“Bala, məni çəkmə...”– referendumun maraqlı anları – REPORTAJ
Bizi izləyin

Nida.az

“Bala, məni çəkmə...”– referendumun maraqlı anları – REPORTAJ

"Səsimi verdim, inanıram ki, hər şey yaxşı olacaq".

Paytaxt sakini Afət Bağırova seçki məntəqəsindən çıxandan sonra bizimlə söhbətində deyir.

Yaşı çoxdur, özünün dediyinə görə, axırıncı dəfə 70-i hesablayıb. Amma yaşının çoxluğuna, sağlamlığının əl verməməsinə baxmayaraq, səsverməyə gəlib.

"İndi mən gedirəm nəvəmin yanına, kişi gələcək səs verməyə" - deyə həyat yoldaşını nəzərdə tutur.

Sonra da fotoobyektivə gülə-gülə "bala məni çəkmə, sonra kişi narazılıq edər" deyə yaşının verdiyi ərklə bildirir.

***

Bu gün Azərbaycanda referendum seçkiləridir. Azərbaycan seçicisi ümumxalq səsverməyə özünün və ölkənin gələcəyinə səs verməyə gəlib.

Səhər saat 08:00-da açılan seçki məntəqələrində aktivlik müşahidə olunur. Mərkəzi Seçki Komissiyasının (MSK) saat 10:00-a olan məlumatında səs vermiş seçici sayının 680 min 438 nəfər, yəni 12,9 faiz olduğu deyilirdi.

Saat 12:00-da 1 milyon 613 min 879 nəfər, saat 15:00-da isə 2 milyon 833 min 64 nəfər səsvermədə iştirak etmişdi. Səsvermə hazırda davam edir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da seçici aktivliyini yüksək olduğunu bildirib.

***

Müşahidələrimiz göstərdi ki, seçki məntəqələrində seçki prosesinin təşkili ciddi şəkildə həyata keçirilir.

16 saylı Yasamal 2-ci seçki dairəsinin 26 saylı seçki məntəqəsində müşahidəçi olan Kəmalə Abbasova da heç bir neqativ hala rast gəlmədiyini deyir.

"Hər şey çox şəffaf və sərbəst şəkildə həyata keçirilir. Biz öz təşəbbüsümüzlə seçkiləri müşahidə edirik. Seçkidən öncə Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən treninqlərdə olmuşuq. Ona görə də prosedur qaydalarını yaxşı bilirik. Heç bir seçki pozuntusu qeydə alınmayıb", - deyə müşahidəçi bildirir.

17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı məntəqəsində seçkiləri müşahidə edən Azər Əliyev də bildirir ki, səsvermə prosesinə heç bir müdaxilə yoxdur.

Məntəqə sədri Süleyman Məmmədov qeyd edir ki, müşahidəçilərə səs vermə prosesini izləmək üçün bütün şərait yaradılıb: "Yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də prosesi izləyirlər".

Rəsmi məlumata görə, referendum seçkilərini izləmək üçün 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi ölkəmizə gəlib.


"Apardığım müşahidələr seçicilərin kifayət qədər aktiv olduğunu göstərir".

Bu barədə Azərbaycanda referendum seçkilərini müşahidə edən Avropa Akademiyasının serbiyalı nümayəndəsi Marko Blogojeviç deyib.

O, səsvermənin təşkilinin yüksək səviyyədə olduğunu vurğulayıb. Səsverməni müşahidə edən Avropa Akademiyasının digər nümayəndəsi Aleksandr Markoviç də həmkarının fikirlərinə şərik olduğunu deyib.

Qeyd edək ki, seçkiləri izləyən beynəlxalq müşahidəçilər arasında Avropa Şurası Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya və bir çox ölkələrin parlament nümayəndələri də var.

***

Səsvermə prosesində müşahidə olunan ən maraqlı məqamlardan biri insanların səsverməyə həvəslə gəlməsidir.

"Hər bir vətəndaşın əsas borclarından biri səsvermə hüququndan istifadə etməkdir. Əgər bu hüququ kimsə onun əlindən almırsa, nə üçün istifadə etməməlidir. Hər kəs seçkiyə gəlməli və ölkənin gələcəyində iştirak etməlidir".

Bu sözləri Yasamal rayonu 21 saylı seçki dairəsində səsvermə hüququndan istifadə edən Əfqan Noçuyev deyir.

O, konstitusiya dəyişikliklərinə səs verdiyini və Azərbaycanın daha da yaxşı gələcəyində mühüm rol oynadığını bildirir.

Məntəqə sədri Nizami Mirzəyev də seçki prosesinin normal davam etdiyini, heç bir neqativ halların baş vermədiyini qeyd edir.

Daha sonra Yasamal rayonu üzrə 17 saylı seçki məntəqəsinə baş çəkirik. Eyni aktivlik və təşkilatçılıq burda da gözə çarpır.

Hər şey öz axarınca davam edir, artıq əqrəblər 20:00-a-seçki qutularının bağlanacağı vaxta doğru hərəkət edir. Hər şey 20:01-dən sonra aydınlaşacaq. Bütün müşahidələrimiz isə Azərbaycan xalqının öz gələcəyinə səs verdiyini və konstitusiya dəyişikliklərinə dair referendum aktına səs verdiyini deməsə əsas verir. Lakin yenə də hər şey seçki qutusu bağlanandan sonra bəlli olacaq.


Asif Nərimanlı
Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm