Nida.az
Qarabağ üçün “normand dördlüyü” – Qərb baxışını dəyişibmi?
Dünən ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. Vasitəçilər Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Bakıya gəldilər.
Səfər ərəfəsində C.Uorlik özünün “Twitter” səhifəsində “ciddi
danışıqların olacağı” haqda anons verdi.
Bakıda olan həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək münaqişə ilə bağlı müzakirələr apardılar. Görüşdən sonra mediaya açıqlama verən Uorlik bildirdi ki, müzakirələrdə təmas xəttində gərginlik, itkilər və digər məsələlərə toxunulub: “Bu məsələdən cənab İlham Əliyev də narahatlıq keçirdiyini qeyd etdi. Düşünürəm ki, hal-hazırda hər bir kəsin önündə bir çağırış var. Baş verən zorakılıqları, insan itkilərini, dağıntıları bir kənara qoyub, gələcək irəliləyiş üçün addımlar atmalıyıq ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Münaqişənin sülh yolu ilə həll olunması hər iki dövlətə, eləcə də bütün regiona öz bəhrəsini verəcək”.
Uorlikin açıqlamasında diqqətçəkən məqam Dağlıq Qarabağ
münaqişəsini Ukrayna hadisələri, eləcə də Cənubi Osetiya və
Abxaziya, Dnestryanı münaqişələrdən ayırmasıdır.
“Dağlıq Qarabağ münaqişəsi ilə Ukrayna böhranına, yaxud da
Gürcüstanda, Moldovada yaranan münaqişə vəziyyətinə paralel xətlər
çəkmək lazım deyil. Bunlar tamamilə fərqli münaqişələrdir və
bunların həllinə müxtəlif yanaşmalar mövcuddur”, - deyə o
bildirib.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Siyavuş
Novruzov Publika.az-a açıqlamasında Dağlıq Qarabağ
münaqişəsi ilə amerikalı həmsədrin ayırdığı münaqişələr arasında
ciddi fərqin olmadığını deyib. Onun sözlərinə görə, bütün
münaqişələrdə işğal faktı var və bu danılmazdır: “Ola bilsin
yanaşmalar fərqlidir. Lakin ümumi mənada bu münaqişələrin hər
birinin taleyində bənzərlik var. Dağlıq Qarabağ münaqişəsinin
özəlliyi isə BMT tərəfindən qətnamələrin qəbul edilməsidir. Yəni
digər münaqişələrdə belə qətnamələr olmasa da, Qarabağla bağlı
beynəlxalq hüquq dili ortadadır”.
Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri də
məsələni Publika.az-a şərh edərkən amerikalı həmsədrin ciddi
yanıldığını bildirib.
“Amerikalı həmsədrin yanaşması doğru deyil. Xüsusilə Ukrayna
münaqişəsindən sonra Qərbin post-sovet məkanındakı bu münaqişələri
bir-birindən ayırması başa düşülən deyil. Qərb də bu münaqişələri
arxasında dayanan faktoru yaxşı bilir. Hesab edirəm ki, diplomatik
dillə yox, daha açıq danışmaq lazımdır”, - deyə politoloq qeyd
edib.
Ukrayna münaqişəsi Qərb yarımkürəsini bir növ “yuxudan
oyandırdığını” demək olar. Beynəlxalq ekspertlər də Kiyevi xilas
etmək istəyən Qərbin post-sovet məkanında dondurulmuş münaqişələrə
mövqeyinin dəyişəcəyini qeyd edirlər. Bu, avtomatik olaraq Dağlıq
Qarabağa da şamil olunur. Çünki bu münaqişə faktiki olaraq keçmiş
SSRİ ərazisində ən qədim problemdir və ondan sonra baş verən
münaqişələr üçün bir növ zəmin hazırlayıb. Belə bir situasiyada
amerikalı həmsədrin anlaşılmaz mövqeyi diqqət çəkir.
Siyavuş Novruzov hesab edir ki, Ermənistana dərhal sanksiyalar
tətbiq olunmalıdır: “Təmas xəttində atəşkəs Ermənistan tərəfindən
mütəmadi şəkildə pozulur. Son səkkiz ayda bu daha sistemli xarakter
daşıyır. İriçaplı texnikalardan istifadə olunur, təmas xəttinə
yaxın kəndlərdə insanlar atəş altında yaşamaq məcburiyyətində
qalıblar. Bunların qarşısı alınmalı, Ermənistana xüsusi sanksiyalar
tətbiq olunmalıdır. O cümlədən iki azərbaycanlının həbsi, onlar
üzərində qurulan qondarma “məhkəmə” pislənilməli, onların azad
olunması həmsədrlər üçün prioritet istiqamət olmalıdır”.
Milli Məclisin komitə üzvü qeyd edib ki, Ermənistan Rusiyadan daha
öncə işğalçı siyasət yürüdür: “Bu ölkə Azərbaycan torpaqlarını
Rusiyadan daha öncə işğal edib. Lakin bu gün Ukraynaya görə
Rusiyaya sanksiya tətbiq olunduğu halda, Ermənistana güldən ağır
söz deyilmir. Bu ölkə Avropa Şurasında üzvlüyünü davam etdirir,
beynəlxalq ictimaiyyətin subyekti kimi əlini qolunu sallayıb gəzir.
Halbuki BMT-nin dörd qətnaməsi var. Biz Ermənistana sanksiyaların
tətbiq olunmasını deyəndə məhz bu qətnamələrə, yəni birbaşa
beynəlxalq hüquqa söykənirik”.
Politoloq Natiq Miri isə Ukrayna münaqişəsində istifadə olunan
“Normand dördlüyü” formatının Dağlıq Qarabağ münaqişəsinə tətbiqini
vacib hesab edir. Onun sözlərinə görə, bu gün Azərbaycana ədalətsiz
şərtlər irəli sürürlər.
“Amerikalı həmsədrin ciddi danışıqlarla bağlı dediyi sözlər
atəşkəsin qorunması və Böyük sülh sazişi ilə bağlıdır. Lakin Böyük
sülh sazişinə gəlib çıxmaq üçün mütləq mənada Dağlıq Qarabağ
ətrafı, aran Qarabağın 7 rayonu boşaldılmalıdır. Ondan sonra Dağlıq
Qarabağın statusu haqqında danışmaq olar. Laçına bir növ dəhliz
statusu verməklə Ermənistanla Qarabağın əlaqələrini, sərbəst
gedib-gəlməsini təmin etmək istəyirlər. Təbii ki, bu şərtlərin
içində Azərbaycanın maraqlarına cavab verməyən şərtlər var.
Xüsusilə də indiki şəraitdə ortada qlobal səviyyədə Ukrayna
probleminin çözümü məsələsi var. Krım, Donbas məsələsi 1 ildir
başlayıb, amma 20 ildən çoxdur ki, Qarabağ ədalətli həllini
gözləyir. Azərbaycana çox ədalətsiz şərtlər irəli sürülür. Bundan
başqa, Ermənistan Azərbaycanın Dağlıq Qarabağı müstəqil subyekt
kimi tanımasını istəyir. “Normand dördülüyü” deyilən dördlüyün
qəbul etdiyi 2 Minsk sənədi ən müasir münaqişənin ortalığa qoyulmuş
çözüm variantıdır. Bu, eynilə Dağlıq Qarabağa da tətbiq
olunmalıdır”, - deyə o bildirib.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağda hər hansı referendumun
keçirilməsi şərt kimi qəbul edilə bilməz. Onun sözlərinə görə,
Dağlıq Qarabağın özünüidarəetmə statusu müstəqil surətdə xarici
ölkələrlə ticarət əlaqələrinə şərait yaradılması, eyni zamanda,
Azərbaycan dövləti tərəfindən sosial-iqtisadi inkişaf
proqramlarının həyata keçirilməsi kontekstində verilə bilər:
“İndiki şəraitdə ortada Ukrayna modeli var. Bundan yuxarı variantı
Ermənistana təklif etmək ən azından Azərbaycanın hüquqlarını
tapdamaq deməkdir. Söhbət yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində müəyyən güzəştlərdən gedə bilər. Fərqli davranış
ortaya çıxarsa, bu, qlobal səviyyədə böyük qalmaqal olacaq. Yalnız
Ukraynada olan modelin Azərbaycanda tətbiqi variantı daha məqbul və
ədalətlidir”.
Qeyd edək ki, həmsədrlər bu gün İrəvana, daha sonra Xankəndiyə
gedəcək.
Asif Nərimanlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."