İki fərqli xəritədə “İslam dövləti” - ABŞ İŞİD-in güclənməsinə niyə göz yumur?
Bizi izləyin

Nida.az

İki fərqli xəritədə “İslam dövləti” - ABŞ İŞİD-in güclənməsinə niyə göz yumur?

Vaşinqton rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraq və Suriyada İŞİD terror təşkilatına qarşı həyata keçirdiyi hava əməliyyatların uğurlu nəticələri barədə mütəmadi xəbərlər yayır. Amma amerikalı ekspertlər və sabiq məmurlar verilən rəsmi məlumatlarla razı deyil.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş əməkdaşı Maykl Malufun fikrincə, Ağ Evdə İŞİD-lə mübarizənin dəqiq strategiyası yoxdur.

Koalisiya qüvvələri İŞİD-in mövqelərinə ardıcıl zərbələr endirməsinə baxmayaraq, terror təşkilatı regionda öz təsirini genişləndirir. İŞİD mayın əvvəlində ölkənin ən böyük neft emalı zavodunun yarısını tutub. Baydji şəhərinin yaxınlığında yerləşən müəssisənin strateji əhəmiyyəti böyükdür. Ölkədə emal edilən neftin 25 faizi bu zavodun payına düşür. Hökumət qoşunlarının təxminən 150 döyüşçüsü zavodun ərazisində İŞİD silahlılarının tələsinə düşüb. “Bizdə yemək və döyüş sursatları çox azdır. Biz kamikadzelər, snayperlər və qumbaraatanlara qarşı dayana bilməyəcəyik. Biz hamımız intihar haqqında düşünürük”, - İraqın federal polisinin əməkdaşı bildirib.

Ötən həftə Pentaqon İŞİD-in İraq və Suriyada mövqeyini göstərən xəritəni dərc edib. Xəritədə göstərilir ki, İŞİD işğal etdiyi ərazilərin 30 faizini itirib. Ancaq bəzi analitiklər hesab edirlər ki, bu, Amerika hərbçilərinin uğurunun göstəricisi ola bilməz. Onlar qeyd edirlər ki, Pentaqonun dərc etdiyi xəritədə İŞİD-in məskən saldığı Suriyanın şərq regionları göstərilməyib. Pentaqondan sonra Amerikanın xəbərlər saytı “The Daily Beast” özünün hazırladığı xəritəni dərc edib. Bu xəritədə isə koalisiya güclərinin hərbi hava kampaniyasının başlanmasından sonra İŞİD tərəfindən ələ keçirilən ərazilər göstərilib.

Maykl Maluf hesab edir ki, Vaşinqton beləliklə öz imicini xilas etməyə çalışır: “Görünür, Pentaqon İŞİD-lə mübarizə haqqında gözəl tarix yazmaq istəyir. İŞİD bəzi regionlarda həqiqətən geri çəkilə bilər, amma digər istiqamətlərdə müvəffəqiyyətlə hərəkət edir. Bu terror təşkilatının strategiyasının bir hissəsidir”.

Pentaqonun keçmiş əməkdaşı qeyd edir ki, heç kəs terror təşkilatının başqa regionlarda, xüsusilə Şimali Afrika, Liviya və Nigeriyada irəliləyişindən danışmır. “İslam dövləti” Şimali Afrika, Liviya və Nigeriyada mövqelərini möhkəmlədir. Terror təşkilatı bu ölkələrdən bütün Afrikaya yayıla bilər. Mən bu barədə Pentaqonda çalışan rəsmi şəxslərlə söhbət etmişəm. Onlar deyirlər ki, ABŞ-da “İslam dövləti” və ona sədaqətə andı içmiş terror qruplaşmalarına qarşı mübarizə üzrə strategiya yoxdur. Pentaqonun planları əsasən İraqda, qismən Suriyada cəmlənib. Bununla terrorçulara qalib gəlmək mümkün deyil”, - Maykl Maluf vurğulayıb.

Onun fikrincə, İŞİD-lə mübarizədə İran və Rusiya ilə əməkdaşlıq etmək lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm