Siyasətdə Cəmil Həsənli sindromu: haqsızlıqla düşmən dəyirmanı arasında
Bizi izləyin

Nida.az

Siyasətdə Cəmil Həsənli sindromu: haqsızlıqla düşmən dəyirmanı arasında

Həyatda qəribəliklər çoxdur. Bəzən onlar elə absurd məzmun kəsb edir ki, insan çox təəccüblənir: Yəni belə də ola bilərmiş? Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra "FETÖ" şəbəkəsinə qarşı geniş təhqiqatlar başlayıb. Onun Azərbaycana da təsiri vardır. Faktlar göstərir ki, burada da həmin şəbəkənin müəyyən uzantıları mövcuddur. Hüquq-mühafizə orqanları bununla bağlı tədbirlər görməkdədirlər. Müxalif düşərgədə də "FETÖ"yə bağlı dairənin olduğu haqqında informasiyalar yayılır. Cəmil Həsənli isə bundan qəzəblənərək həmin şəbəkənin tam zərərsizləşdirilməsi fikrini ifadə edən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədova qarşı əsassız ittihamlar irəli sürüb. Bir sıra hallarda bu, hətta şəxsi qərəzlilik müstəvisinə də keçib. C.Həsənlinin bu cür məntiqsiz və ədalətsiz davranışları arxasında hansı məqamlar dayanır?

Köhnə mahnı yeni ifada: mənəvi inkişaf olmayanda

Siyasətlə məşğul olan adamda ədalət hissinin güclü olması vacib şərtlərdəndir. Çünki siyasi fəaliyyətdə tez-tez ziddiyyətli situasiyalarla rastlaşılır, fikirləri zərgər dəqiqliyi ilə ifadə etmək lazım gəlir. Burada vicdan həqiqəti söyləməyə təhrik etməlidir. Təbii ki, əgər... vicdan varsa!

Siyasətə elmdən gələn insan isə bu şərtlərə daha sərt şəkildə əməl etməlidir. Çünki elmin əsas məqsədi həqiqəti axtarmaqdır. Və onun harada olmasının – məişətdəmi, kainatın əngəlliklərindəmi, qəlbdəmi, fiziki cisimdəmi, kimyəvi elementdəmi, bioloji varlıqdamı, yaxud siyasətdəmi, fərqi yoxdur. C.Həsənlinin bu şərtlərə uyğun gəldiyini demək olduqca çətindir. Onun heç bir siyasi əhəmiyyəti olmayan son yazısında isə hədyanlarla dolu ifadələr işlədilib.

Əvvəlcə söhbətin konkret olaraq nədən getdiyini izah etməyə çalışaq. Türkiyədəki uğursuz hərbi çevrilişdən sonra Fətullahçı terror təşkilatı ("FETÖ") sisteminin çökdürülməsi prosesi başlandı. Bunun həmin şəbəkənin Azərbaycandakı təmsilçiləri üçün də təsiri olacağını proqnozlaşdırmaq çətin deyildi. Faktlar göstərir ki, "FETÖ" cəmiyyətin müxtəlif təbəqələrinə sıza bilib. O cümlədən Qafqaz Universiteti kimi böyük təhsil müəssisəsində də dərin yuva salıb. Bundan başqa, həmin şəbəkənin harada nə yaratdığını da hüquq mühafizə orqanları bilər. Biz onu vurğulaya bilərik ki, Azərbaycan hakimiyyəti bu məsələdə Türkiyə iqtidarının yanında oldu və tamamilə doğru addım atdı. Çünki məsələ müstəqil dövlətçilikdən, suverenliyin möhkəmləndirilməsindən və davamlı milli inkişafın təmin edilməsindən gedir.

O da təbiidir ki, belə vəziyyətdə Azərbaycanın vətənpərvər və dövlətçiliyə sadiq rəsmi şəxsləri "FETÖ" ilə mübarizədə qətiyyətli mövqe tutmalıdırlar. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da məhz belə bir mövqe nümayiş etdirdi. O, jurnalistlərə verdiyi müsahibədə vurğulayıb ki, "FETÖ" təşkilatı ilə bağlı Azərbaycanda da araşdırmalar aparılır. Kimliyindən asılı olmayaraq, onların buradakı tərəfdarları üzə çıxarılacaq. Həmin sırada "FETÖ"nün müxalif düşərgədəki əlaqələri də aydınlaşdırılmalıdır. Bütün bunlar "Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşını almaq" məqsədilə ediləcək.

Bu fikirlərdə nə məntiqi, nə siyasi, nə də obyektivliyin gözlənilməsi baxımından qəbul edilməyən bir kiçik məqam belə yoxdur. Dövlət rəsmisinin aydın və dəqiq ifadə etdiyi mövqedir. Əgər "FETÖ" ziyanlıdırsa və Azərbaycan dövlətçiliyinə zərər yetirirsə, qarşısı mütləq alınmalıdır. Burada həmin şəbəkəyə kimlərin daxil olmasının önəmi yoxdur. Çünki söhbət dövlətin təhlükəsizliyindən gedir. Türkiyə hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, "FETÖ" xarici dairələr tərəfindən uzun müddət hazırlanıb, dövlət strukturlarına yeridilmiş təhlükəli şəbəkədir.

Bəs belə isə, C.Həsənlini Novruz Məmmədovun məntiqində hansı cəhətlər qane etmir? Ümumiyyətlə, o nə istəyir? Reallıqda C.Həsənli Novruz Məmmədova irad tutacaq nə biliyə, nə də siyasi keçmişə malik deyil. Konkret olaraq o, müxalifətdə "FETÖ" üzvlərinin axtarılmasından narazıdır. Əgər faktlar müxalif düşərgədə "FETÖ"yə qulluq edən, imamlıq yapan kəslərin olduğunu sübut edirsə, onda hüquq mühafizə orqanları bunu nəyə görə gizlətməlidirlər?

Və bu məsələnin həmin şəbəkənin başqa hansı kəsimlərdə olub-olmamasına nə dəxli var? Əgər bir tarix professoru bu cür məntiqdən çıxış edirsə, onun elmiliyinə və siyasətçi kimi ədalətliliyinə ciddi şübhələr yaranır. Çünki faktiki olaraq uşaq höcəti situasiyası yaranır. C.Həsənli deyir ki, "niyə bizimkilərin adını çəkirsiniz, başqa yerlərdə də var"!

Var və ya yoxdur, bunu təhqiqatlar, axtarışlar, araşdırmalar sübut edəcək. Ancaq bir müxalifət partiyasının vəzifəli üzvləri "FETÖ" ilə əməkdaşlığı sübut edən dəlillər əsasında saxlanılırsa, buna normal yanaşmaq lazımdır. Və barmağını başqa yerə tuşlayıb, özünü təmiz kimi göstərmək ədalətli siyasətçiyə yaraşmaz, üstəlik, yüksək vəzifəli dövlət məmurlarından biri haqqında yalan və böhtan danışmaz.

Jurnalistlərlə tez-tez görüşən Novruz Məmmədovun alicənablığı, suallara lakonik və dolğun cavab verməsi, obyektiv və hər zaman Azərbaycan dövlətçiliyi mövqeyindən fikir bildirməsi oxumağı bacaran hər kəsə məlumdur. Məsələn, Sankt-Peterburq görüşündən sonra Azərbaycanın mövqeyini obyektiv olaraq dünya ictimaiyyətinə məhz Novruz Məmmədov çatdırdı. Bunu ona yalnız düşmənlər irad tuta bilərdilər! Ona görə ki, Novruz Məmmədov aydın məntiqlə, açıq ifadə etdi ki, Azərbaycan mərhələli həll planını müdafiə edir və bu mövqeyini Sankt-Peterburqda ortaya qoyub. Sonrakı proseslər göstərdi ki, doğrudan da ölkə rəhbərliyi həmin görüşdə öz sözünü qətiyyətlə deyib.

"Vicdan susanda": düşmən düşərgəsinə aparan yol

Buna ermənilərin hirs və qəzəblə reaksiya verəcəyini hamımız gözləyirdik. Çünki ermənilər həm haqsızdırlar, həm də təcavüzkarlıq edərək başqalarının haqlarını tapdalayıblar. Onlar özlərinə haqq qazandırmaq üçün hər alçaqlığa və şərəfsizliyə əl atırlar. Bəs azərbaycanlı professor-siyasətçiyə nə düşüb ki, gedib düşmən məntiqinin yanında dayanır? Məgər o, bilmirmi ki, Kremlin bu kimi hadisələrə reaksiyası necə ola bilər? Bu məsələ o qədər aydındır ki, deməyə belə adam utanır. Xocalımı yaddan çıxıb, yaxud Şuşamı unudulub? Azərbaycan Ordusunun zəfər yürüşünü aprel döyüşlərində kimlərin dayandırdığı nə tez yaddan çıxdı? Belə tarix tədqiqatçısı olar? Cəmi 4 ayın hadisəsini yadda saxlayıb, obyektiv münasibət bildirməyən, dərin tarixi analiz apara bilməyən biri tələbələrə Vətən tarixini necə tədris edə bilər?

Novruz Məmmədovun Sankt-Peterburq görüşü haqqında dediklərini "yalan" sayanlar, əslində, elə əsl "FETÖ"çüdürlər! Çünki faktlar sübut edir ki, məhz həmin şəbəkəyə daxil olan generallar Türkiyədə terrora qarşı sistemli mübarizə aparmağa mane olublar. Onlar PKK-nın məhv edilməsi qarşısına əngəllər çıxarıblar, Türk Ordusunun Suriyaya müdaxilə etməməsi üçün min cür bəhanələr uydurublar. Azərbaycan da Dağlıq Qarabağda erməni terroru ilə üz-üzədir. Rəsmi Bakı onu yox etmək üçün ciddi mücadilə verir – həm hərb, həm diplomatiya, həm də informasiya meydanında. Əgər biri informasiya məkanında düşmən böhtanını vətəndaşı olduğu dövlətin yüksək vəzifəli məmuruna qarşı arqument kimi istifadə etməyə çalışırsa, onun adı elə "FETÖ"dür.

Belə görünür ki, siyasi səriştəsizlik dairəsindən çıxa bilməyənlər ağına-bozuna baxmadan ağızlarına nə gəlir, danışmağa meyillidirlər. Onlar dövləti maraqları belə ucuz qiymətə sata bilirlər. Bu halda da hesab edirlər ki, Novruz Məmmədova pislik edirlər, onun ədalətli və obyektiv mövqeyindən qıcıqlandıqlarını gizlətməyə çalışırlar, ancaq reallıqda Azərbaycan dövlətçiliyinə zidd olan mövqe tuturlar. Erməni şərini həqiqət kimi azərbaycanlıların üzünə çəkməyin başqa adı yoxdur. Keçmiş olsun, elmimizə, ziyalılığımıza və siyasətçiliyimizə!

Axı, Heydər Əliyev kimi böyük siyasətçinin vəzifədə irəli çəkdiyi və uzun müddətdir ki, məsuliyyəti və zəhməti ilə ümidləri doğruldan bir insanı necə beynəlxalq münasibətlər sahəsində naşı adlandırmaq olar? Geosiyasətə, xarici siyasət məsələlərinə aid əsərlərin, çoxsaylı məqalələrin müəllifi olan Novruz Məmmədov bir neçə xarici dildə sərbəst danışır və uzun illərdir ki, yüksək səviyyəli görüşlərin iştirakçısıdır. Sadə insanlara belə aydındır ki, peşəkarlıq qabiliyyəti olmayanlar həmin səviyyədə uzun müddət duruş gətirə bilməz. Necə ki, C.Həsənlinin mənsub olduğu siyasi düşərgə hakimiyyətdə 1 ildən çox qala bilmədi, Heydər Əliyev komandasında layiqli olmayan uzun müddət burada duruş gətirə bilməz!

Başqa tərəfdən, Novruz Məmmədov konkret dövlətlərarası müzakirələrin, görüşlərin, siyasi debatların iştirakçısıdır. Bu kimi işlərin öhdəsindən gəlmək kifayət qədər hazırlıq tələb edir. Novruz Məmmədov fəaliyyəti ilə sübuta yetirib ki, diplomatiya və beynəlxalq münasibətlərin incəliklərinə bələddir. Bu sahənin həm nəzəri, həm də praktiki aspektlərini Ümummilli Lider Heydər Əliyevdən və onun layiqli davamçısı İlham Əliyevdən böyük ustalıqla mənimsəyib. Diplomatiya sahəsində çoxillik fəaliyyətinin və ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfənin nəticəsidir ki, ölkəmizin və ayrı-ayrı xarici ölkələrin ali mükafatları ilə təltif olunub. Azərbaycanın tanınmış dövlət və siyasi xadimidir.

C.Həsənlinin qeyri-ciddi fikirləri isə daha çox onun özünə aid edilə bilər. Belə bir adam təəssüflər olsun ki, vaxtilə prezidentliyə namizəd də olub. Yaşının ahıl çağında yalan danışmaqdan, hərzə-hədyan deməkdən, gözə kül üfürməkdən usanmır. Yazıqlar olsun! Həm də C.Həsənli başqası haqqında danışanda, aynada özünə baxsa, daha yaxşı olmazdımı? Saxta yolla özünə təqaüd düzəldib, dövlətdən hər ay iki min manat alan biri hansı ədalətdən, dürüstlükdən danışa bilər?

Burada bir faktı da xatırlamaq yerinə düşərdi. C.Həsənli deputat olduğu zaman onun mətbuatda, elə rəsmi dövlət qəzetlərində dərc olunan yazıları hər şeyi sübut edir. Amma, görünür, onun xroniki xəstəlikləri yaddaşına daha pis təsir göstərib. Tarixçi olsa da, dünən danışdıqları və yazdıqları bu gün yadından çıxır. Baxın, 2010-cu ildə Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı C.Həsənli nə demişdi: "Bu gün 2011-ci ilin dövlət büdcəsi müzakirə olunur. Demək istəyirəm ki, müzakirəyə təqdim olunan büdcə kifayət qədər peşəkarcasına hazırlanıb. Bununla belə, büdcə gəlirləri artım tempini saxlamaqdadır. Təbii ki, bu, müsbət tərəfdir. Büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bir-iki məsələni qeyd edərək, digər fikirlərimi sizlərə çatdırmaq istəyirəm. Sadəcə olaraq, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı təhsil sisteminə diqqətinizi yönəltmək istərdim. Qeyd etmək istəyirəm ki, son bir neçə ildə büdcə və qeyri-büdcə vəsaiti hesabına Azərbaycan məktəblərinin maddi-texniki bazasının təkmilləşdirilməsi, məktəb binalarının yenidən tikilməsi istiqamətində çox böyük uğurlar əldə edilib. Azərbaycanda məktəb fondunun 40 faizi yeniləşib ki, bu da son dərəcə müsbət hadisədir. İkincisi, Azərbaycan Təhsil Nazirliyi tərəfindən uzaq dağ kəndlərinə müəllimlərin xüsusi şərtlərlə göndərilməsi istiqamətində büdcə vəsaitindən səmərəli istifadə edilir. Ümid edirəm ki, bütün bunlar təhsil və xüsusilə orta məktəb sisteminin qaldırılması istiqamətində Təhsil Nazirliyinin götürdüyü xətti doğruldacaq". Bizcə, hər şey aydındır!

Əslində, C.Həsənlinin hədyanlarına cavab verməmək də olardı. Ancaq bəzən insan ləyaqətini gözləyib susanda, "vicdan da susur"! Vicdan susanda isə faciələrin ardı-arası kəsilmir. Xüsusilə mövzu Vətən, Dövlət və Qarabağdırsa, səbir kasası daşa bilər!

Budur C.Həsənlinin və onun kimilərin əsl siması! Novruz Məmmədov üçün isə əsas məsələ Azərbaycan dövlətinin və xalqının milli maraqlarıdır. (Newtimes.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm