Gülənin Bakıdakı Kərimlisi: FETÖ-nün FƏTOŞçuları
Bizi izləyin

Nida.az

Gülənin Bakıdakı Kərimlisi: FETÖ-nün FƏTOŞçuları

Fətullah Gülənin yaratdığı və rəhbərlik etdiyi "Hizmet" hərəkatı Türkiyəni hörümçək toru kimi başına götürməklə kifayətlənməyərək, qarşısına qoyduğu aralıq məqsədlərdən birinə çatmaq üçün iyulun 15-də dövlət çevrilişinə cəhd göstərdi. Bu, hərbi çevriliş yox, məhz dövlət çevrilişinə cəhd idi, çünki Gülən tərəfdarlarının hədəfi ordunun vasitəsilə hakimiyyətə gəlmək və dövlətin düzənini dəyişməkdi.

Gülən tərəfdarlarının cəmləşdiyi strukturun da Türkiyədə "Fethullah Gülen Terror Örgütü" (FETÖ) adlandırılmasının səbəbi budur.

Fətullah Gülənin hədəfləri Türkiyə ilə bitmir. Yaratdığı hərəkatı "Xalqa və millətə xidmət!" şüarı ilə tanıtdıran, "Hizmet" adlandıran F.Gülən əyalət imamlığından yüksələrək özünü az qala yeni messiya sayır.

Molla Fetullah Gülən hələ 1960-cı illərdə İzmirin əsas məscidində cümə namazlarının imamı olduğu vaxtlardan tanınmağa başlamışdı. 1999-cu ildə o, ölkənin dünyəvi dövlətini təhdid etməkdə ittiham olunur və könüllü siyasi mühacirətə gedir. Sonradan ona qarşı ittihamlara son qoyulsa da o ABŞ-da öz tərkidünya həyatını yaşamağa davam edir. Gülən müsəlman dünyasında ən böyük dini əsaslı vətəndaş təşkilatının rəhbəridir. Onun "Hizmet" ("Xidmət") hərəkatının milyonlarla tərəfdarı olduğu deyilir. Bu hərəkatın 150 ölkədəki ali məktəbə hazırlıq mərkəzlərinin (dershane) sayı 1000-ə çatır.

İcmaya xidməti mühafizəkar dini dəyərlərlə birləşdirən "Hizmet" hərəkatı zahirən mötədil islamın tərəfdarı hesab olunur. Əslində isə bu hərəkatın başlıca məqsədi yayıldığı bütün ölkələrdə hakimiyyətə gəlmək və həmin dövlətləri idarə etməkdir. Təsadüfi deyil ki, "Hizmet"in mənsubları olan imkanlı biznesmenlərdən ibarət sanballı şəbəkə Gülən ideyalarının reallaşması üçün hər il yüz milyonlarla dolları "nurçuluq" aksiomlarının bərqərar olmasına yönəlmiş əməliyyatlara sərf edir.
"Hizmet"in önəmli ünsürlərindən biri də tədris müəssisələri, yəni "dershane", hazırlıq kursları, məktəblər, liseylər, universitetlərdir.

Yeni hədəf Azərbaycan idi

1992-ci il, sentyabrın 4-ü. Azərbaycanın Xalq Təhsili Nazirliyi Bakıda ilk özəl türk liseyinin fəaliyyətə başlaması ilə bağlı "Çağ Öyretim İşletmeleri Şirketi" ilə müqavilə imzalayır. "Çağ Öyretim İşletmeleri Şirketi" bilavasitə "Hizmet"in bir strukturu, Gülənin planlarının tərkib hissəsi idi.

Anlaşmaya ən çox sevinənlərdən biri həmin dönəmdə ölkə prezidenti olmuş Əbülfəz Elçibəyin vaxtında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 27 yaşlı Əli Kərimli idi.
Neobolşevizm, turançılıq, ülküçülük, liberallıq və demokratlığın absurd qarışığından ibarət ideologiyaya tapınan bu 27 yaşlı gənc yaşına, təcrübəsinə, biliyinə və potensialına uyğun olmadığı postda çalışsa da, təhlil qabiliyyəti zəif deyildi. Onun "Çağ" şirkəti və Gülənin tərəfdarları ilə əlaqələri də məhz o zaman başlanmışdı. Həmin "başlanğıc"ın təmənnasız, sadəcə, ideologiyaya köklənmiş əməl olduğunu düşünmək sadəlövhlük olardı. Belə deyildi, çünki Əli Kərimlidə qəflətən, tam təmənnasız olaraq, yəni "millət və dövlət namına" belə mövqenin formalaşdığını düşünmürdülər, indi də şübhələnənlər az deyil.

Bir il keçdi, 1993-cü ilin mayın 1-də Xalq Təhsili Nazirliyindəki Ali Ekspert Komissiyası 1/11 saylı göstərişi ilə Azərbaycanda Qafqaz Universitetinin yaradılmasına qərar verdi.
Həmin dönəmdə Əli Kərimli dövlət katibi idi, təhsil də məhz onun kurasiyasında idi.

Az sonra Bakıda "Araz" hazırlıq kursları fəaliyyətə başladı. Beləcə, təhsilin təriqətçilik və Fəthullah Gülənə tapınmaqla, türkçülüyünsə "nurçuluq" ideologiyasının banisi, kürd "Bədaüzzəman" Səid Nursinin "Risaleyi Nur" makulaturasındakı sərsəm və çox təhlükəli kollaborasionizmlə əvəzləndiyi sistem Azərbaycanda fəaliyyətə başladı.

"Nurçular"ın media imperiyasının "flaqman gəmisi" sayılan, Fətullah Gülənin "benim amiral gemim" dediyi "Zaman" qəzeti həmin günlərdə böyük məqalə dərc etmişdi və məqalənin başlığı da belə idi: "Hedefimiz Azərbaycan!"
1993-cü ildə Azərbaycanda "Zaman Azərbaycan" qəzeti çapa başladı, Mətbuat prospektində böyük çap-nəşr sexi inşa olundu.

Beləcə, Fətullah Gülənin "Hizmet" hərəkatı Azərbaycanda şaxələnməyə, təhsil sistemində və ümumiyyətlə, cəmiyyətdə səmum yeli kimi əsməyə başladı.

"Qafqaz" əla təhsil, "Araz" möhtəşəm biliklər verirmiş?

Qafqaz Universiteti ilə "Araz" hazırlıq kursları Azərbaycanda çox qısa zamanda populyarlaşdı və ən yaxşı, keyfiyyətli təhsil verən müəssisələr kimi tanındı. Gerçəkdən də, Qafqaz Universitetinin tələbələri hər il ən müxtəlif beynəlxalq fənn olimpiadalarında qalib gəlirdilər, "Araz"da hazırlıq keçən abituriyentlər qəbul imtahanlarında ən yüksək ballar toplayırdılar, türk liseylərindəki şagirdlərin valideynləri "hoca"ları tərifləməkdən doymurdular.
Haqsız deyildilər. Amma...

Bu keyfiyyətli təhsil uzunmüddətli perspektivə hesablanmış planın tərkib hissəsi idi və o liseylər, kurslar, universitetdə oxuyanlar Azərbaycanı idarə edəcək yeni "kasta" mənsubları kimi hazırlanırdılar.
"Kasta" artıq formalaşırdı: dövlət qurumlarından tutmuş, özəl şirkətlərədək ən geniş arealda "Qafqaz Universiteti mənsubluğu" tanıtımı vardı. Az qala parola çevrilmişdi bu sözlər. Məhz bu universiteti qurtaran tələbələr başqa ali təhsil müəssisələri bitirmiş gənclərlə müqayisədə daha yüksək maaşlı, nüfuzlu, təminatlı iş tapırdılar.

Fətullah Gülənin Azərbaycandakı şəbəkəsinin təhsil sistemində tələblər yüksək, sistem ciddi idi və şagirdlərlə tələbələr "oxumaq asan deyil" söyləyirdilər.

Və "nurçuluq" təriqətinə bələd olmayan, F.Gülənin məramlarından xəbərsiz olanlar da bu sistemi o ki var, tərifləyirdilər və o təriflər hələ də eşidilir.

Halbuki "sirr mücrüsü" çox asanlıqla açılır: Gülənin hakimiyyəti ələ almağı planlaşdırdığı bütün ölkələrdəki lisey, kurslar və universitetlərdə eyni tələblərdir. Daha doğrusu, "nurçular" hiyləgər və düşünülmüş şəkildə tərpənərək Gülənin "təhsildə McDonald`s sistemi" adlandırdığı strukturu gerçəkləşdirmişdilər.
McDonald`s fast-fud restoranları şəbəkəsində Fillippindəki restoranla Küveyt və ya ABŞ-dakı restoranda eyni iş prinsipi, menyu formalaşdırma məziyyətləri, reklamlar, promouşn, kadrlarla iş mexanizmi və s.-dir. Yəni tam unifikasiyadır.

Gülənin təhsil sistemində də Qırğızıstandakı liseylə Somalidəki lisey arasında fərqlər az idi: eyni tələbkarlıq, eyni ideologiya, eyni proses.

Təhsil səviyyəsinin yüksək olması isə sırf merkantil məqsədlərlə bağlı idi: Fətullah Gülən orta əsrlərdəki katolik ordenlərdə olduğu kimi, "adept"lərini çox sərt hazırlıq mərhələsindən keçirərək onları "əla döyüşçü" etmək istəyirdi.

Tampliyerlər, rozenkreyserlər, hospitalyerlər məhz belə davranırdılar.
Fransada tampliyerlərə divan tutulması və bu ordenin məhvi də məhz onların hakimiyyətə gəlmək istəyi ilə bağlı idi.

Xalq Cəbhəsinin Gülən cəbhəsi

Məhz AXC Azərbaycanda hakimiyyətdə olan illərdə Fətullah Gülənin tərəfdarları ölkəmizdə möhkəmləndilər, kök saldılar, şaxələndilər. "Hizmet"in nəzarətindəki yüzlərlə şirkət, onlarla cəmiyyət və fond Bakıya ayaq açdı, sonra da əyalətə yeridi.

O vaxtlar AXCP sədri Əbülfəz Elçibəyin müavini olmuş Əli Kərimli də "nurçular"dan bəhrələnərək Gülənin sahibi və rəhbəri olan Qərbin bəlli dövlətləri ilə təşkilatlarının yerli favoritinə çevrilmək üçün "Hizmet"in qulluğunda durmuşdu.

Əbülfəz Elçibəy müavinin işlərindən xəbər tutanda AXCP-də böyük qalmaqal yaranmışdı və o kəskin "mübahisə" partiyanın qərargahının yerləşdiyi, "Azadlıq" qəzetinin redaksiyasının da olduğu binanın həyətindəki çayxanaya sıçramışdı.

Kərimlinin Gülənin tərəfdarları ilə ittifaq qurduğundan duyuq düşən Əbülfəz Elçibəy cəza tədbirlərinə əl ata bilməzdi, çünki o, faktiki olaraq bütün səlahiyyətlərini itirmişdi, AXCP-də "konstitusion monarx" funksiyasını yerinə yetirirdi.

Əli Kərimli isə o dönəmdə ətrafındakılarla bahəm "əyalətçi, feodal təfəkkürlü, yenilikləri əxz etməyən Elçibəy tərəfdarları"na qarşı "səlib yürüşü"nə keçmişdi.

Bu "əməkdaşlıq" Əbülfəz Elçibəyin kəskin antipatiyasına səbəb olsa da, Əli Kərimli aktiv fəaliyyətindən qalmırdı. 2003-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində isə F.Gülənin təşkilatı ilə AXCP arasındakı əlaqələr daha da genişləndi.
Gülən özünü "liberalizm və demokratiya carçısı" kimi təqdim edən Əli Kərimli ilə yanaşı, parlamentin sabiq spikeri Rəsul Quliyevlə də əlaqələr qurmuşdu. Təmaslar o səviyyədə idi ki, aşkar nepotist, Azərbaycan Demokrat Partiyasının "həmsədri" statusunu ələ keçirmiş Rəsul Quliyev nifrət etdiyi "müxalifətçilər"lə sülh bağlamış, hətta onlarla tərəfdaş və müttəfiq olmuşdu.

Həmin ünsiyyətlərdə Əli Kərimlinin "ustad"ı, AXCP sədrinin ən müxtəlif qüvvələr, adamlar və strukturlarla kuluar danışıqlarında vasitəçi olmuş professor Cəmil Həsənli xüsusi rol oynayırdı.

O dönəmdə Əli Kərimli ilə Rəsul Quliyevin fəaliyyətinə himayənin və maliyyə dəstəyinin məhz F.Gülənin çoxsaylı fondlarından ayrılan pullarla reallaşdırılan lobbinq vasitəsilə reallaşdırıldığı da vurğulanır.

Həm o, həm bu, həm də ayrısı

AXCP sədri Əli Kərimlinin tərəfdarları indi isteriyaya qapılaraq deyirlər: "Bizi Gülənlə əlaqələrdə suçlayırlar. Əvvəllər İranla, sonra da radikal sünni təşkilatlarla təmaslarımızın olduğu deyilirdi. Gülüncdür - axı eyni zamanda necə şiə, sünni, amerikapərəst, türkçü və gülənçi olmaq olar?!"
Bu siyasi pariyalar özlərini haqlı, mövqelərini də səbatlı göstərməyə çalışırlar və guya, öz aləmlərində yetərincə məntiqli ritorik suallar verirlər.

Gülüncdür - AXCP rəhbərliyinin son illərdəki bütün fəaliyyəti kimi.
Çünki AXCP-nin rəhbərliyi eyni vaxtda qara, ağ, qırmızı, narıncı, yaşıl olub.
Türkiyədəki bir para təşkilatlar "Böyük Turan" idefiksinə qapılanda bu rasionallıqdan çox uzaq ideologiyanın Azərbaycanda yayılması üçün Əli Kərimli və ətrafına ciddi, böyük məbləğdə "dəstək" olmuşdular.
Sonra həmin Əli Kərimli neodemokrat, amerikapərəst oldu, mitinqlərə narıncı köynəklə yollandı, Azərbaycanda

"Maydan hərəkatı"nın qələbəsinin qaçılmaz olduğundan bəhs etdi.
İllər keçdi, AXCP lideri yenə kurs dəyişdi, Nardaranda din pərdəsi altında radikal islamçılıq ideyalarını təbliğ edən və bu kəndi orta əsrlərə sürükləyən qüvvələrlə eyni düşərgəyə keçdi.

Türkiyədə FƏTÖ, bizdə FƏTOŞ

Bir qədər də ötdü, Əli Kərimli mövqelərində növbəti reversi reallaşdırdı.
Və ən başlıcası - bütün bunların binar simbiozu Əli Kərimlinin mövqelərində həmişə olub, üstəlik də Əli Kərimli ilə onun "boz kardinal"ı Cəmil Həsənli sürəkli qaydada, fasiləsiz olaraq hakimiyyətlə danışıqlar aparıblar.
Onların bağlı qapılar arxasındakı, gizli danışıqları əslində "lider"ləri olduqları müxalifətə xəyanətdi və bu satqınlığı müxalifətçilər dəfələrlə vurğulamış, demişdilər. Amma hər dəfə Əli Kərimli və Cəmil Həsənlinin "mirzə"ləri ilə "sadiq mürid"ləri sosial şəbəkələrdə az qala şivən qaldıraraq "hakimiyyətin məkrli planları"ndan bəhs ediblər.

Halbuki əsl məkr Azərbaycanda dövlət çevrilişinə can atan, hakimiyyətə yiyələnmək istəyən Fətullah Gülənin şəbəkəsi ilə gizli sövdələşmələr aparıb "dəstək" almaqla yanaşı, hakimiyyətdən də "pay" gözləmək və almaqdı.

AXCP liderinin son 3 ildəki bəyanatlarına fikir versək, bu açıqlamalarda mühafizəkarlıqdan tutmuş radikal islamçılığa dəstək, Gülənə mədhiyyələr, ABŞ-a yarınmaq, opportunizm və ən sonra radikalizm var.
Yəni müxalifətə xəyanət edərək hakimiyyətə yarınan, sonra hakimiyyətlə sövdələşmədə əldə olunmuş ictmai anlaşmanı pozaraq "sərtləşən" və yenidən "tənqid"lərə başlayan Əli Kərimli mövqelərini Yelisey çöllərindəki müsyölər əlcəklərini yenilədikləri sürətlə dəyişir.

Vasitə primitivdir: yalan, yalan, bir də yalan - Əli Kərimli və Cəmil Həsənlinin siyasi fəaliyyəti, nə yazıqlar olsun ki, belədir.

Fətullahçıların Əli Kərimlinin daxil olduğu seçki ittifaqlarına gizli dəstək verməsi faktının aşkarlanması AXCP-nin özü haqda yaratmağa çalışdığı "dünyəvi liberal dəyərlərin qoruyucusu mifini" darmadağın etdiyindən "mətin kərimlipərəstlər" daha çox təlaşa düşüblər.

Sabiq AXCP-çilər Daşqın Ağalarlının və Fazil Mustafanın açıqlamalarından göründüyü kimi, AXCP-Gülən əlaqələri hələ AXC hakimiyyətə gəlməzdən əvvəlki dövrə təsadüf edir, sonralar bu əlaqələr daha çox Kərimli tərəfdarlarının "kurasiya"sında olub.

Cəmil Həsənli onun F.Gülən şəbəkəsi ilə əlaqələrindən bəhs edənləri ironiya ilə "məntiqsizlik"də suçlayır.
Halbuki elə həmin Cəmil Həsənli vaxtilə AXC rəhbərliyində olarkən AMİP sədri Etibar Məmmədovun prezidentliyə namizədliyini ikiəlli müdafiə etmişdi, lakin Əbülfəz Elçibəy hakmiyyətə gələndən sonra kursu dəyişmiş və "Böyük Bəyin qulluğundayam" demişdi. Daha sonra o, Elçibəyin ətrafından uzaqlaşdı, Əli Kərimli və adamlarının "Yurd"una qatıldı, "yurdçular"la hakimiyyət arasında danışıqlara qatıldı, iqtidara yarınmağa başladı.

C.Həsənlinin bu başabəla məziyyətlərinin sonradan onun tələbəsi, indisə "mübarizə ortağı" Əli Kərimlidə inkişaf etməsi təəccüblü deyil.

Siyasi prinsipsizlik, ifrat makiavellizm "yurdçu" dəstəni milli demokratlıqdan liberal demokratiyaya, liberalizmdə solçu tələblərlə mitinq keçirən yarım trotskiçi-çegevaraçı qrupa, indi də dinçi elektoratın dəstəyini qazanmaq istəyən güruha çeviribsə, daha sonra "narıncı internasional"ın dini radikal şəbəkələrlə çulğaşması sırf makiavellist yanaşmanı ortaya qoyubsa, Əli Kərimli və Cəmil Həsənlinin indi Fətullah Gülənlə əlaqələrini danmaları gülünc təsir bağışlayır.

.... Əli Kərimlinin xəyanət etdiyi Əbülfəz Elçibəyin bir məşhur deyimi mövcuddur: "Hər şeyin zamana ehtiyacı var".

AXCP-nin indiki sədri ilə onun "fərraşbaşı"sı Cəmil Həsənlinin də Fətullah Gülən təşkilatı ilə sıx əlaqələri az sonra daha aşkar üzə çıxacaq.

Di gəl, Türkiyədə FƏTÖ, yəni "Fəthullah Gülenin Terror Örgütü" adlandırılan hörümçək toru Azərbaycanda çox möhtəkir, qeyri-peşəkar, ambisioz, eqoist məxluqlar toplusu təsiri bağışlayır.
Belə şəbəkə ən yaxşı halda FƏTOŞ ola bilərdi ki, oldu da...

Orxan Hun
Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm