Vahid Əhmədov: “Qanunsuz tikililər sökülərkən kompensasiya veriləcək”
Bizi izləyin

Nida.az

Vahid Əhmədov: “Qanunsuz tikililər sökülərkən kompensasiya veriləcək”

“Qanunsuz tikililərin qeydiyyatı 2015-ci il yanvarın 13-də Prezident İlham Əliyevin imzaladığı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərmanla tənzimlənməyəcək. Bura siyahıda göstərilən sənədlər aiddir. Bunun qanunsuz tikilən evlərə aidiyyəti yoxdur”

Bu barədə Publika.az-a Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib. Onun sözlərinə görə, bu sənədlər onsuz da vətəndaşların əlində var idi. Sadəcə olaraq bu siyahı genişləndirilib. Fərmanın qanunsuz, qeyri-qanuni, sənədsiz evlərə aidiyyəti yoxdur.

Daşınmaz əmlak eksperti Ramil Osmanlının Publika.az-a bildirdiyinə görə, indiki fərmanın mahiyyəti bilavasitə qanunsuz tikililərin sənədləşdirilməsindən ibarət olmayacaq. Nazirlər Kabineti, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin açıqlamalarından görünür ki, fərman mahiyyətcə ilkin sənədləri olan tikililərin sənədləşdirilməsi istiqamətində, tələb olunan sənədlərin siyahısının artırılması ilə bağlıdır: “Məsələ ilə bağlı yekun olaraq monitorinqlər aparılıb, demək olar ki, son proseslər hazırdır, yalnız qərarın verilməsi qalır. Bilavasitə sənədsiz tikililərin sənədləşdirilməsi lə bağlı yekun qərar yəqin ki, yaxın vaxtlarda veriləcək”.

Ekspertin sözlərinə görə, ilkin sənədlər dedikdə isə bələdiyyə mülkiyyətində olan torpaqlardan və ya sahələrdən söhbət getmir və bələdiyyələr tərəfindən verilən sənədlər burada ilkin sənəd kimi götürülmür.

R. Osmanlı həmçinin bildirdi ki, evləri sökülən ailələr çölə atıla bilməz: “Heç hökumət də belə bir radikal addım atmaz. Bu 10 minlərlə insanın çölə atılması çox ciddi sosial partlayışa gətirib çıxara bilər. Bu fərman sadəcə sənədlərin siyahısının artırılması və ora əlavələrin edilməsilə bağlıdır. Konkret sənədsiz tikililərlə bağlı məsələyə yenidən baxılacaq və bunlarla bağlı müvafiq qanun qəbul olunacaq. Bu nə vaxt olacaq, 1 ay və ya 1 il çəkəcək, bunu demək indiki halda çətindir”.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədovun Publika.az-a bildirdiyinə görə, burada söhbət neft buruqlarına yaxın olan, qaz və neft kəmərlərinin üstündə, elektrik xətlərinin altında olan ərazilərdən gedir. Qalanlar barədə fərmanda heç nə göstərilməyib: “Müəyyən olunub ki, hansı ərazilər ki yaşayış üçün təhlükəli sayılır, o evlərə hələlik kupça verilməsin. Həmin təhlükəli yerlərdə yerləşən ərazilər sökülməlidir. Alatava, Sulutəpə, Sabunçu vağzalı – bu ərazilərdən söhbət getmir. Qərarda elə şeylər yoxdur”.

Millət vəkili həmçinin bildirdi ki, sökülən evlərə, yəqin ki, kompensasiya veriləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm