Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADI
Bizi izləyin

Nida Təhlil

Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADI

2020-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezident seçkiləri” keçiriləcək.

Publika.az
xəbər verir ki, separatçı rejimin hazırkı rəhbəri Bako Saakyanın “namizədliyini” verməyəcəyi deyilir.

Erməni mənbələr qondarma DQR-in keçmiş “müdafiə naziri”, I Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilən soyqırımıların fəal iştirakçısı olmuş general-leytenant Samvel Babayanın separatçı rejimin rəhbərliyinə iddialı olduğunu yazıb.

S.Babayan 2017-ci ildə keçmiş prezident Serj Sarkisyana qarşı sui-qəsd planı qurmaq ittihamı ilə həbs edilib. 2018-ci ildə Serj Sarkisyan devriləndən sonra o, azad olundu. Ötən ilin 10 iyununda Babayan Xankəndidə tərəfdarları ilə görüşdə rəhbərliyə iddia etmədiyini bildirdi. Lakin bu ilin fevralında o, Qarabağın “prezidentliyinə namizəd” olacağını elan etdi.

Son məlumatlara görə, qondarma rejimin “prezidentliyinə” hələ ki iki nəfər – Samvel Babayan və hazırkı “prezidentin məsləhətçisi” Araik Artünyan iddiasını açıqlayıb.

Babayan fevralın 5-də öz iddiasını açıqlayıb, lakin onun “namizəd” olması üçün “konstitusiya dəyişikliyi” lazımdır. Və o, “referendum” keçirilməsi üçün lazımi qədər imza toplamalıdır.

“İmzaların toplanması mütləq olacaq və biz hətta lazım olandan iki dəfə çox imza toplayacağıq. Sübut edəcəyik ki, insanlar mənim qayıtmağımı və dəyişikliyi istəyirlər”, - o, Azadlıq radiosunun erməni xidmətinə açıqlamasında deyib. Bildirib ki, imzatoplama kampaniyası mart ayında başlayacaq. O, “prezident” olmaq istəmədiyini, lakin tərəfdarlarını onu buna məcbur etdiyini də qeyd edib.

S.Babayanın tərəfdarları imzatoplama kampaniyasına start vermək üçün martın 10-da Xankəndində ofis açacaqlar.

Babayanın tərəfdarları bildiriblər ki, “Qarabağda sosial-siyasi vəziyyət və ərazilərin qaytarılması təhlükəsi dəyişikliyi zəruri edir. Bundan başqa biz Babayanın qayıtmasını istəyən minlərlə zəng alırıq, çoxları açıq dəstəkdən yayınır, lakin onlar zamanla bunu dilə gətirə biləcəklər”.

Babayanın məqsədi seçkidə iştirak edə bilmək üçün əvvəlcə ona “konstitusiyada” məhdudiyyətlər yaradan maddələri dəyişdirməkdir. Onun tərəfdarları buna nail olacaqlarına inanırlar. Separatçı rejimin qondarma “konstitusiyasına” əsasən Babayan dəyişikliyə nail olmaq üçün 10,5 min imza toplamalıdır.

Erməni hüquqşünas Monte Madoyan bunun çətin olacağını hesab edir.

“2017-ci ildə Qarabağda seçicilərin sayı 103818 nəfər idi. “Parlament” 33 deputatdan ibarətdir. Babayan seçicilərin ən azı 10381 imzasını toplamalıdır ki, dəyişiklik layihəsini “parlamentə” təqdim edə bilsin, bununla yanaşı, deputatların 2/3-nin səsi lazımdır ki, referendum keçirilsin”, - deyə o bildirib.

Erməni analitik Artuq Ospiyan bildirib ki, bu gün işğal altındakı Qarabağda inqilabi vəziyyət yetişib.

“Sarkisyan olmadan Qarabağ “hakimiyyəti” necə hərəkət etməyi bilmir. Mümkündür ki, onlar Babayanı sıxmaq üçün köhnə metodlardan – güc strukturlarından istifadə edəcək. Lakin indiki situasiyada bu metod “hakimiyyətin” imicinə zərbədir. İndi “Qarabağ hakimiyyətinin” yeganə hədəfi kresloda öz adamlarının oturmasıdır. Çünki yalnız bu halda onların təhlükəsizliyi və topladıqları var-dövlət zəmanət altında olacaq”, - deyə o bildirib.

Osipyan istisna etmir ki, 2020-ci ildə “seçkilər” ərəfəsində Qarabağda kütləvi aksiyalar başlaya bilər: “Qarabağda inqilabi vəziyyət yaranıb, sadəcə kənardan təşəbbüs lazımdır. Samvel Babayan bu təşəbbüsü irəli sürə bilər, yaxud başqaları ortaya çıxacaq”.

Politoloq David Karabekyan qeyd edib ki, inqilabdan sonra Qarabağın “rəhbərliyi” çətin vəziyyətə düşüb.

“Çünki onları Sarkisyan idarə edirdi, indi hər şey dəyişib. Babayanın iddiası buna görə ola bilər”, - deyə o bildirib.

Erməni şərhçilər bütün bunların oyun ola biləcəyindən də şübhələnirlər. Çünki Babayan 1999-cu ilə qədər separatçı rejimin “müdafiə naziri” olub və indi “hakimiyyətdə” olanlar onun dövründən qalma kadrlardır. Bu baxımdan, Babayan, yaxud Artünyanın “prezident” olması Saakyana zəmanət əldə etmək şansı verə bilər. Hazırda Azərbaycanın işğal edilmiş ərazilərində siyasi xaos və qarşıdurma davam edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm