• USD 1,7000 0,00% EUR 1,8738 -0,05%
    • GBP 2,2196 -0,02% RUB 0,0270 -1,11%
election

Lavrovun Bakı səfəri və 3 saatlıq qapalı görüş - Cəbhədə silahlar işə düşür?

Lavrovun Bakı səfəri və 3 saatlıq qapalı görüş - Cəbhədə silahlar işə düşür?

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri, ardınca Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Bratislavada (Slovakiya) 3 saatlıq görüşü Dağlıq Qarabağ münaqişəsi ətrafında prosesləri yenidən canlandırdı.

Publika.az
xəbər verir ki, ötən ay İrəvana səfər edən Sergey Lavrov “Dağlıq Qarabağ xalqının razılığı olmadan münaqişənin həlli mümkün deyil” kimi ikibaşlı və mübahisəli bəyanat verdi. Çoxlarına görə, Rusiyanın baş diplomatı bununla Azərbaycana mesaj verirdi, hərçənd, siyasi proseslərin inkişafı Lavrovun bu sözlərinin əslində Ermənistanın Moskva önündə mərkəzdənqaçma siyasəti yürüdən Paşinyan hakimiyyətinə ünvanladığını və mesajın altında “Qarabağ klanı” işğal altındakı Xankəndidəki qanadı olan separatçı rejimin İrəvana qarşı çıxacağı perspektivi görünürdü. Və Lavrovun bu mesajında həm də “Qarabağın ayrıca tərəf olması” tezisi də hiss olunurdu.

Rusiyanın baş diplomatı Bakıda da “xalq” sözünü “əhali” sözü ilə əvəz edərək, təxminən eyni mesajı verdi: “Dağlıq Qarabağ icmaları arasında əlaqələrin tərəfdarıyıq. Rusiya bu təşəbbüsün müəlliflərindən biri olub. Hesab edirəm ki, bu, çox vacibdir. İstənilən qərar bu torpaqda yaşayan insanlar tərəfindən qəbul olunmalıdır. Mən icmalar arasında əlaqələrin və onların bərpa olunmasının tərəfdarıyam. Yekunda Qarabağın bütün əhalisi necə yaşamaq lazım olduğunu özü qərar verməlidir”.

Bu, rəsmi Bakının mövqeyinə uyğundur, lakin Rusiya münaqişənin onun təşəbbüsündən kənar həll edilməsi ehtimalına qarşı Qarabağın hər iki icmasının mövqeyinin vacibliyini qabardır.

Lavrovun Bakı səfərindən bir gün sonra – dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla Bratislavada görüşdü. Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüş 3 saat davam etdi. Sonda XİN rəhbərləri danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəldilər. Bu razılıq yeni bir şey deyil, lakin həm də danışıqların davam edəcəyi deməkdir.

Maraqlıdır ki, XİN rəhbərlərinin görüşü ərəfəsində Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Bratislavada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında rəsmi Bakının münaqişəyə dair mövqeyini təqdim etdi.

Rəsmi məlumatda diqqətçəkən əsas məqam “Həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, Azərbaycan daxilində bölgənin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. Bu status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin edəcək və bütün insan hüquqları və əsas azadlıqlarının bərabər əsasda və ayrı-seçkilik olmadan tam təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə qanuni və demokratik proses çərçivəsində baş tutacaq. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir. Münaqişənin siyasi həlli hərtərəfli iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradacaq” sözləridir.

Bununla Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunmasından başqa yol olmadığını bəyan etdi. Proseslərin bundan sonrakı inkişafı bir neçə istiqamətdə davam edə bilər:

1. Rusiya tərəflərin görüşünü təşkil etməyə, xüsusilə liderlər arasında vasitəçilik etməyə çalışacaq;
2. XİN rəhbərləri səviyyəsində görüşlər Avropa paytaxtlarında davam edəcək, beləliklə, Qərb bununla Rusiyanın vasitəçilik missiyasına alternativ qoymağa çalışacaq;
3. Münaqişə ətrafında diplomatik aktivliyin nəticəsizliyi cəvhədə silahların işə düşməsinə səbəb ola bilər;

Bu arada, bu ayın sonu Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir. Bu görüşün də Qarabağ ətrafındakı proseslərə təsir edəcəyi istisna deyil.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR