İrəvan Qarabağdan əl çəkməsə, Bakı Zəngəzur və Göyçəyə doğru... - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

İrəvan Qarabağdan əl çəkməsə, Bakı Zəngəzur və Göyçəyə doğru... - MÜSAHİBƏ

Son günlər Qarabağdakı ermənilərin, separatçıların təxribatlarının ardı-arası kəsilmir. Onlar gah atəşkəsi pozurlar, gah müxtəlif yollarla səs-küy salırlar, gah da “Rusiyaya birləşmək”dən danışırlar.

Laçın dəhlizinə alternativ yolun çəkilişinin başa çatdığını görən separatçılar indi də başqa cığallıqlara əl atıblar. Orada yaşayan ermənilər yeni yolun çəkilişindən sonra həmin kəndlərdən çıxmayacaqlarını söyləyirlər.

Sülh danışıqları prosesinə hazırlıq fonunda baş verənləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müzakirə etdik.

T.Zülfüqarov Publika.az-a müsahibəsində söylədi ki, ermənilərin Qarabağ iddialarına qarşı biz də Zəngəzur və Göyçə mahallarına iddialarımızı irəli sürə bilərik.

- Tofiq müəllim, Laçında yaşayan ermənilər yeni yolun çəkilişindən sonra həmin kəndlərdən çıxmayacaqlarını söyləyirlər. Ermənilərin “istəkləri”, “tələbləri” get-gedə artır. Son hadisələr, onların axarı nədən xəbər verir?

- Mən bu məsələyə bir az qlobal baxmağın tərəfdarıyam. Yəni həm Laçında olan vəziyyət, həm də ümumilikdə Qarabağda olan durum ümumi danışıqların bir hissəsidir. Əgər Ermənistan Azərbaycan ərazisinə aid öz işğalçı siyasətini davam etdirmək düşüncəsindədirsə, başlanılan sülh danışıqları nəticə verməyəcək. Mən belə hesab edirəm. Çünki Azərbaycanın təklif modeli indi deyəcəklərimdən ibarətdir; Zəngəzurla bağlı – mən Zəngəzur dəhlizini nəzərdə tutmuram – Ermənistana ərazi iddiaları irəli sürmürüksə, bu o deməkdir ki, sizin sərhədin bu tayında olan ərazilərə aid iddialarınız, siyasətiniz, təxribat əməlləriniz olmamalıdır. İndi söhbət ondan gedir ki, ermənilər bu məntiqi qəbul edəcəklərmi?! Əsas sual budur. Laçın, Fərrux, Ağdərə mövzuları ümumi mənzərənin cizgiləridir, elementləridir. Yəni Ermənistanın bu ərazilərə öz münasibətini köklü şəkildə dəyişməsindən çox şey asılı olacaq. Çünki anormal bir vəziyyətdir. Faktiki olaraq onların hərbi birləşmələri Azərbaycanın ərazilərindədir. Ermənistan onların adlarını dəyişdirib, “könüllülər” adlandırır. Bu, heç nəyi dəyişmir. Belə bir vəziyyətdə təbii ki, nə sülh danışıqları, nə delimitasiya, demarkasiya məsələləri, nə də sülh sazişi mümkündür. Biz onların addımlarına qarşı öz güclü siyasətimizi yeritməliyik.

- Bunu necə edə bilərik?

- Yəni əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları varsa, o zaman biz də Zəngəzura qarşı ərazi iddialarımızı irəli sürə bilərik. Bunun üçün bizim gücümüz də, tarixi əsaslarımız da var. Əgər Ermənistan bizim ərazilərimizdə bu və ya digər şəkildə, hansısa formada öz siyasətini yürütmək istəyirsə, ümumiyyətlə bu, sülh prosesini pozur.

- Biz sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı 1970-ci illərin, Ermənistan isə 1991-ci ilin xəritələrinin əsas götürülməsini istəyir. Ruslar da 70-ci illərin xəritələrinə əsasən sərhədlərin müəyyənləşdirilməsinin tərəfdarıdır. Niyə məhz 1970-ci illərin xəritəsi?

- Bilirsiniz, bu, artıq ikinci dərəcəli mövzudur. Əgər yuxarıda qeyd etdiyim kimi, məsələnin birinci tərəfi həll olunmasa, biz hətta 1920-ci illərin xəritələrini əsas götürə bilərik. O zaman buraya Zəngəzur və Göyçə mahalları da daxil olacaq. Söhbət ondan gedir ki, indiki durum ermənilərin sadə bir oyunudur. İrəvanda düşünürlər ki, sən istəyirsən 1991-ci ilin, istəyirsənsə 70-ci illərin xəritələrini əsas götür, amma mən ərazi iddialarımdan əl çəkməyəcəyəm. Yəni Ermənistan Qarabağla bağlı öz siyasətini davam etdirəcək. Belə olan halda xəritələrin tarixi ikinci dərəcəli məsələdir.

- Prezident İlham Əliyev Ermənistana 6 ay vaxt vermişdi. Artıq 5 ay arxada qalıb. Bundan sonra həm diplomatik masada, həm də hərbi meydanda nələr dəyişəcək?

- Güman edirəm ki, indi 2 istiqamətə aid danışıqlar prosesinin başlaması üçün strukturlar formalaşıb. Danışıqlar prosesinin başlaması o demək deyil ki, bundan sonra hansısa nəticə əldə olunacaq. Danışıqlar prosesinin başlaması ilə Azərbaycan və Ermənistan dünya ictimaiyyətinə öz sülhyönümlü siyasətlərinin mesajlarını ötürürlər. Yəni belə bir ismarış göndərirlər. Amma mövzunun məzmunu fərqlidir. Mövzunun məzmununa baxanda artıq iki yolun müəyyən olunduğunu görürük. Bunlardan da biri delimitasiya-demarkasiya prosesi və onunla bağlı olan, amma digər bir treki təşkil edən Ermənistanla Azərbaycan arasındakı sülh sazişidir. Bunlar iki ayrıca “trek” təşkil etsələr belə onların bir-biri ilə bağlılığı var. Çünki delimitasiya və demarkasiya məsələlərinin həlli texniki prosesdir. Amma sülh prosesində əsas məsələ müəyyən olunmalıdır. Bu da yuxarıda dediyim məsələyə gəlib çıxır. Yəni Zəngəzur məsələsi Azərbaycan üçün taktiki mövzulardan biridir.

- Nəyə görə?

- Ona görə ki, əgər Ermənistanın istənilən səbəbə görə Azərbaycan ərazilərinə bu və ya digər ərazi iddiaları varsa, deməli, bu, bəllidir. Amma onlar biz ərazi istəmirik, sadəcə olaraq insan hüquqlarının təminatını ön plana çəkirik desələr, buna inanmaq olmaz. Çünki bir neçə həftədən sonra “millətlərin öz müqəddəratını təyinetmə prinsipləri”ndən danışacaqlar. Deyəcəklər ki, Qarabağ mövzusuna bu “prinsiplər” əsasında baxılmalıdır. Söyləyə bilərlər ki, bizim Qarabağa aid ərazi iddialarımız yoxdur, amma “bu insanlar istəyirlər ki, azad yaşasınlar”. Yəni bu, köhnə oyunun təzə formada təqdim olunmasıdır. Bunu neytrallaşdırmaq üçün Zəngəzur faktoru əsas rol oynayır.

- Zəngəzurla bağlı iddialar irəli sürmək üçün bizim yetərincə hüquqi bazamız varmı?

- Təbii ki... Bu, tarixi ədalətin bərpası deməkdir. Vaxtilə Zəngəzurdan köçə məcbur edilmiş və o bölgədən çıxan insanların davamçıları, törəmələri də köklərinin haradan gəldiyini çox yaxşı bilirlər. Deyəcəklər ki, biz öz dədə-baba torpaqlarımıza qayıtmaq istəyirik. Burada mühacirətdə olan hökumət də artıq mövcuddur. Hətta onların bayrağı da var. Ona görə bu mövzunu biz də qaldıra bilərik. Onların hüquqlarını təmin etmək üçün biz də Zəngəzur bölgəsində öz əsgərlərimizi yerləşdirə bilərik. Çünki Ermənistan Qarabağdakı bir qrup erməninin “təhlükəsizliyini təmin etmək üçün” orada əsgər saxladıqlarını deyir. Biz də Zəngəzurla bağlı buna müvafiq addımlar ata bilərik. Yəni güclü formada addımlar atmalıyıq.

- Ermənistan “status” məsələsində israr edir. Azərbaycan isə öz mövqeyində qəti və israrlıdır. Proseslərin gedişi fonunda sülh prosesini sürətləndirmək üçün Bakı mədəni muxtariyyət məsələsinə “hə” deyə bilərmi?

- Yox! Ona görə ki, əgər biz tərəfdən kimsə desə ki, gəlin, bu mövzunu müzakirə edək, onlar əvvəlcə razılaşacaqlar. Söhbət muxtariyyət məsələsindən gedir. Sonra danışıqlar getdikcə onların tələbləri qalxacaq. Biz bunu son 30 il ərzində gördük. Əvvəlcə danışıqlar sadə bir mövzudan başlamışdı. Şuşanın və Laçının bir neçə günə azad edilməsindən söhbət gedirdi. Axırda mövzu digər məsələlərin müzakirəsi ətrafında getməyə başladı. Yəni bu baxımdan biz sadəlövh ola bilmərik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm