Etibar Məmmədov: “Rəsul Quliyevin maliyyəsinə ehtiyacımız yoxdur”
Bizi izləyin

Nida.az

Etibar Məmmədov: “Rəsul Quliyevin maliyyəsinə ehtiyacımız yoxdur”

“Oğlum hələ ki, hərbi xidmətdədir. Hərbi xidməti başa vurandan sonra harada işləyəcəyi və hansı sahənin ardınca gedəcəyi yalnız onun öz qərarından asılıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, tanınmış siyasətçi Etibar Məmmədov bildirib.

E.Məmmədov gələcəkdə oğlunun siyasətlə məşğul olub-olmamasını istisna etməyib: “Oğluma nəyisə qadağan və ya məcbur edə bilmərəm ki, gedib filan işlə məşğul olsun. Ümumiyyətlə, mən gənclərin siyasi fəallığının tərəfdarıyam. Siyasi fəallıq təkcə o demək deyil ki, o hər hansı siyasi təşkilatda fəaliyyət göstərsin. Siyasi fəallıq həm də odur ki, bizim gənclər vətəndaş məsuliyyətini dərk etsin. Hər bir vətəndaş bu ölkənin taleyində hansı məsuliyyəti daşıdığını anlamalıdır. Bunun üçün vətəndaşlar ölkənin siyasi prosesləri ilə maraqlanmalıdır, bunun ölkə üçün xeyr və ya ziyanı olmasını bilməlidir. Əgər imkanı və vaxtı çatırsa, bu prosesdə iştirak etməlidir. Fərqi yoxdur, istər iqtidar, istərsə də müxalifət partiyasında olsun. Siyasi fəallıq siyasi məsuliyyətdən irəli gəlir. Ona görə də mən heç kəsi öz istəyindən qadağan edə bilmərəm”.

E.Məmmədov onu da qeyd edib ki, indi yüksək vəzifə tutan tanınmış şəxslərdən çoxu vaxtilə AMİP-in sıralarında təmsil olunub: “Onlar vaxtilə AMİP-in üzvü olublar, sonradan isə mövqelərini dəyişiblər. Onların bəziləri partiyadan gedəndə bəyanat veriblər, bəziləri isə sakitcə gediblər. Bütün bunların hamısı tarixdə qalır. Ancaq onlarla şəxsi münasibətlərimdə hansısa problem və ya yaxınlıq yoxdur”.

E.Məmmədov Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə hazırda münasibətlərinin qalıb-qalmamasına da aydınlıq gətirib: “Hər hansı əlaqəm yoxdur. Heç yadıma gəlmir ki, onunla sonuncu dəfə nə zaman əlaqəm olub. Amma Rəsul Quliyevlə heç bir problemim də yoxdur”.

“Rəsul Quliyev vaxtilə AMİP-ə maliyyə ayırıb” sualına isə E.Məmmədov belə cavab verib: “Partiyanın Rəsul Quliyevin maliyyəsinə ehtiyacı yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm