Nida.az
Elxan Süleymanov: “Azərbaycanda QHT-lərlə bağlı qanunvericilik daha liberaldır”
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı” mövzusunda hazırlanan memorandumla bağlı araşdırma aparıb.
Publika.az-ın məlumatına görə, Elxan Süleymanov ilkin mətnin Komitə Katibliyi tərəfindən hazırlandığını və memorandum üzrə məruzəçinin Lüksemburq təmsilçisi və Sosialistlər qrupunun üzvü İv Kruxten olduğunu bildirib: “Məruzəçi tərəfindən müvafiq düzəlişlər aparıldıqdan sonra təqdim edilən Memorandumun əsas məqsədi kimi Avropa Şurasına üzv dövlətlərin qeyri-hökumət təşkilatlarının üzləşə biləcəyi məsələlər və problemlərlə bağlı qeydlər və iddiaları özündə əks etdirmək, onların həlli ilə bağlı fəaliyyət istiqamətlərini müəyyənləşdirmək nəzərdə tutulub.
Memorandumda Azərbaycanda QHT-lərin fəaliyyətinə dair qanunvericiliyə edilmiş son dəyişikliklər və yeni qaydaların icrasına xüsusi bölmə ayrılıb. Təəssüf ki, Azərbaycanla bağlı bölmədə təqdim edilən məlumatlar real vəziyyəti əks etdirmir. Sənəddə QHT-lər haqqında qanuna edilən son dəyişikliklər və yeni qaydaların icrası ilə bağlı şərhlər düzgün verilməyib. Demək olar ki, yanlış sitat gətirilən bütün işlərdə Azərbaycan barədə əksəriyyəti faktiki baxımdan xeyli təhrif olunan və ya bütövlükdə natamam məlumatları özündə əks etdirən iddialar irəli sürülüb. Bu səbəbdən də Memorandum Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı təhrif edilmiş natamam və ya qərəzli təsəvvür formalaşdırır.
Bununla belə qeyd edilməlidir ki, Memorandumda iddia edilənlərin əksinə olaraq, qanunvericiliyə 2013-cü ilin dekabr ayında edilən və 2014-cü ilin fevral ayında qüvvəyə minən sonuncu düzəlişlər QHT-lərin fəaliyyətində şəffaflığı artırmaq məqsədi daşıyır, bütün səviyyələrdə və Azərbaycan cəmiyyətinin bütün sahələrində korrupsiya ilə mübarizəyə yönələn hərtərəfli tədbirlərin bir hissəsidir və bu tədbirlər həm dövlət, həm də özəl sektoru əhatə edir. Qanunvericiliyə edilən bu dəyişikliklər yerli QHT-lərin xarici mənbələr tərəfindən maliyyələşməsinin bütün hallarda şəffaf olması və buna görə də rəsmi şəkildə elan edilməsini tələb edir.
Qeyd edilənlər kontekstində, Avropa Şurasına üzv olan digər dövlətlər, xüsusilə Avropa İttifaqına üzv dövlətlər tərəfindən qeyri-hökumət təşkilatlarına dair tətbiq edilən qanunvericiliyi təhlil etmək qərarına gəldik. Bu təhlilin başlıca məqsədi geniş demokratik prinsiplərə malik dövlətlər tərəfindən qəbul edilmiş qanunvericilikdə olan çatışmazlıqları tənqid etməkdən ibarət olmayıb, əksinə QHT-lərlə bağlı qanunverici çərçivənin statusu və xarakterini faktiki müəyyənləşdirməkdən ibarət olub. Belə ki, bu təhlilin gəldiyi bəzi spesifik nəticələr hər konkret məhkəmə işində müxtəlif tənzimləyici müddəalardan irəli gələ biləcək başlıca və potensial riskləri dərindən izah edir.
Biz Latviya, Litva, Estoniya, Çex Respublikası, Polşa, Rumıniya, Xorvatiya, Norveç, Finlandiya və Fransa kimi 10 Avropa ölkəsinin QHT-lərinin fəaliyyəti ilə bağlı qanunvericiliyini təhlil etdik. Apardığımız təhlillər göstərir ki, bir çox hallarda adını çəkdiyimiz dövlətlərin QHT-lərlə bağlı qanunvericiliyi Azərbaycan qanunvericiliyi ilə müqayisədə daha sərt xarakter daşıyır və daha konservativdir. Obyektivlik naminə qeyd edilənlərlə bağlı bir neçə misal göstərməyi vacib hesab edirəm.
Misal üçün, Latviyanın İctimai Təşkilatlar və Assosiasiyalar haqqında Qanunun 34-cü maddəsinə əsasən Baş prokuror, Müəssisə Reyestrinin baş dövlət notariusu, Dövlət Təhlükəsizlik orqanlarının rəhbərləri, Dövlət Gəlir Xidmətinin baş direktoru və Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi məhkəmədə QHT-lərin fəaliyyətinin dayandırılmasına dair iddia qaldıra bilər. Qanunun qeyd edilən maddəsi əslində mürəkkəb presedent yaradır. Belə ki, QHT-lərə qarşı iddia tələbləri ilə birbaşa əlaqədar olmayan xidmətlərin rəhbərlərinə məhkəmədə sözügedən institutların fəaliyyət miqyası ilə bağlı səbəblərə görə buraxılmasını izləmək səlahiyyəti verilib. Digər tərəfdən, dövlət təhlükəsizlik xidmətlərinin QHT-nin ləğvini tələb etmək hüququ birbaşa səlahiyyət və nəzarət formasına işarə edir. Bu isə öz növbəsində Avropa İttifaqı daxilində vətəndaş cəmiyyəti ilə bağlı məsələlərdə bu tipli hökumət xidmətlərindən istifadə hallarının olduğunu göstərir. Belə bir müddəanın qanunda təsbit edilməsi həm də onunla izah edilə bilər ki, Latviyada dövlət siyasətinin formalaşmasında fəal, müsbət və birbaşa iştirak edənlərlə müqayisədə, qeyri-hökumət təşkilatları daha böyük potensial təhlükə hesab edilir. Bundan əlavə, bu kimi müddəalar təhlükəsizlik xidmətlərinin QHT-lərə, onların fəaliyyətinə və üzvlərinə birbaşa nəzarət etmək kimi səlahiyyət verir. Belə halların nə dərəcədə demokratiklik prinsipi ilə uzlaşmasına dair suallar doğur.
Digər bir misal: Estoniyanın Qeyri-Kommersiya Qurumlarına dair Aktının (Qanunvericiliyinin) 26-cı paraqrafına əsasən, idarə heyəti üzvlərinin ən azı yarısının yaşayış məkanı Estoniyada, Avropa İqtisadi Zonasının digər Üzv Dövlətində və ya İsveçrədə olmalıdır. Həmin qanunun 30-cu paraqrafına əsasən isə idarə heyəti üzvü tam əsaslı şəkildə öz öhdəliklərini müvəqqəti və ya tam yerinə yetirə bilmədikdə, məhkəmə maraqlı şəxsin tələbi ilə idarə heyəti üzvünü başqası ilə əvəz etmək üçün yeni üzv təyin edə bilər. Göründüyü kimi, qanunun qeyd olunan paraqraflarında əks olunan qaydalar nəticəsində yaranan hüquqi çərçivə vətəndaş cəmiyyətində xaricilərin fəal və aparıcı iştirakına açıq-aydın maneə yaradır, dövlətin müxtəlif əsaslarla qurum üçün mümkün siyasi problemlər yarada biləcək şəxsləri kənarlaşdırmasına şərait yaradır, yaşayış icazələrini rədd edir, artıq sakin olmayanları əvəz edir və ən azı müvəqqəti müəyyən təşkilatın işlərində gələcək iştirakının qarşısını alır.
Polşanın Assosiasiyalar haqqında qanununun 9-cu maddəsində göstərilir ki, assosiasiya yaratmaq istəyən ən azı 15 şəxs assosiasiyanın nizamnaməsini qəbul etməli və təsisçi komitəni razılaşdırmalıdır. Həmin qanunun 10-cu maddəsi isə hüquqi şəxslərin assosiasiyanın yalnız yardımçı üzvləri ola biləcəyini özündə əks etdirir. Beləliklə, Polşa qanunvericiliyi qanunla müəyyən edilmiş minimum üzv sayını tətbiq etməklə və təşkilatın siyasətinin müəyyən edilməsində eyni hüquqlara malik olmayan hüquqi şəxslərin yardımçı üzv kimi təşkilata cəlb edilməsinə dair məhdudiyyət qoymaqla, QHT-lərə xas olan fəaliyyətlərdə fərdi şəxslərin iştirakına lazımsız maneələr yarada biləcək bir sıra məhdudiyyətlər ehtiva edir.
Daha bir maraqlı misal: Norveçin Fondlar barədə aktının (qanunun) 14-cü bölməsinə əsasən, Fondların təsisat zamanı azı 100,000 Norveç kronu (NOK) məbləğində nizamnamə kapitalı olmalıdır. Lakin fond rəhbərliyi bu müddəadan azad edilə bilər. Nizamnamə kapitalı birinci paraqrafın tələblərinə cavab vermirsə, heç bir fond təsis edilməyib. Qanunla müəyyən olunmuş minimum kapital tələbi müddəası xeyriyyə yaxud qeyri-kommerisya təşkilatlarının təsisi ilə bağlı bir çox yurisdiksiyalar üçün ümumi olsa da, 100,000 NOK, yəni təxminən 11,000 Avro məbləği qanunla fond yaratmaq hüququ olan vətəndaşlar yaxud şəxslər üçün qadağa xarakteri daşıya bilər. Digər tərəfdən, Norveçdə bu məbləğ orta gəlirlə müqayisədə çox yüksək hesab edilməsə də, daha az resurslara malik şəxslərə qeyri-müvafiq maneələr yarada bilər.
Beləliklə, apardığımız təhlil nəticəsində hesab edirik ki, hər bir dövlətin qanunvericilik prosesinin öz xüsusiyyətləri var və müəyyən ölkələr QHT-lərin fəaliyyətini tənzimləyərkən bir sıra məhdudiyyətlər tətbiq etsə də, bir çox digər ölkələr mümkün yerli problemlərin həllinə xidmət edən qanunvericilik qəbul edib. Şübhəsiz, hər bir ölkə özü üçün xüsusi maraq kəsb edən məsələləri həll etməyə çalışarkən cəmiyyətin özünəməxsusluğunu, eləcə də ümumi siyasi və diplomatik vəziyyəti tam nəzərə alıb.
Qeyd edilənlər bir daha göstərir ki, AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Katibliyi tərəfindən hazırlanan və məruzəçinin Memorandum layihəsinə daxil etmiş olduğu mətndə Azərbaycanla bağlı iddialar ədalətsizdir və birtərəfli xarakter daşıyır. Belə ki, Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyin müddəaları Avropa Şurasına üzv olan digər dövlətlərdə tətbiq edilən müddəalara tam uyğundur və hətta bir sıra hallarda daha liberaldır”.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO