıdır.

"Mənim də adım var idi : "Elli"

- Sənin hər şeyə xüsusi yanaşman var.

- Bu Asif Ata ocağından irəli gəlir. Orda bizə təbliğ edilən kamillik, insani dəyərlər bəlkə də məni hər şeydən kənarda qalmağa, hərislikdən uzaq durmağa kömək elədi.

- Asif Ata ocağına toplaşanlara xüsusi adlar qoyulurdu.

- Mənim də adım var idi : "Elli"

"Eynulla haqqında danışmaq belə istəmirəm"

- Siyasi qarşıdurmalara qarışmasan da, Eynulla Fətullayevlə münasibətlərinin sonu səni bir az siyasiləşdirdi.

- Bunun siyasətə aidiyyatı yoxdur. Eynulla Fətullayev məsələsi mənim üçün çoxdan bitib. "Həbsdə yalnız bir jurnalist var" ifadəsini işlədən insanla məni heç nə bağlaya bilməz. Bu o deməkdir ki, bir jurnalistin həbsdə olması elə də böyük hadisə deyil. Halbuki, o həbsdə olanda beynəlxalq təşkilatların nümayəndələri onun haqqında da belə deyirdilər. Amma əksinə, bir jurnalistin həbsxanada olmasını dəhşətli hadisə kimi qeyd edərək. Bu insanın həbsdən çıxmasına səbəb bizim davamlı şəkildə aksiyanı davam etdirməyimiz olmuşdu. O isə bunu həbsdən çıxan kimi mövqe dəyişdirməklə, jurnalist həbsini kiçik hadisə kimi təsvir etməklə qiymətləndirdi. Ona edilən bütün yaxşılıqları itirdi. Onun haqqında danışmaq belə istəmirəm.

- Deyəsən, özünü aldadılmış hiss edirsən.

- Qətiyyən içimdə elə bir hiss yoxdur. Küçədə gəzəndə bütün insanları aldadılmış, qəm-kədərə düşkün görürəm. Sumqayıtda zəhərli zavodların hesabına Sovet dövründə insanların rəngi tutqun, saçları isə tez ağarmış olurdu. İndi bütün ölkədə insanlar kədərli, qaralmış vəziyyətdədir. Bu da az mütaliyədən xəbər verir. İnsan özünə nə qədər yaxın olmaq istəyirsə, bir o qədər kitablara sarılmalıdır, özü ilə müzakirələr aparmalıdır.

- Gələcəklə bağlı nə təsəvvürlərin var?

- İnsan bu günü ilə yaşamamalıdır. Mitinqlər, siyasi dəyişikliklər, qalmaqallar gəldi-gedərdir. İnsan özünü tanımalıdır, insanlığı tanımalıdır. Dünyaya gözəlliyin, mənanın gözü ilə baxmalıdır. Həyatı çətinləşdirmək lazım deyil, ona məna qataraq yaşamaq lazımdır.

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm