Nida.az
Bakı Aşqabadı inandıra biləcəkmi? – Kremlin gəmisi Xəzərdə “bata” bilər
Yanvarın 29-da Azərbaycan, Türkiyə və Türkmənistan
xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşü
keçirildi.
Publika.az-ın məlumatına görə, Ukrayna münaqişəsindən sonra Avropanın enerji təminatında yaranan problem fonunda bu görüş məhz qaz sektorunda əməkdaşlıq baxımından diqqət çəkirdi. Nazirlər də görüşdə Türkmənistan qazının Xəzərin dibi ilə Bakıya çatdırılması, buradan isə Türkiyə vasitəsilə Avropaya çıxarılması məsələsini müzakirə ediblər. Bununla əlaqədar enerji şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və neft-qaz şirkətlərinin nümayəndələrinin üçtərəfli görüşünün təşkilinin məqsədəuyğunluğu qeyd edilib.
Bununla yanaşı, 2015-ci ildə Azərbaycan, Türkmənistan və Türkiyə
prezidentlərinin Aşqabadda sammitinin keçirilməsi məsələsi də
müzakirə mövzusu olub.
Bu gün Avropanın göz dikdiyi Azərbaycan qazını daşıyacaq kəmərə
əlavə mənbənin tapılması aktual məsələdir. Əsas alternativ olan
türkmən qazının Bakıya qədər gətirilməsi və TANAP-a qoşulması isə
hələlik çətin məsələ kimi görünür. Ankara və Bakı Aşqabadı buna
inandırmağa çalışır. Ötən il Aşqabada səfər edən Türkiyə Prezidenti
Rəcəp Tayyip Ərdoğan da Qurbanqulu Berdiməhəmmədlə görüşdə bu
məsələsini müzakirə etmişdi. Lakin türkmən hökuməti Rusiyanın
əleyhinə gedərək, hələlik “Transxəzər” layihəsinə “hə” cavabı
vermir.
İndi əsas sual Ankara və Bakının Aşqabadı TANAP-a qoşulmağa razı
sala biləcəyi ilə bağlıdır.
Rusiyalı analitik Andrey Kazansev burda bir çox mübahisəli
məsələlərin olduğunu deyib: “Hər şeydən əvvəl, Xəzərdə enerji
yataqları ilə bağlı mübahisələr var. Digər tərəfdən, Avropanın
marağında olan Transxəzər boru kəmərinin tikintisi də qeyri-real
görünür. Rusiya və İran layihənin reallaşmasına qarşıdır. Onlar
indiyə qədər Xəzərin statusu məsələsinin həll olunmasına da
maneələr yaradır”.
Ekspert hesab edir ki, Ukrayna müharibəsindən sonra Avropa və
Rusiya arasında qazın çatdırılması problemi daha da böyüyüb:
“Göründüyü kimi, Avropa Xəzər vasitəsilə qaz kəmərinin tikintisində
daha çox maraqlıdır. Türkmənistanda da Avropaya göndərilə biləcək
əlavə ehtiyatlar var”, - deyə o bildirib.
Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov da Türkmənistan qazının
TANAP-a qoşulmasını real hesab etmir: “Bunun üçün əvvəlcə Xəzərdə
mübahisəli məsələləri həll etmək lazımdır. Bu mübahisələr Bakı və
Aşqabad arasında daha ciddi şəkildə görünür. Lakin Bakı ilə
münasibətlərin normallaşdırılması Aşqabad üçün imic baxımından
sərfəlidir. Görünür, Türkiyə üçtərəfli türkdilli ittifaqın əsasını
qoyur. Hesab edirəm ki, “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində
beynəlxalq kampaniyaya qarşı dayanmaq üçün Ankaraya türk həmrəyliyi
olduqca vacibdir”.
Post-sovet ölkələrinin xarici siyasəti üzrə ixtisaslaşmış ekspert
Anna Demçenkonun fikrincə, məsələyə Yeltsin dövründəki şablonlarla
yanaşmaq olmaz: “Bu prosesdə Moskva-Bakı-Ankara yaxınlaşması
diqqətdən yayınmamalıdır. Bu ölkələr daha çox müttəfiqdir, nəinki
rəqib. Bu yaxınlarda Rusiya Türkiyə ilə enerji əməkdaşlığına
başladığı kimi, Azərbaycan və Türkmənistan da əməkdaşlıq edə bilər.
Digər tərəfdən, nə üçün Rusiya Xəzərin dibi ilə çəkiləcək boru
xəttindən öz qazının çatdırılması üçün istifadə etməsin? Yaxud bu
ölkələr Bakının ətrafında və ya Krasnodar, Stavropol yaxınlığında
neft zavodu tikməsinlər? Mən bu bölgədə enerji əməkdaşlığını məhz
dördlük olaraq görürəm: Moskva-Ankara-Bakı-Aşqabad”.
Boru kəmərinin tikintisinə gəlincə, ekspert bu məsələdə ciddi
problem görmədiyini bildirib.
“Baltik və Qara dənizin dibi ilə boru xətti tikildiyi kimi, Xəzərin
dibi ilə də tikmək olar. Bəzi ekspertlər bu prosesi Rusiyanın
kənarlaşdırılması kimi təqdim edir. Lakin Rusiya Xəzərdə əsas
ölkələrdən biridir. Onu bu dənizdə reallaşacaq hansısa layihədən
kənarda saxlamaq mümkün deyil”, - deyə ekspert vurğulayıb.
Sabir dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə Publika.az-a
açıqlamasında rusiyalı politoloqların Kremlin maraqları
çərçivəsində çıxış etdiklərini deyib. Onun sözlərinə görə, Xəzərin
dibi ilə boru kəmərinin çəkilməsi qeyri-aid hal deyil: “İndiyə
qədər bir çox dənizlərin dibi ilə belə kəmərlər çəkilib. Eyni tipli
kəməri Xəzərdə də ola bilər. Sadəcə olaraq, burda Qərbin istəyi
əsasdır. Rusiya çox atılıb-düşür. Lakin Qərb Rusiyaya göstərdi ki,
istədiyi vaxt onu əzə bilər. Bu gün Rusiyada iqtisadi böhran
yaşanır, rubl ölür və sanksiyalar davam edəcəyi təqdirdə, bu
ölkənin dağılmasının qarşısını almaq çətin olacaq. Rusiya Xəzərdə
onsuz reallaşacaq hər hansı layihəyə qarşı da çıxa bilər. Amma bu
həmin layihənin reallaşmayacağı demək deyil”.
V. Quluzadə Moskvanın Xəzəryanı ölkələrə təzyiqini artıra
biləcəyini deyib.
“Əgər Transxəzər layihəsi gündəmə gələrsə, biz belə təzyiqləri
tez-tez müşahidə edəcəyik. Lakin bununla nəyəsə nail ola biləcəyini
düşünmürəm. Rusiya artıq əvvəlki ölkə deyil”, - deyə o
vurğulayıb.
Asif Nərimanlı
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO