Arif Hacılı tərəfdarlarına gizli tapşırıq verib – İDDİA
Bizi izləyin

Nida.az

Arif Hacılı tərəfdarlarına gizli tapşırıq verib – İDDİA

“Arif Hacılı problemlərin həllində yox, konfliktin daha da alovlanmasında maraqlıdır”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADr) hərəkatının Təşkilat Komitəsinin üzvü Hüseyn Məlik deyib.


Onun sözlərinə görə, bir neçə gün öncə Ənvər Əhmədin də partiyadan çıxarılması vəziyyəti gərginləşdirmək məqsədi daşıyır: “Qubad bəy yanvarın 31-də Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edəndən sonra görüş keçirməyi təklif etdi. Əsas məqsəd yaranmış vəziyyətdən çıxış yolu tapmaqdır. Arif Hacılının müavini Elman Fəttah isə Qubad bəyin bu təklifini onların tədbirini pozmaq niyyəti kimi şərh edib. Halbuki Qubad bəy görüşün tədbirdən sonra keçirilməsini təklif edir. Bu təklifdən sonra Ənvər Əhməd partiyadan çıxarıldı. Çünki Arif Hacılı münasibətlərin yaxınlaşmasını yox, gərginləşməsini istəyir”.


H. Məlik Ənvər Əhmədin partiyadan çıxarılmasını Sumqayıt rayon təşkilatının verdiyi qərar kimi yox, Arif Hacılının göstərişi olaraq qiymətləndirib.


“Kommunist Partiyasının nizamnaməsində “demokratik mərkəziyyət prinsipi” adlı bənd vardı. Bəndin mahiyyəti bundan ibarət idi ki, yuxarıların verdiyi qərarlar aşağılar üçün sözsüz və məcburidir. Bu gün Müsavat Divanı formal xarakter daşıyan qərarverici orqandır. Ənvər Əhmədin Arif Hacılının diktəsi ilə çıxarıldığını görürəm. Çünki Arif Hacılı qurultaydan narazı qalanlarla dialoq aparmağın tərəfdarı deyil”, - deyə o bildirib.


H. Məlik maraqlı iddia ilə çıxış edib. Onun sözlərinə görə, yanvarın 31-də Qubad İbadoğlunun tərəfdarları ilə birgə Novxanıda keçirmək istədiyi tədbirə Arif Hacılının tərəfdarlarından kim qatılsa, sərt şəkildə cəzalandırılacaq: “Bu haqda məndə dəqiq məlumat var. Divanın indidən belə göstəriş verdiyini bilirəm”.


H. Məlik Arif Hacılının AXCP sədri ilə görüşü haqda da diqqətçəkən iddia irəli sürüb.


“Əli Kərimli ilə görüşmək təkcə Arif Hacılının yox, həm də İsa Qəmbərin fikridir. Onlar AXCP-nin mövqeyini əvvəldən bilirdilər. Bu təklif Arif Hacılı tərəfindən cəmiyyətə hesablanmış bir addım idi. Müxalifətin dağılmasında Müsavat başqanının rolu olduğu barədə çox deyilir. Bu görüş Arif Hacılının özünü birləşdirici fiqur kimi göstərmək üçün imitasiyası idi. Arif Hacılı bununla partiyadaxili narazılıqlardan diqqəti yayındıraraq, özünü ümumi müxalifətin əsas fiquru olaraq təqdim etmək istəyir”, - deyə ADR təmsilçisi qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm