Nida.az
Azərbaycanın birinci xanımının zərif qadın obrazı - FOTOLAR
Bu gün ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü qeyd edir.
Mehriban xanım avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub.
Mehriban Əliyeva Azərbaycanın gələcək prezidenti ilə 1983-cü ildə hələ Tibb Universitetinin tələbəsi ikən ailə qurub. Prezident İlham Əliyevin karyerasında uğurlar əldə etməsində bu qadının rolu əvəzsizdir. Mehriban Əliyeva müsahibələrinin birində bildirir ki, prezident xanımı olmaq asan deyil:
"Ancaq burada açıqlıq elementi əsas rolu oynamır. Tədricən kameralara, sənə dikilmiş baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən. Ölkə Prezidentinin həyat yoldaşı olmaq məsuliyyətli, çətin işdir. Sən yalnız özünü və ailəni yox, həm də haradasa öz ölkəni təmsil edirsən. Sözlər, hərəkətlər, davranış hamısı yerində olmalıdır. Xoşbəxtlikdən mən hələ uşaqlıqdan öz qarşıma sərt tələblər qoymuşam, həmişə valideynlərimə, ailəmə layiq olmağa çalışmışam. Bu gün eyni məsuliyyət bizim uşaqlarımızın üzərinə düşür və mən fəxr edirəm ki, onlar bu çətin vəzifənin öhdəsindən dəqiqliklə gəlirlər".
Azərbaycanın birinci xanımı müsahibələrinin birində deyib ki, xoşbəxt ailə həyatının resepti yoxdur:
"Düşünürəm ki, ola da bilməz. Hər insan üçün xoşbəxtliyin öz qavrayışı, öz anlamı var. Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur".
Yaradan və valideynləri ona, demək olar ki, mümkün hər şey - gözəllik, ağıl, məlahət, gözəl zövq və xeyirxahlıq bəxş edib. Onu dünyanın hər yerində təkcə Azərbaycanın birinci xanımı kimi deyil, gözəllik və xeyirxahlıq ilahəsi kimi tanıyırlar. Mehriban xanımın yardım etdiyi insanların sayı on minlərlədir. Uşaq evlərində böyüyənlərə mənzillər verib, çox sayda insanı ağır xəstəliklərdən xilas edib, ölkədən kənarda yaşayan azərbaycanlılara yardım edib.
Bu zərif qadının bütün bu işləri necə çatdırdığına sadəcə heyrət etmək olar. O, prezidentin xanımı, üç uşaq anası və nəvə sahibidir. Əlbəttə, nəvələr də hər gün nənədən böyük diqqət tələb edir.
"Son illərin ən xoşbəxt, yaddaqalan hadisəsi kimi nəvələrimizin dünyaya gəlməsini hesab edirəm. Uşağın doğulması həmişə böyük xoşbəxtlik və Tanrının nemətidir. Bu, insanın həyatını dəyişən və həyata tamamilə fərqli baxmağa vadar edən möcüzədir". (Mehriban Əliyevanın "Baku" jurnalına verdiyi müsahibəsindən sitat)
Şahidlərin dediyinə görə, birinci xanım həm əla ev sahibi, həm də çox güclü kulinardır. Azərbaycan mətbəxinin böyük bilicisi, ulu öndər Heydər Əliyev dəfələrlə bildirib: "Bu yeməkləri mən başqa yerlərdə də yemişəm, amma heç kim Mehri kimi dadlı bişirə bilmir".
Beynəlxalq mükafatlarının sayı-hesabı yoxdur
Mehriban Əliyeva təkcə ölkənin birinci xanımı deyil, həm də dünyada bəzi yüksək dövlət mükafatlarına layiq görülmüş ilk xanımdır. Mehriban xanımın mədəniyyət və humanitar sahələrdə fəaliyyəti ilə bir çox xarici ölkələrdə yaxşı tanışdırlar. Buna görə də onun fəaliyyəti çox saylı mükafatlarla qiymətləndirilib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Mehriban Əliyeva 2004-cü il may ayının 10-da rəsmi açılışı olan Heydər Əliyev Fondunun prezidentidir. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq deputat seçilib.
2010-cu ildə o, 14 saylı Xəzər ikinci seçki dairəsindən Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə yenidən parlamentə deputat seçilib. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə, Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.
2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il iyunun 29-da isə "Prix de la Fondation" mükafatı təqdim edilib.
2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.
2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən "Birlik Ulduzları" dövlətlərarası mükafatı təqdim edilib.
2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013" mükafatına layiq görülüb.
2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.
Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı ilə təltif olunub.
Birinci xanımla dəb səyahəti
Deyirlər ki, dəblə ayaqlaşmaq çətin deyil, amma özünəməxsus tərzin olması çox qəliz və incə məsələdir. Dəbin arxasınca qaçmaq qadını bəzən gülməli vəziyyətə sala bilər, üslub isə hər zaman yüksəkdə dayanır. Bunun üçün modanı izləmək gərək deyil, əksinə ola bilər ki, moda həmin qadının arxasınca getsin. Mehriban Əliyeva öz simasında sübut edir ki, moda bəlkə də fransız podiumlarında doğulur, amma zövq qəlbimizdə yaşayır. Təsadüfi deyil ki, ölkəmizin birinci xanımı dəfələrlə dünyanın ən gözəl və yüksək zövqlə geyinən siyasətçi xanımlarından biri seçilib.
"Bu gün dəb sənayesi müasir cəmiyyətin irimiqyaslı və kifayət qədər nüfuzlu tərkib hissəsidir. Bu hadisə çoxdan adi istehsal çərçivəsindən çıxıb. Bu öz kökləri, ənənələri və tendensiyaları olan mədəni təbəqədir. Beynəlxalq moda arenasında hökm sürən rəngarəngliyə baxmayaraq, əsl rəssam və yaradıcılara tək-tük rast gəlmək olar. Bu zaman və kütləviliyin sınağından keçmiş yüksək incəsənətdir. Mənim üçün dəb – maraqlı yaradıcılıq prosesidir. Bundan artıq heç bir şey.
Geyimdə təmkinli davranmaq, fikrini tam açıqlamamaq, aydın xətlərə üstünlük vermək, ola bilsin ki, müəyyən dərəcədə mənim xasiyyətimi əks etdirir. Lakin bu qarşılıqlı bağlılıq barədə heç vaxt ciddi düşünməmişəm. Tərz xırdalıqlarda, detallarda, nüanslarda, özünü aparmaq tərzində və insandan ayrılmaz olan başqa şeylərdə özünü göstərir. Mənə elə gəlir ki, bunu rasional mövqedən izah etmək çətindir. Bəlkə də üslub insanın yaratdığı emosional, duyulan təəssüratın yekunudur.
Əgər gözəllik intellektlə vəhdət təşkil edirsə uğur qazanmaq şansları xeyli yüksəkdir. Xarici gözəllik, yəni harmonik və biçimli görünüş, haradasa taleyin hədiyyəsidir. Ancaq tez və ya gec biz hamımız bizim iç dünyamızı əks etdirən görünüşü alırıq. Demək, məhz görünüşün məzmunu həm insanın uğurlu olmasında, həm də insanın həqiqətən gözəl olmasında həlledici rol oynayır". (Mehriban Əliyevanın "Baku" jurnalına verdiyi müsahibəsindən)
Mehriban Əliyevanın geyim tərzi özündə zərifliyi, təbiiliyi, cazibədarlığı və şarmı birləşdirir. Kübar, sərbəst, eyni zamanda, çox zərif qadın obrazı: bu, təbiətin bəxş etdiyi gözəlliyi və gənclik simasını uzun müddət saxlayan həmin qadının portretidir.
Hər zaman ideal formada görünən Mehriban Əliyevanın əzəmətli xanım tərzinə hamı heyranlıqla baxır. Onda hər bir azərbaycanlı qızın arzuladığı klassik gözəllik cəmlənib. Dünyanın ən nüfuzlu moda jurnalları Azərbaycanın birinci xanımının nadir ziyalı gözəlliyi ilə təbii məlahətinin vəhdət təşkil etdiyini xüsusi qeyd edirlər.
"Smart News" internet nəşrində dərc edilmiş "Dünyanın ən yüksək zövqlə geyinən beş birinci xanımı" adlı məqalədə "Dəblə geyinən məşhurların siyahılarında Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın adı Hollivud ulduzlarından heç də az çəkilmir.
Moda tənqidçilərin fikrincə, Azərbaycanın birinci xanımının geyim tərzi həm gözəlliyi, həm də ciddiliyi ilə fərqlənir. O, qara rəngə və müasir klassikaya, ciddi siluet cizgilərinə üstünlük verir.
Rusiyada çıxan populyar "Allure" moda gözəllik jurnalının versiyasına görə 2013-cü ildə Mehriban xanım Əliyeva dünyanın ən yüksək zövqlü birinci xanımlarının siyahısına başçılıq edir.
İstər beynəlxalq tədbirlər, istər ziyafətlər zamanı düzgün geyim forması, rəngi və üslubu seçmək protokol qaydalarının əsasını təşkil edən amillərdən biridir. Birinci xanımların geyimləri isə protokollara və qoyulan müəyyən tələblərə cavab verməlidir. Bu mənada Mehriban Əliyevanın zərif üslubunu bir nümunə kimi göstərmək olar. İştirak etdiyi rəsmi ziyafətlərdə, bütün dövlət tədbirlərində, xarici səfərləri, bayram və digər xüsusi günlərdə incə zövqün və nadir istedadın sahibəsi tələb olunan geyim qaydalarına dəqiqliklə əməl edir. Xüsusi zövq əsasında seçilən aksessuarlar isə stilini tamamlamağa kömək edir. Zahiri görünüşü onun zəngin, yaradıcı daxili aləmi təzahürdür.
-
Nida Xəbər 12:23
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
İqtisadi gündəm10:49
Qarşıdakı 3 ildə dolların məzənnəsi üçün proqnoz: Görün neçəyə olacaq
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI