Bayraqdardan Əli Kərimli haqda şok açıqlamalar: “Məni öldürmək istəyirlər”- Müsahibə
Bizi izləyin

Nida.az

Bayraqdardan Əli Kərimli haqda şok açıqlamalar: “Məni öldürmək istəyirlər”- Müsahibə

KXCP-dən istefa verən bayraqdar Elman Türkoğlu Publika.az-a müsahibəsində istefa səbəbi, bundan sonra aparacağı mübarizə haqda danışıb.

- Elman bəy, partiyanızdan istefa verdiniz. Səbəb nədir?

- Bəli, mən KXCP-dən istefa verdim. Amma bu qərarı verənə qədər çox düşündüm, çox çək-çevir etdim ki, istefa verim, ya yox. Axı 26 il canımdan çox sevdiyim partiyadan və partiya yoldaşlarımdan ayrılmaq mənim üçün ağır və çətin idi. Sonda istefa vermək qərarına gəldim və ayın 8-i saat 16:46-də istefa verdim. İnanın, istefa verəndən sonra çox həyəcanlı idim. Heç kim bu addımı atacağıma inanmırdı. Hətta gözlərim dolmuşdu. Axı ürəyim, canım olan əziz yurdumdan, partiyamdan ayrılırdım.
İstefa səbəbim isə Əli Kərimliyə qarşı açıq mübarizə və savaş aparmaqdır. Bu Əli Kərimli başda olmaqla ətrafında olan bəzi başıpozuqlar bizim partiyaya və müxalifətdə olan bəzi təmiz partiyalara qarşı “Azadlıq” qəzetində və Əli Kərimlinin əlinin altında olan saytlarda ağızlarına gələn təhqiramiz sözlər yazırdılar. Mən də onlara qarşı cavab verəndə Əli Kərimli Mirmahmud ağaya zəng edib deyirdi ki, “ay dadi-bidad, qoyma, Elman bizi söküb-dağıtdı”.


2013-cü il prezident seçkiləri öncəsi Milli Şura yaradılan ərəfədə “Yurdun” (AXCP-red) Ali Məclisinin sədri Həsən Kərimov “Azadlıq” və başqa qəzetlərdə, saytallarda bizim partiyanı təhqir edərək demişdi ki, KXCP-nin hamısı MTN agentləridir. Ona sərt cavab verdiyim üçün Əli Kərimli və digərləri ağama (Mirmahmud Mirəlioğlu-red) zəng edib deyirdilər ki, “qoyma, Elman bizi məhv etdi”.

Mən də 6-7 ay olar ki, onlara cavab vermirdim. KXCP Milli Şuradan istefa verən ərəfədə AXCP-nin Ali Məclisinin üzvlərindən biri Ağstafada bizim partiyanı təhqir edərək, “KXCP batıra-batıra gedir və yeyə-yeyə gələcəklər” demişdi. Bu nə demək idi axı? Mən də ona və onun satqın, xəyanətkar Əli Kərimlisinə sərt cavab verdim. Bundan sonra partiyada mənə qadağa qoyuldu ki, Əli Kərimli və onun ətrafındakılar KXCP haqqında nəsə desə, cavab vermə. Mən də məcburiyyət qarşısında qalıb istefa verənə qədər susdum.

Görün, Əli Kərimli necə adamdır ki, bu il 28 mayda babam Məmməd Əmin Rəsulzadənin Novxanıda abidəsini ziyarət edərkən demişdi ki, bayraqdar Elman gəlsə, mən gəlməyəcəm.


- Sizə qarşı bu kampaniya nədən qaynaqlanır?


- Əli Kərimli və ətrafı bu günə qədər mənə qarşı piar kampaniyası aparıblar. Çünki xəyanətkar, satqın, DTK agenti, gündüzlər müxalifət, gecələr iqtidar olan və dədəm Elçibəyi öz ad günündə zəhərləyən, vaxtı ilə AXCP-nin daxilində “Yurd” təşkilatının yaradaraq Elçibəyə arxadan zərbə vuran Əli Kərimlinin bütün paxırlarını, qaranlıq işlərini açıram. Ona görə də mənə qarşı çirkin kampaniya aparırlar.

Amma bu kampaniya həmişə boşa çıxır, bundan sonra da belə olacaq. Mənə ağır zərbə o olub ki, dədəm Elçibəyin qohumları Əli Kərimlinin tapşırığı ilə mənə şər-böhtan atdılar. Bu, mənə ağır zərbə oldu. Bunu həyatım boyu unutmayacam. Amma çətinliklə də olsa mən bu böhtandan üzüağ çıxdım.

Bu gün də Əli Kərimli və ətrafı məni hər dəqiqə öldürməyə hazırdırlar. Amma bunu bacarmazlar. Çünki mən Əli Kərimliyə nə Elçibəy, nə Əlsafayam, nə İbrahim, nə də Con Elvesem ki, bunu bacarsın.


- Siz bildirmişiniz ki, jurnalist Xədicə İsmayıla qarşı da mübarizə aparacaqsınız. Buna səbəb nədir?

- Xədicə İsmayıla qarşı da mübarizəm sərt olacaq. Çünki o, Əli Kərimlinin tapşırığı ilə mənə qarşı saxta sənədlər düzəldərək guya MTN-nin agenti olmağımı deyir. Buna görə də Xədicə İsmayıl cavab verməli olacaq.


- Siz, bəzi müxalifətçilərlə bağlı da şok məlumatlar açıqlayacağınızı dediniz.

- Müxalifət daxilində olan bəziləri haqda şok açıqlamalarım olacaq. 2013-cü il prezident seçkilərində kimlər nə qədər qazanıb? Bunlar haqqında danışacam. Aparacağım mübarizə müxalifət daxilində təmizləmələrə səbəb olacaq.


- KXCP-dən istefanız partiyada necə qarşılandı?


- Mən istefa verdiyimi ağama və Xəzər bəyə deyəndə ağam soruşdu ki, niyə gedirsən. Bildirdim ki, bayraqdaram və bayraqdar kimi müstəqil mübarizə aparmaq istəyirəm. Çünki bayraqdar olaraq bir partiyaya sığımıram. Ağamla, Xəzər bəylə, Bəybala bəylə danışıqları çox çəkdi və onlar mənim istefa ərizəmi qəbul etmək istəmirdilər. belə olan halda dedim ki, ərizəni qəbul etsəniz də, etməsəniz də gedəcəm. Amma ağam istefa səbəbini bilmirdi. Mən partiyadan istefa verəndən sonra səbəbini açıqladım.

- Yenidən qayıda bilərsinizmi?

- Bu, çətin sualdır. Yenidən partiyaya qayıtmağım mümkün deyil. Mən bir bayraqdar kimi təkbaşına mübarizə və savaş aparacağam. Onu da bildirim ki, bundan sonra mən heç bir partiyanın üzvü olmayacağam. Amma onu da bildirirəm ki, KXCP-ni, KXCP sədri Mirmahmud Mirəlioğlunu ürəyimdən heç kim silə bilməz.


- İstefanızdan sonra hansısa partiyadan üzvlüklə bağlı təklif almısınızmı?

- Bir neçə partiya üzv olmaq üçün mənə təklif göndəriblər. Hətta bir partiya sədri mənə üzv olmağım qarşılığında 1300 manat maaş, maşın və ev təklif edir. Mən də dedim ki, bundan sonra heç bir partiyanın üzvü olmayacam və müstəqil mübarizə aparacağam.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm