Nida.az
Avtoritetin dəfnində böyük izdihamın səbəbi - RƏYLƏR
Dünən və bu gün medianın gündəminin əsas mövzusu məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Rövşən Canıyev) İstanbulda güllələnməsi oldu. Medianın mövzunu gündəmdə saxlaması isə birbaşa olaraq insanların kriminal dünyaya, kriminal avtoritetlərə olan böyük marağı ilə izah oluna bilərmi?
Bu gün məşhur avtoritetin Lənkəranda dəfn mərasimi keçirildi. Dəfn mərasimində böyük izdiham yaşanıb. Belə böyük izdiham dahi bəstəkar Üzeyir Hacıbəyovun, xalq şairi Səməd Vurğunun, Sövet İttifaqı Qəhrəmanı Həzi Aslanovun dəfn mərasimlərində yaşanıb. Amma çox hallarda tanınmış elm və incəsənət adamlarının dəfn mərasimində barmaqla sayılacaq qədər insana rast gəlirik. Yaxud aprel hadisələrində qəhrəman şəhidlərimizin dəfnində belə izdiham oldumu? Bəs indiki qələbəliyin səbəbi nədir?
Azərbaycan ictimaiyyətinin kriminal dünyaya olan bu böyük marağı nə ilə bağlıdır? Bu suala cavab tapmaq üçün Publika.az kiçik bir sorğu aparıb.
"Azvision.az" xəbər portalının baş redaktoru Vüsal Məmmədov qeyd edir ki, kriminal avtoritetlərə olan münasibət sovet dövründən qalan bir düşüncədir: "İnsanlar haqq ədaləti polis və digər hüquq mühafizə orqanlarında tapa bilməyəndə oğru dünyasına üz tutaraq axtardıqlarını, orada tapa biləcəklərinə ümid edirdilər".
1990-cı illərdə oğru dünyasını romantikləşdirən və qəhrəmanlaşdıran kitablar və yazıların çıxdığını xatırladan V.Məmmədov qeyd edir ki, bu kitablar və yazılar da sovetlərdən qalan düşüncəni möhkəmləndirib: "Məsələn, belə fikirlər olurdu ki, çox yaxşı və qeyrətli insanlar həbsxanadadırlar və onlar vəziyyətə nəzarət edirlər. Üstündən xeyli vaxt keçib. Amma görünür, insanların bəziləri haqqı, ədaləti və həqiqəti axtaranda hələ də hesab edirlər ki, bunu qeyri-real yollarla, qanuni oğruların köməyi ilə bərpa etmək mümkündür".
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafahesab edir ki, insanların böyük əksəriyyəti daxilən qəhrəman olma duyğusunu yaşaya bilmirlər. Onun sözlərinə görə, bu insanlar hansısa qaranlıq və gizli bir dünyanın içindən çıxan insanların həyatını şişirtməklə məşğul olur, özləri üçün əlçatmaz illüziyalar və xəyallar yaşayırlar,
Milli Məclisin deputatı qeyd edir ki, insanların böyük maraq göstərdiyi şəxslərin özləri yaxşı həyat sürmürlər: "Hər nə qədər əyləncə ilə məşğul olsalar da, istirahət etsələr də, həmişə nəzarətdə və həbsxanalarda iztirab içində yaşayırlar. Baxmayaraq ki, təsiri, nüfuzu və insanların üzərində qorxusu olur, amma onların özlərinin də xüsusi xidmət orqanları və polisdən xüsusi qorxuları olur. Kriminal ünsürlər məhz polisə, xüsusi xidmət orqanlarına lazım olduğu üçün şişirdilib gündəmdə qala bilirlər. İnkişaf etmiş cəmiyyətdə kriminallara bu cür diqqət olmur. İnkişaf etmiş ölkələrdə bir alim öləndə böyük izdiham yaşanır. Məsələn, Türkiyədə Mehmet Akif öləndə bu cür izdiham yaşanıb. Amma Azərbaycanda Xudu Məmmədov öləndə bu cür izdiham yaşanmayıb. İtkinin dəyərini cəmiyyət çox vaxt doğru müəyyən edə bilmir. Bu baxımdan da bu, gözləniləndir. İnsanlar öz içində yaşatdığı qəhrəmanlıq illüziyasını kriminal avtoritetlərə köçürərək onların həyatını yaşayırlar. Amma sonradan bu, unudulur. Bunlar bir müddətin emosional, qalıcı olmayan duyğulardır. Onların hansısa müsbət əməlləri ola bilər, amma eyni zamanda, mənfi əməllər silsiləsindən – oğurluq, qətl və qarətlərdən söhbət gedir. Bunların hamısı bir ömür yolunun içində yer alır. Bu baxımdan, hər halda təzadlı bir münasibətdir".
"Musavat.com"un baş redaktoru Xalid Kazımlı bildirib ki, Rövşən Lənkəranskinin yüzlərlə, minlərlə insanın həyatına təsir edən addımları və qərarları var idi: "Mənim bildiyimə görə, onun leqal biznesi və milyonları var idi. Bu baxımdan, onun addımları və qərarları yüzlərlə, minlərlə insanın həyatına təsir edirdi. Ümumiyyətlə, şöhrətli, bir neçə ölkədə tanınan adamların ölümü həmişə böyük ajiotaj doğurur. Mən bunu kriminal dünyaya diqqət kimi yox, sadəcə məşhur bir adamın ölümünə diqqət kimi qiymətləndirirəm. Dəfn mərasimlərində izdihamın olub-olmaması onların əhatə dairəsi ilə bağlıdır".
Ömər Dağlı
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar