Nida.az
Vaşinqton-Berlin-Moskva üçbucağının Bakı savaşı - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərindən dərhal sonra Almaniyaya səfər etməsi diqqət çəkir. Azərbaycan liderinin Ankara səfəri bir sıra suallar baxımından maraqlı idi. Xüsusilə, Rusiyanın “Türk axını”nı planının gündəmə gəlməsindən sonra Bakının müəllifi olduğu “Cənub qaz dəhlizi” layihəsinə təhlükənin yarana biləcəyi ehtimalı səfərin əsas ana xəttini təşkil edirdi. Ərdoğanla İlham Əliyevin qapılar arxasında hansı müzakirələri apardığı məlum olmasa da, liderlərin mətbuatın önündə məmnun görünüşü ciddi problemin olmadığını deməyə əsas verdi.
Azərbaycan liderinin Berlin səfərindən sonra ortaya bir neçə versiya atılıb.
İlk versiyaya görə, Ankara öz maraqlarını nəzərə alaraq enerji layihələrində Bakının mövqeyinə zidd siyasət yeritməyə başlayıb və Azərbaycan lideri də milli maraqlar naminə Avropanın lider dövləti olan Almaniya ilə yaxınlaşmaq kursunu seçib.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə və Azərbaycan
liderlərinin məmnunluğu, görüşdən sonra verdikləri bəyanatlar bu
versiyanın ciddi olmadığını göstərir.
İkinci mühüm versiya Bakının son zamanlar gərginləşən
Ankara-Berlin münasibətlərində vasitəçi olmasıdır. Bu versiya
ehtimallar sırasında sonuncu olsa da, yaşamaq hüququ var. Çünki
hazırda PKK-nın Avropadakı əsas təşkilatı Almaniyadadır. Berlinin
peşmərgəyə dəstək adı altında PKK-nı silahlandırmasına dair
iddialar var. Cizrə mahalındakı son hadisələrin arxasında alman
kəşfiyyatının dayandığına dair də iddialar səslənir.
Ankara-Berlin arasında əsas problemlərdən biri də Almaniyada
yaşayan türklərlə bağlıdır. Bu ölkədə anti-türk çıxışlara tez-tez
rast gəlmək olur. Xüsusi məqamlardan biri də Türkiyənin Avropa
Birliyinə üzvlüyünün qarşısında əsas maneənin məhz Almaniya
olmasıdır. Bu proseslər fonunda Ərdoğanla Merkelin münasibətləri
heç də yaxşı deyil.
Ehtimal var ki, Ankaradan sonra Berlinə gedən İlham Əliyev Almaniya kanslerinə türkiyəli həmkarının fikirlərini də çatdırıb. Azərbaycanın Avropanın enerji təminatında əsas qüvvəyə çevrilmək perspektivləri də Prezident İlham Əliyevə vasitəçi olmaq şansları verir.
Təbii ki, bütün bunlar Azərbaycanın dövlət maraqlarından sonrakı
məqamlardır.
Berlin səfərində əsas xətt məhz Azərbaycan enerjisidir. Üçüncü və əsas versiya da budur. Almaniya bu gün Avropa Birliyinin lider ölkəsidir. Onun liderliyi təkcə sözdə yox, iqtisadi və siyasi üstünlükdə də özünü göstərir. Bu isə Berlinə Avropanın taleyini öz çiynində daşımaq kimi məsuliyyətli missiyanı üzərinə götürmək imkanı verir. Merkel Bakı qazı vasitəsilə Avropanı Rusiyanın enerji asılılığından qurtarmaqla, Almaniyanın nüfuzunu və şəriksiz liderliyini gücləndirə bilər.
Politoloq Rövşən İbrahimov hesab edir ki, səfərin məqsədi
Almaniyanın təşəbbüsü ələ almaq istəyidir: “Rusiya “Cənub
axını”ndan imtina etdi. Ukrayna münaqişəsi isə Rusiya enerjisinə
alternativlərin tapılmasını aktuallaşdırdı. Əsas alternativ
Azərbaycan qazıdır. Almaniya Rusiya ilə münasibətləri normal
səviyyədə saxlamağa çalışdığı üçün bu proseslərdən kənarda dayanmaq
istəyirdi. Lakin Berlin-Moskva münasibətləri artıq əvvəlki kimi
deyil. Bu baxımdan, Merkel təşəbbüsü ələ almaq və Avropada
liderliyini qorumaq istəyir”.
Politoloq Rusiyanın “Cənub axını”ndan imtina etməsindən sonra
Azərbaycanın aktuallığının artdığını bildirib.
“Avropa Birliyinin enerji təhlükəsizliyində TANAP, TAP faktoru
aktuallaşıb. Hesab edirəm ki, Almaniya və Azərbaycan arasındakı
danışıqlarda bu məsələ əsas prioritetlərdən olub”, - deyə politoloq
bildirib.
Səfər zamanı diqqət çəkən məqamlardan biri də Azərbaycan və
Almaniya arasında iqtisadi əməkdaşlıq perspektividir. Angela Merkel
çıxışında bu məsələyə xüsusi önəm verdi. O, Azərbaycana qoyulan
alman kapitalının 2,5 milyard dollar civarında olduğuna diqqət
çəkərək, alman şirkətlərinin Azərbaycandakı fəaliyyətindən
danışdı.
Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvü Fuad
Muradov Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin
Almaniyaya səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Onun
sözlərinə görə, bu gün iki ölkə arasında siyasi və iqtisadi
münasibətlər yüksək templə inkişaf edir: “Azərbaycan
avrointeqtrasiya kursuna sadiqdir və bu prosesdə Almaniya ilə
münasibətlər önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyev da səfər
zamanı bu məsələlərə toxundu. Xanım kansler də Azərbaycanın
əhəmiyyətini vurğuladı. Hesab edirəm ki, bu səfər iki ölkə
arasındakı münasibətlərə yaxşı təsir edəcək”.
Almaniyanın Cənubi Qafqazda lider ölkə olan Azərbaycana diqqəti
Fransa faktoru ilə də bağlı ola bilər. Çünki son dövrlər Fransa
Azərbaycanla ikitərəfli münasibətləri genişləndirib. Bu həm də
ikitərəfli iqtisadi layihələrdə özünü göstərir.
“Prezident İlham Əliyevin Angela Merkellə görüşü Azərbaycanın
siyasi həyatı üçün əlamətdar hadisədir. Azərbaycanın özü də Avropa
Birliyi üçün iqtisadi baxımdan cəlbedici ölkədir. Sirr deyil ki,
birlik ölkələri arasında Azərbaycanla məhz Almaniyanın
münasibətləri yaxşı deyildi. Amma Berlin səhvini başa düşüb.
Xüsusilə də, Fransadan geri qalmaq Merkelə sərf etmir”, - deyə
Rövşən İbrahimov qeyd edib.
Almaniya ilə Fransa arasında Avropa Birliyində liderlik savaşının
gözəgörünməz formada zaman-zaman davam etməsi faktdır. Bu
kontekstdə Berlinin Bakıya xüsusi diqqətinin səbəbi aydınlaşır.
Səfərdə ən mühüm məqam isə Almaniyanın Qarabağla bağlı mövqeyi idi. Münaqişənin ərazi bütövlüyü və sülh çərçivəsində həllinə tərəfdar olduğunu deyən xanım Merkel Rusiyanı ittiham etdi.
“Almaniya Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə
davam edən münaqişənin nizamlanmasında iştirak etmək istəyir. Biz
Azərbaycan Prezidenti ilə münaqişənin dinc yolla həll edilməsi
məsələsində vahid mövqeyə gəldik. Almaniya münaqişənin
nizamlanmasında vasitəçi olmağa can atır. Biz hesab edirik ki,
Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə birgə təşəbbüslə
çıxış edə və münaqişənin nizamlanmasına müəyyən töhfə verə
bilərlər. Bununla əlaqədar olaraq Azərbaycan Avropa Komissiyası ilə
danışıqlar aparır” - Merkel bəyan edib.
Almaniya kansleri bildirib ki, onun ölkəsi ATƏT-in Minsk Qrupunun
üzvüdür və Ermənistanla Azərbaycan prezidentləri arasında həmsədr
ölkələr - Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə aparılan
danışıqları dəstəkləyir. Lakin Merkel əlavə edib ki, Rusiya Qarabağ
münaqişəsinin qızışmasında neqativ rol oynayır: “Hesab edirik ki,
bu münaqişənin ancaq bir həll yol var - sülh yolu. Təbii ki,
atəşkəsin tez-tez pozulması halları neqativ faktdır. Hesab edirəm
ki, burada Rusiya müəyyən rol oynayır. Mən bunu sadəcə olaraq qeyd
etmək istədim”.
Alman liderinin bu açıqlamasının Rusiya ilə pisləşən münasibətlərə
bağlı olduğunu iddia etmək olar. Lakin bunun Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması məsələsinə xeyir verə biləcəyi ehtimalı
da güclüdür.
Politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirib ki,
Ukrayna böhranından sonra ilk dövrlər Rusiyaya qarşı çıxmayan
yeganə Avropa ölkəsi olan Almaniyanın bu mövqeyi diqqət çəkir. Onun
sözlərinə görə, Rusiya Avropadakı sonuncu dəstəyini artıq itirib:
“Avropa güman ki, Moskvaya qarşı hücumlarının sərtləşdirəcək.
Rusiyada iqtisadi durum hazırda çox pisdir. Bu isə qarşıdakı
dönəmdə bu ölkənin öz problemlərinə başının qarışması və digər
məsələlərin arxa plana keçməsi ilə nəticələnə bilər. Misal üçün,
Ermənistana verilən dəstək kəsilə bilər. Bu isə Azərbaycana öz
torpaqlarının azad olunmasında yeni şanslar yaradır”.
Politoloq münaqişənin həllində Qərbin təşəbbüsü ələ alacağını
istisna etmir.
“Bu baş verərsə, ümumi mənzərə bizim xeyrimizə olacaq və ərazi bütövlüyümüz bərpa oluna bilər. Qərb heç vaxt regionun əsas dövləti olan Azərbaycanı itirmək istəməz. Bakı isə ərazi bütövlüyünə dəstək verən gücün yanında olacağını açıqlayıb. Belə olan təqdirdə, Avropa Birliyi münaqişənin həllində aktivləşə və qarşıdakı dönəmdə nəticələrin olmasına çalışacaq”, - deyə o vurğulayıb.
Politoloq Rövşən İbrahimov isə hesab edir ki, Almaniya Dağlıq
Qarabağ münaqişəsində birbaşa rol almaq istəyir: “Bu günə qədər
Berlin münaqişəyə dair epizodik çıxışları ilə yadda qalıb. Merkelin
bu açıqlaması isə kursun dəyişdiyi ehtimalını gücləndirir”.
Sabiq dövlət müşaviri Vəfa Quluzadə də xanım Merkelin açıqlamasını müsbət qiymətləndirir. Lakin o, münaqişənin həllini Rusiyanın çökməsindən sonra mümkün olacağını hesab edir.
“Hər şey Rusiyanın Ukraynadan necə çıxacağına bağlıdır. Əgər Rusiya
zəif olaraq çıxacaqsa, bu regiondakı digər münaqişələrin, eləcə də
Dağlıq Qarabağ probleminin həllinə təsir edəcək”, - deyə V.
Quluzadə vurğulayıb.
Ümumi proseslər isə Azərbaycan lideri İlham Əliyevin ABŞ, Avropa və
Rusiya arasında düşünülmüş və effektiv manevr etdiyini göstərir.
Bunu hər üç tərəfin Cənubi Qafqazda Azərbaycanın müsbət
münasibətini qazanmağa çalışdığı da göstərir.
Asif Nərimanlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO