Gürcüstan parlamentinin üzvü: “Gürcü cəmiyyəti birmənalı olaraq Azərbaycanın tərəfindədir”
Bizi izləyin

Nida Təhlil

Gürcüstan parlamentinin üzvü: “Gürcü cəmiyyəti birmənalı olaraq Azərbaycanın tərəfindədir”

Sentyabrın 27-dən Ermənistan-Azərbaycan arasında gedən müharibədə düşmən döyüş meydanındakı məğlubiyyətinin acısını çıxmaq üçün Gəncə, Mingəçevir şəhərlərində, Tərtər, Bərdə və eləcə də digər rayonlarımızda yaşayan mülki əhalini raket atəşinə tutması, xüsusən də Gəncəyə iki dəfə böyük miqyaslı raket hücumları nəticəsində xeyli sayda insanın həlak olması və yaralanması ermənilərin nə qədər vəhşi bir xalq olduğunu bir daha təsdiqləmiş oldu. Hansı ki, beynəlxalq qanunlara əsasən, müharibə vaxtı mülki əhaliyə atəş açılması qadağandır. Görəsən, Gəncədə, digər şəhər və rayonlarımızda mülki əhaliyə atəş açılması ilə bağlı Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev nə düşünür?

Mahir Dərziyev bu mövzularla bağlı Publika.az-ın suallarını cavablandırıb:

- Gürcüstan və Azərbaycan dost, müttəfiq olan ölkələrdir. Əlaqələrimiz bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, beynəlxalq tribunalarda haqq işini müdafiə edib. Bu gün Azərbaycanın ağrıları, problemləri gürcü xalqına, cəmiyyətinə çox yaxındır. Bildiyiniz kimi, bizim ölkə də eyni ağrıları, acıları yaşayıb, separatizmdən əziyyət çəkib. Onu deyim ki, Gürcüstan bu münaqişədə neytral mövqe tutur. Bu, bir sıra səbəblərlə bağlıdır. Hər şeydən əvvəl dediyim kimi, Gürcüstanın Azərbaycan dostu və strateji tərəfdaşıdır. Amma Ermənistan da Gürcüstanın Milli Təhlükəsizlik Konsepsiyasına görə dost, qonşu ölkədir. Təbii ki, bu münaqişə nə regiona, nə də Gürcüstana yaxşı heç nə vəd etmir. Gürcüstan rəhbərliyi həmişə bunu bəyan edib ki, bu regionda sülh, əmin-amanlıq bərqərar olsa, bölgənin inkişaf edib çiçəklənməsi və dünyada örnək olacaq bir əməkdaşlıq bölgəsinə çevrilməsi üçün burada çox unikal, nadir imkanlar olar. Dediyim kimi, muharibənin ilk günlərindən də bizim ölkənin rəhbərliyi bunun dayandırılması və dialoqa başlanması çağırışları ilə hər iki tərəfə müraciət etdi. O cümlədən Tiflisdə görüş keçirilməsi və vasitəçilik etmək üçün hazır olduqlarını bildirdilər. Biz bilirik ki, Gürcüstanın bu münaqişəyə təsir imkanları azdır, amma yenə bir qonşu, dost olaraq Gürcüstan bunları etdi. Qaldı ki, dinc əhalinin atəşə tutulmasına, Gürcüstanın bütün aparıcı televiziyaları münaqişə bölgələrindən reportajlar verir. Bu, Gürcüstan cəmiyyətində çox böyük hiddətlə, qınaqla qarşılandı. Çünki münaqişə bölgəsinə heç bir aidiyyəti olmayan dinc əhalinin, münaqişə bölgəsindən nə qədər uzaq olan Gəncənin atəşə tutulması heç bir məntiqə sığmır, müharibə qanunları ilə izah oluna bilməz. Gürcü cəmiyyəti bunu birbaşa qınayır. Mən əvvəlcə Gürcüstanın neytral mövqeyini dedim, amma gürcü cəmiyyətinin rəğbəti birmənalı olaraq Azərbaycanın tərəfindədir.

- Ermənilər humanitar atəşkəs istəmələrinə rəğmən, amma yenidən hücum edirlər. Bu, onların xislətindən irəli gəlir?

- Əvvəldən də bəlli idi, hərbi əməliyyatlar da Ermənistanın təxribatına görə başlandı, yayda Tovuz bölgəsinə hücum etdilər. Azərbaycan tərəfi dəfələrlə dünya ictimaiyyətinə müraciət etdi ki, Ermənistan müharibəyə hazırlaşır. Yəni Ermənistan işğalçılıq siyasətini davam etdirməkdədir. Ermənistan nəyə görə hərbi əməliyyatlara başladı? Mənim qənaətimlə, status-kvonu saxlamaq Ermənistana sərf edir, onun xeyrinə idi. Amma bilirdilər ki, bu status-kvonu uzun müddət saxlaya bilməyəcəklər. Ona görə, belə bir təxribata əl atdılar. Biz artıq bunu görürük, hər şeydə Azərbaycanı ittiham edirlər. Yəni həm atəşkəs üçün müraciət edirlər, danışıqların başlanmasına hazır olduqlarını bildirirlər, amma yenə hərbi əməliyyatları davam etdirirlər. Bunlar bir növ dinc əhalinin arasında xof yaratmaq, silah gücünə xalqın mübarizə ruhunu sındırmaq, digər tərəfdən də müharibənin gedişində öz xeyirlərinə nəsə bir dönüş yaratmaq istəyirlər. Mən belə başa düşürəm, amma bunların heç biri onların gözlədiyi nəticəni verməyib və verməyəcək. Bu gün mən kənardan baxan bir adam kimi görürəm ki, Azərbaycan həmişə olduğundan daha güclüdür. Bu gün həm Azərbaycan xalqı və ordusu, onun iqtidarı və müxalifəti bir yumruq kimi birləşib, tarixi, əzəli Azərbaycan torpaqlarının geri qaytarlması əzmində, qətiyyətindədir. Birmənalı olaraq ermənilərin dinc əhalini atəşə tutmasını pisləyirik, qınayırıq. Bu, bir müharibə cinayətidir. Əminəm ki, Azərbaycanın müvafiq qurumları bu faktları zamanı gələndə Haaqa hərbi tribunalına təqdim edəcək. Dinc əhalinin atəşə tutulması, körpə uşaqların qətlə yetirilməsini heç cür izah etmək olmaz, birmənalı olaraq cinayətdir.

- Bu arada, Paşinyan “Facebook” hesabında Gürcüstanın Samtxe-Cavaxetiya bölgəsindəki ermənilərin məsələsini gündəmə gətirdi. Aşkar şəkildə Gürcüstana da ərazi iddiaları olduğunu göstərdi. Onun bu iddiası da əsassız deyil?

- Samtsxe-Cavaxetiya Gürcüstanın tarixi torpaqlarıdır. Erməniləri orada məskunlaşması çarizmin köçürmə siyasəti ilə bağlıdır. 19-cu əsrdə, 20-ci əsrin əvvələrində ora köçrürülüblər. Paşinyan bu torpaqları oradakı hadsələrlə bağlı Cavaxk deyə adlandırmışdı. Bu da açığı Paşinyanın bir dövlət xadimi kimi öz yerində olmadığına, səviyyəsizliyinə dəlalət edir. O, dövlət adamına yaraşmayan bir hərəkət idi. Eyni zamanda da mən belə hesab edirəm ki, həmin bölgədə müəyyən milliyyətçi separatçı ünsürlər var. Bu, onları şirnikləndirən, dəyirmanlarına su tökən bir addım idi və təbii ki, bu, gürcü cəmiyyətində də hiddətlə qarşılandı, sosial medianın gürcü sektorunda onun müzakirəsi getdi, qınadılar, ittiham etdilər.

- Ümumiyytələ, bu gün Gürcüstan Azərbaycanla qonşuluq siyasətini necə dəyərləndirirsiniz? Gürcüstan üzərindən hərbi yüklərin Ermənistana keçməyinə icazə verilməməsi ila bağlı düşüncələriniz necədir?

- Dediyim kimi, Gürcüstan münaqişədə neytral mövqe tutur. Qonşuda gedən dava Gürcüstan üçün yaxşı heç nə vəd etmir. Gürcüstan hər iki tərəfi konfliktin danışıqlar yolu ilə həll edilməsinə dəvət edir. Digər tərəfdən, bilirsiniz ki, Gürcüstanda böyük azərbaycanlı və erməni icmaları var. Burada dini zəmində nifaq yaratmaq bizim düşmənlərimizin arzusudur. Buna heç cür yol vermək olmaz. Bir başqa məqam da var ki, Ermənistan muharibədə məğlub olacağı təqdirdə - bu müharibədə o da görünür - Rusiyanın burada humanitar dəhliz istəmək arzusu var. Bu kimi mülahizələrə və demək istəmədiyim başqa bir çox mülahizələrə görə neytrallığını bərqərar etdi. Eyni zamanda Gürcüstan Təhlükəsizlik Şurasının iclasında bu məqamlar müzakirə olunduqdan sonra qərar qəbul olundu ki, Gürcüstan üzərindən hərbi təyinatlı, eyni zamanda ikili təyinatlı yüklər - o yüklər həm hərbi, həm də mülki məqsədlər üçün istifadə olunur - həm yerüstü, həm də hava nəqliyyatı ilə qadağan olundu. Bundan sonra, həm Azərbaycan, həm də Ermənistan tərəfindən sosial mediada və başqa yerlərdə ittiham oldu ki, guya, Türkiyədən Azarbaycana hərbi yüklər gedir. Guya, Rusiyadan da Gürcüstan üzərindən Ermənistana hərbi yüklər gedir. Amma ən müxtəlif səviyyələrdə, yəni baş nazir, xarici işlər nazirləri səviyyəsində Gürcüstan dəfələrlə bəyan etdi ki, bu hallara heç cürə yol verilmir. Hər hansı bir dövlət tutaq ki, mülki təyyarədə yük daşıyırsa, bunun üçün məsuliyyət daşıyır. Gürcüstan hökuməti də bunu araşdırıb, lazım olan tədbirləri görəcək.

Mən bir azərbaycanlı kimi, bunu ucadan deyirəm, Qarabağ Azərbaycandır! Çünki Azərbaycanın işi haqq işidir. Zəfər Azərbaycan ordusunundur!

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm