Nida Təhlil
Azərbaycanlıların qatilinə qoyulan heykəl, yaxud erməni-gürcü ittifaqının gizli abidəsi? - TƏHLİL
Gürcüstanın tarix boyu separatizm toxumlarının cücərdiyi
Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun
Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən
soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması bir sıra
sualları gündəmə gətirdi:
- Açılış mərasiminin məhz 20 yanvar tarixində - erməni hərbiçilərin
də iştirak etdiyi sovet ordusunun Bakıda əliyalın insanlara divan
tutduğu qanlı tarixin ildönümünə təsadüf etməsi nə qədər
təsadüfdür?
- Bu məsələnin Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanda
azərbaycanlıların yaşadığı Bolnisiyə təcili səfəri və gürcü həmkarı
Mamuka Baxtadze ilə görüşü arasında hansısa əlaqə varmı?
- Gürcüstan bu ölkəni bölmək istəyən və bunu gizlətməyən Cavaxetiya
ermənilərinə dəstək verməklə öz gələcəyini sual altına
qoymurmu?
Erməni terrorçuya qoyulan abidə Bakı-Tbilisi münasibətləri fonunda
dəhşətli dərəcədə təəccüb doğurur. Bu suallara cavab axtarmazdan
öncə erməni terrorçu Mixail Avaqyanın kim olduğuna baxaq.
Erməni terrorçu Buqaşen kəndində doğulub, Ermənistanın Razdan
şəhərində texniki məktəbə gedib. 8-ci sinifdən sonra məktəbi
buraxıb. Hərbi xidmətdən sonra Sverdlovsk polis məktəbinə daxil
olub, daha sonra Abxaziyada daxili işlər orqanlarında işləyib.
Abxaziyadan Ermənistanın Sarnaxbyur kəndinə köçən terrorçu orada
evlənib. Qarabağda müharibə başlayanda o, hərbi xidmətə yazılıb.
Horadiz, Hadrud, Füzuli və Xocalının işğalında iştirak edib.
“Kobra” ləqəbi ilə məşhur olan erməni terrorçu kəşfiyyatçı olub.
Buna səbəb isə Azərbaycan dilini yaxşı bilməsi idi. Müharibədə
erməni kəşfiyyatçılar azərbaycanlı əhalinin evlərinin
koordinatlarını artilleriyaya verir, erməni hərbi birləşmələri isə
mülki evləri top atışı ilə yerlə-yeksan edirdi. Avaqyan öz
cəlladlığı ilə “məşhur” idi. O, Xocalı soyqırımında öz cəlladlığını
pik səviyyəyə yüksəldə bildi və yüzlərlə azərbaycanlını vəhşicəsinə
qətlə yetirdi. Cəlladın vəhşiliyi dillər əzbəri idi və Horadiz
körpüsü uğrunda gedən döyüşlərdə Azərbaycan snayperi terrorçunu
məhv etdi. Ermənilər Avaqyanı xəstəxanaya çatdıra bilmədi.
Terrorçu məhv edildi, lakin bu gün Azərbaycanın dəstəyi ilə ayaqda
dura bilən Gürcüstan azərbaycanlıların qatilinin
əbədiləşdirilməsinə susur, hətta dəstək verir. Abidənin açılış
mərasimində müşahidə olunan mənzərə bu dəstəyi açıq şəkildə
göstərir: açılışa Buqaşen kəndi və ətrafı kəndlərdəki ermənilər,
Axalkalakinin meri, erməni Yurik Unanyan, parlamentin deputatları
Enzel Mkoyan və Samvel Manukyan qatılıblar. Ermənistanın
Gürcüstandakı səfiri Ruben Sadoyan da mərasimdə rəsmi İrəvanı
təmsil edib. Əvvəlcə kəndin erməni kilsəsində dəfn mərasimi
keçirilib, sonra qonaqlar duz-çörəklə qarşılanıb. Erməni səfir
Ruben Sadoyan və erməni biznesmen Qaqik Avaqyan qırmızı lenti
kəsib. Terrorçunun oğlu, qızı və nəvəsi abidənin önünə çələng
qoyublar. Mərasim bayram proqramı ilə davam edib...
Ermənilər bayram edir, lakin gürcülər bu bayramın bir gün
onların torpaqlarının işğalından sonra edilə biləcəyini
anlamırlarmı? Anlamırlarmı ki, azərbaycanlıların qatilinə abidə
qoymağa icazə vermək Gürcüstanda erməni separatizminin önünü
açmaqla nəticələnə bilər? Axı İrəvanın Respublika meydanında
yerləşən əsas metrostansiyasının girişinə asılan “böyük Ermənistan”
xəritəsində Azərbaycan, Türkiyə və İranla yanaşı, Gürcüstan
ərazilərinin də gələcək işğalı nəzərdə tutulur.
Cavaxetiya: ermənilər kompakt yaşadığı bu bölgəni
ən azı muxtariyyətə çevirmək istəyirlər və bunu açıq şəkildə dilə
gətirirlər. Gürcülər də yaxşı anlayır ki, ölkənin bölünməsi ilə
nəticələnəcək erməni separatizmi ilk olaraq məhz buradan başlaya
bilər. Ermənistanın özündə də Cavaxetiya iddiaları açıq şəkildə
dilə gətirilir. “Azad Cavaxk“ erməni ictimai təşkilatının
zaman-zaman gündəmə gətirdiyi iddiaları buna nümunədir.
“Erməni qanının tökülməsi hesabına biz Artsaxı (Azərbaycanın Dağlıq
Qarabağ ərazisi - red.) qaytara və müdafiə edə bildik. Bu işdə bizə
dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımız da kömək etdi.
İndi isə biz 90-cı illərin əvvəlləri ilə müqayisədə daha güclü və
təşkilatlanmış formadayıq. Lakin nə qədər ki əcdadlarımıza məxsus
təqdir olunmuş torpaqları - Naxçıvan və Cavaxkı geri qaytarmamışıq,
qələbədən danışmaq tezdir. Artıq dövlətimizin və onun tarixi
sərhədlərinin bərpa edilməsinin vaxtı çatıb”, - deyə erməni
separatçıları tez-tez bu iddiaları dilə gətirir.
Vaxtilə “Azad Cavaxk”ın iddialarının yer aldığı sənəd imza atanlar
arasında olan, erməni diasporuna bağlı “Sasna srer” partiyasının
lideri Jirayr Sefilyan ötən il Ermənistanda keçirilən parlament
seçkiləri öncəsi Gürcüstanla sərhədin açılması və Cavaxetiya
probleminin bu yolla həll edilməsi çağırışını edirdi. Ötən ilin 28
oktyabrında isə “Rusiyada Cavaxetiya diasporu” ictimai təşkilatının
Cavaxetiyada yaşayan erməniləri ayağa qalxmağa və Tbilisidən öz
haqlarını tələb etməyə çağırdı.
Meqrel və svan kartı: ermənilər Gürcüstanda bu iki
kartdan da istifadə etməyi planlaşdırırlar. Gürcü mediası yazır ki,
bu planın arxasında erməni diasporu/lobbisi var. Hələ Zvaid
Qamsaxurdianın dövründə erməni lobbisinə bağlı KİV Gürcüstanı
bölmək üçün “abxaz-meqrel” layihəsini təklif edirdi. Lakin
meqrellər bu fitnəkar təkliflərə qarşı çıxaraq, gürcü xalqı ilə
eyni yerdə yaşamağı üstün tutdular. Ermənilər eyni separatizmi
svanlarla bağlı da tətbiq etmək niyyətində idi. Orada heç nə
alınmadı. Çünki svanlar tarixən ermənilərə nifrət edirlər və
“Müstəqil Svaneti” fikrini, ümumiyyətlə, yaxına buraxmadılar.
Eduard Şvarnadzenin dövründə Kodor dərəsində Tiflisin rəsmi
nümayəndəsi olan Emzar Kvisiani Saakaşvilinin prezidentliyini qəbul
etməkdən imtina etdi. Bu, Gürcüstanda Kodor dərəsi böhranına səbəb
oldu. 2006-cı ildə erməni lobbisi yaranmış vəziyyəti fürsət bilib
“svan kartı”nı yenidən masaya yatırdılar. Lakin bu cəhd də nəticə
vermədi. Buna səbəb Abxaziya müharibəsi dövründə Kodor dərəsindəki
svanların erməni döyüşçülər tərəfindən vəhşicəsinə qətlə
yetirilməsi idi.
Vaxtilə Abxaziyada meqrellərə qarşı ən dəhşətli cinayətləri də
“Baqramyan” adına erməni batalyonunun döyüşçüləri etmişdi. Onlar
meqrelləri Qaqridən, Suximidən, Qulripşdən və Oçamçirdən tamamilə
qovdular. Hətta separat Abxaziya hakimiyyəti qaçqın meqrellərin
Qalski rayonuna qayıtmağına icazə versə də, məhz erməni lobbisinin
təşəbbüsü ilə bu insanlar bütün vətəndaş hüquqlarından məhrum
edildilər.
Bu qırğınlara rəğmən, erməni diasporu ötən il “unikal meqrel xalqı”
iddiasını ortaya atdı və meqrellərlə ermənilərin tarixi qardaşlığı
nağılını danışmağa başladı. Bu nağılda deyilir ki, meqrellər də
“qədim ermənilər” kimi “qədim kolxov nəsli” elan edilməlidir.
Erməni lobbisinə bağlı KİV sifarişlə meqrellərin gürcü olmadığı və
“müstəqil dövlət qurmaq hüququna malik olması” haqda məqalələr dərc
edirlər. Burada məqsəd aydındır: ermənilər Gürcüstanı
“kvazidövlət”lərə bölmək və torpaqlarını tikə-tikə edib əllərinə
keçirmək istəyir.
Və sual yaranır, Xocalıda azərbaycanlıları qətlə yetirən Mixail
Avaqyan Abxaziyadan Ermənistana köçməsəydi, “Baqramyan”
batalyonunun cəlladı olmayacaqdımı?! Gürcülər unutmağı seçmək və
terrorçuya abidənin qoyulması ilə yanaşı, bunun məhz 20 yanvar
tarixində edilməsinə göz yummaqla Bakı-Tbilisi xəttində etibar
atmosferini təhlükə altına atırlar. Halbuki, bu abidə erməni
separatizminin çiçəklənməsinə “yaşıl işıq” olacaq və ermənilər
zəhərli xəncəri bir gün mütləq şəkildə gürcülərin kürəyinə
sancacaqlar. Tarix bunu dəfələrlə sübut edib.
Abidənin qoyulması Paşinyanla Baxtadzenin
birincinin hakimiyyətini legitimləşdirəndən dərhal sonra Gürcüstana
gəlməsi və niyə məhz azərbaycanlıların tarixi məskəni olan
Bolnisidə görüşü kontekstində də diqqət çəkir.
Doğrudur, erməni terrorçunun abidəsi doğulduğu kənddə qoyulub,
lakin rəsmi Tbilisi bunun Bakının narazılığına səbəb olacağını
bilə-bilə niyə razılıq verdi? Bolnisidəki görüş, ardınca abidənin
qoyulması bölgədə gizli İrəvan-Tbilisi ittifaqının başlanğıcıdırmı?
Burada Azərbaycana qarşı hansısa mesajlar varmı?
Bütün bunları proseslərin inkişafı göstərəcək, lakin indiki
situasiyada gürcülərin öz evlərinə “bomba” qoyduqları məlumdur.
Asif Nərimanlı - https://asifnerimanli.wordpress.com/
Publika.az
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO