Cəmil Həsənlinin “tarixi səhvi”: ədalət carçısı, yoxsa siyasi manevr? – YAXIN KEÇMİŞ
Bizi izləyin

Nida.az

Cəmil Həsənlinin “tarixi səhvi”: ədalət carçısı, yoxsa siyasi manevr? – YAXIN KEÇMİŞ

Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənlinin ümumtəhsil orta məktəblərin tədris proqramından çıxarılan “Ata yurdu” dərsliyində Talış xanlığına dair qeydlərin olmaması ilə bağlı fikirləri “tarixi qalmaqal” yaradıb.


Publika.az xəbər verir ki, Milli Şura sədri dərslikdə Talış xanlığına dair məlumatların yer almasının vacibliyini dilə gətirib: “Bütün digər xanlar kimi, eyni dərəcədə öz yurduna bağlı olan və 28 il xanlıq taxtında oturmuş Mir Mustafa xanın adı niyə, heç olmasa, ötəri də olsa, bir yerdə çəkilmir? Bu təsadüfdür, yoxsa müəlliflər məqsədli şəkildə bu xanlığın ərazilərini “Ata yurdu”nun hüdudlarından çıxarıblar? Məsələn, Lənkəran məktəblərinin 5-ci sinfində oxuyan şagirdlər sevə-sevə Çələbi xanın, Cavad xanın, Pənahəli xanın igidliyindən xəbər tutduqları halda, “Ata yurdu” haqqında ilkin məlumatlar verən dərslikdə niyə Talış xanlığının, heç olmasa, adı çəkilməməlidir? Yoxsa, müəlliflərin cızdığı “Ata yurdu” xəritəsində bu xanlığın torpaqlarına yer yoxdur? Bəlkə, bu şagirdlərin öz babaları ilə fəxr etmək haqqı yoxdur? Bunu etmək olmaz. Bizim bir vətənimiz var: Azərbaycan! Onun bütün guşəsi bizim üçün əzizdir. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Dərslikləri isə xırda hisslərdən uzaq olan kamil müəlliflər yazmalıdır”.


Professor Yaqub Mahmudov isə Cəmil Həsənlinin fikirlərinin yanlış olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda Talış yox, Lənkəran xanlığı olub: “Lənkəran xanlığı Səfəvi dövlətinin bir qolu olub və əsl Azərbaycan türk xanlığıdır. Lənkəran xanları səfəvi nəslindən olan türklərdir”.


Professorun bu açıqlamasına C. Həsənli özünün “facebook” səhifəsində cavab verib.


“Yaqub müəllimin türk tarixinin müdafiəçisi rolunda çıxış etməsi ən azı tarixin özünə ironiyadır və bu tarixin təhrif edilməsi istiqamətində onun müstəsna “xidmətləri” olub. Hesab edək ki, Yaqub Mahmudovun iddia etdiyi kimi, doğrudan da Talış xanlığı yox, Lənkəran xanlığı olub. Bu halda adı çəkilən dərslikdə 5 səhifə Şəki xanlığı haqqında yazanda, ən azı bir cümlə də Lənkəran xanlığı haqqında yazmaq pis olmazdı. Yeri gəlmişkən, əgər dərslikdə 5 səhifə Lənkəran xanlığı haqqında yazılıb, bir cümlə belə Şəki xanlığı haqqında yazılmasaydı, mən eynilə bunun yolverilməz olduğunu bildirəcəkdim. “Lənkəran xanlığı” ifadəsinə gəldikdə, bu bir tarixi hoqqabazlıqdır.

Haradan götürüb bunu Yaqub Mahmudov, hansı tarixi mənbədə Talış xanlığının adının “Lənkərən xanlığı” olduğu göstərilib? Onun “Lənkəran xanlığı Səfəvi dövlətinin bir qolu olub... Lənkəran xanları səfəvi nəslindən olublar, türk olublar” sözlərinə gəldikdə, tək “Lənkəran xanlığı” deyil, bütün Azərbaycan xanlıqları Səfəvi dövlətindən törəmədir. Tək Lənkəran xanları deyil, kiçik istisnalarla bütün Azərbaycan xanları vaxtilə Səfəvi xanədanı tərəfindən əyalətlərə bəylərbəyi kimi göndərilən türk əmirlərin varisləridir”, - deyə Milli Şura sədri bildirib.


Onun fikrincə, son 200 ildə əlimizdə Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərindən daha mötəbər mənbə yoxdur: “Yaqub Mahmudovun rəhbərlik etdiyi institut da bu böyük mütəfəkkirin adını daşıyır və Abbasqulu ağa həmin əsərində yazır: “Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrini əvvəl (oktyabr) ayının 12-də, Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud olan ölkələri Rusiya dövlətinə tərk etdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi”. Belə olan halda Yaqub Mahmudov “Lənkəran xanlığı” ifadəsini haradan uydurur”.


Tarixçi alim Dilavər Əzimli isə mətbuata açıqlamasında “Talış xanlığı” yanaşmasını doğru hesab etmədiyini qeyd edib: “Talış coğrafi ərazidir. Ona görə də bu xanlıq “Talış xanlığı” kimi də işlənir. Amma mənbələrdə Lənkəran xanlığı kimi qeyd olunur. İndi mötərizədə “Talış xanlığı” yazırlar”.

“Azadlıq” qəzeti Milli Şuranın üzvü, “Azəri-Talış” birliyinin sədri Mehdibəy Səfərovun münasibətini öyrənib. O, bu yanşamanın talış köklü insanların Azərbaycana münasibətini dəyişdirdiyini iddia edib.


“Lənkəranda yaşayan bir gənc tarix kitabında Talış xanlığı haqqında məlumat görmürsə, onun Azərbaycana olan məhəbbətinə az da olsa xələl gəlir. Ona görə də Cəmil müəllim bu məsələni düzgün olaraq gündəmə gətirib və mən ona dərin təşəkkürümü bildirirəm”, - deyə o vurğulayıb.


Bu tarixi polemikada konkret kimin haqlı olduğunu demək tarixçilərin öz işidir. Cəmil Həsənlinin məsələyə tarixi yox, hazırki siyasi situasiyadan yanaşdığına dair iddialar isə yaxın keçmiş baxımından diqqət çəkir.


Daima talışların etnik qrup kimi hüquqlarını gündəmə gətirən “Azəri-Talış” Birliyinin sədri Mehdibəy Səfərov və qurumun əsas təsisçilərindən olan Eldəniz Quliyev bu yaxınlarda təmsil olunduqları “El” hərəkatından istefa verərək əsas fəaliyyətlərini Milli Şuraya köçürdülər.


Cəmil Həsənlinin 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılan Milli Şuraya “vahid namizəd” olduğu zaman ona qarşı çıxan əsas şəxslərdən biri M. Səfərov idi. O, buna səbəb kimi C. Həsənlinin öz proqramına talış etnik qrupunun hüquqlarının müdafiəsinə heç bir müddəa əlavə etməməsini göstərirdi. Hətta Milli Şuranın sessiyalarının birində bununla bağlı qalmaqal baş vermişdi.


M. Səfərov 2013-cü il 31 avqust tarixində Publika.az-a verdiyi açıqlamada demişdi: “Cəmil Həsənliyə Elçibəyin milli azlıqlarla bağlı fərmanı barədə sual verdim və onun mövqeyini öyrənmək istədim. Cavabı qane etmədi və mən yenə də sualı təkrar etdim. Amma Cəmil müəllim sualdan yayındı. Cavab ala bilmədiyim üçün onun “vahid namizəd”liyinə səs vermədim”.


Milli Şuranın həmin ilin 23 avqustunda keçirilən sessiyasında M. Səfərovun bu sualı və onu ikinci dəfə təkrara etməsi narazılıq yaratmışdı. Hətta yerdən ona “iclası tərk et, çıx bayıra” replikası da atılmışdı. Ona qarşı hətta “təxribatçı” ittihamı da səslənmişdi.


İndi M. Səfərovun “El”i tərk edərək Milli Şuraya gəlməsi vaxtilə onun C. Həsənliyə qarşı ittihamlarını yada salır. Bu baxımdan, C. Həsənlinin məsələyə tarixi yox, hazırki siyasi situasiyadan yanaşdığına dair iddialar ön plana çıxır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm