Media problemlərinin əksəriyyəti burada öz əksini tapıb - Zahid Oruc
Bizi izləyin

Nida Təhlil

Media problemlərinin əksəriyyəti burada öz əksini tapıb - Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc media sahəsindəki mövcud problemləri özündə əks etdirən “Media lantşaft”ı layihəsini hazırlayıb və dövlət rəhbərliyinə təqdim edib.

Layihənin detalları barədə Publika.az-a danışan millət vəkili Zahid Oruc bildirib ki, “Media landşaft”ı layihəsi dünyada geniş şəkildə həyata keçirilir:

“Ölkənin KİV məkanını yüz illərdir ki, dördüncü hakimiyyət adlandırırlar. Amma bir sıra hallarda onlar cəmiyyət həyatına o qədər güclü nüfuz edirlər ki, ikinci, üçüncü hakimiyyət yerində də bəzən çıxış edirlər. Bu mövzu tədqiqat mərkəzləri tərəfindən də həmişə hədəfdə saxlanılır. Biz də bu ətrafda əvvəlki illərdə müxtəlif beynəlxalq donor mərkəzlərinin əli ilə aparılan ayrı-ayrı layihələri nəzərdən keçirdik. Lakin ən başlıca məsələ son illər ərzində KİV sahəsində mövcud olan situasiyanı təhlil etməkdir. Burada medianın auditoriyası, əhatə dairəsi, ixtisaslaşma, o cümlədən vətəndaşların qəzetlər, saytlar, radio və televiziyalar, sosial şəbəkələrlə bağlı maraqlarının strukturu və s. öyrənməyə çalışmışıq. Bu sənəd Azərbaycan hökumətinə qapalı sənəd olaraq təqdim olunub. Onun bütün parametrləri ictimailəşməyib. Bizim indiyədək sayı 40-a çatan sorğularımız və tədqiqat işlərimiz olub. Bunların hər biri ölkənin ictimai, siyasi, sosial, iqtisadi, həmçinin ölkə rəhbəri tərəfindən həyata keçirilən yeni hakimiyyət quruculuğu siyasəti ilə birbaşa əlaqəlidir”.

Z.Oruc bunun sadəcə elmi-nəzəri məsələlər olmadığını, dövlət siyasətinin bu və ya digər formada ondan faydalana biləcəyini qeyd edib: “Biz hökumət strukturlarına da bunu təqdim etmişik. Belə olan təqdirdə mən bütün təfərrüatları söyləyə bilməyəcəyəm. Ancaq onu deyə bilərəm ki, həqiqətən də media sahəsindəki mövcud olan böyük problemlərin əksəriyyəti burada öz ifadəsini tapıb. Azərbaycan auditoriyasının böyük bir hissəsinin xarici televiziyalardan asılılığı haqqında da təhlillərimizi qeyd etmişik. Sonda irəli sürülən təkliflər hissəsində də bununla bağlı dövlət tərəfindən atıla biləcək addımların dəyərləndirməsini etmişik. Bu, həm də Sosial Tədqiqatlar Mərkəzinin vəzifəsidir. Əvvəlki dövrdə KİV-in fəaliyyəti ətrafında çox ciddi fərqli baxışlar, bir-birinə zidd olan mövqelər var idi. Bilirik ki, Azərbaycan jurnalistikası son illər ərzində xeyli zəifləyib, onun təsir qüvvəsi aşağı düşüb. Orada peşəkarlıq imkanları aşağı düşür, janr etibarilə mətbuatın janr xüsusiyyətləri xeyli daralıb. Zamanında yazılan felyeton, hekayə, tablo, müşahidə və s. kimi müxtəlif janrların hamısı dar mənada bir-birindən müxtəlif mövzuları sanki köçürürmüş kimi eynilik yaradıb”.

Millət vəkili əlavə edib ki, bunların ətrafında olan tədqiqat işlərində geniş dəyərləndirmələr var və bu, dövlət üçün də faydalıdır: “Hazırda bizim 2021-ci illik iş planımızda bu məsələni davam etdirmək vəzifəsi qoyulub. Lakin bu, açıq sənəd kimi hazırlanacaq. “Media ladşaft”ı, hansı ki, bu dünyada media barometri də adlanır və onun ətrafında, diaqnostika nəticəsində Azərbaycan cəmiyyətinin arzuladığı və Zərdabidən bu yana keçən, indi isə yeni kommunikasiyalar sayəsində tamam fərqli bir məzmun, struktur, iş imkanları, yeni resurslara dayanan mətbuatın fəaliyyəti ilə bağlı daha obyektiv bilgiləri oradan ala biləcəklər”.

Zahid Oruc yenidən Azərbaycan jurnalistikasının gücləndirilməsinin hazırda ən mühüm məqsəd olduğunu vurğulayıb. Bildirib ki, Medianın İnkişafı Agentliyinin bu mənada çox böyük ideya, plan və istəkləri var: “Bu barədə də müəyyən fikir mübadilələrimiz olub. Ən başlıcası bu sahəyə 90-cı illərdəki o qaynar marağı, isti baxışları, gənc və təşəbbüskar insanları cəlb etmək, onları təlimləndirməkdir. Həmçinin geniş şəkildə indi Türkiyə ilə imzalanmış memorandum sayəsində dünya təcrübəsini əxz etmək, peşəkarlıq imkanlarını artırmaq, mətbuatın iqtisadi dayanıqlılığını gücləndirməkdir. Xüsusi olaraq reklam bazarının yaranması, genişlənməsi və onun tutumlu hissəyə gəlməsidir. Çünki biz bu əmsalda geri qalırıq. Müxtəlif ölkələrdəki rəqəmlərlə Azərbaycandakı mediada reklam bazarının maliyyə tutumunu müqayisə edəndə bundan çox da ürək açıqlığı ilə danışmaq mümkün deyil və ölkəmizin iqtisadi, siyasi və hərbi nailiyyətləri ilə çox da uzlaşmır. Mətbuatı güclü olmayan cəmiyyət özünü bütün miqyaslarda öndə hiss etmir. 44 günlük müharibə döründə Ali Baş Komandan informasiya məkanında da müharibəni özü apardı. Seçilmiş auditoriyalara, ən mühüm tirajlı aparıcı media gücləri olan BBC televiziyasından tutmuş ABŞ-ın “Fox News” telekanalına qədər hamısına müsahibələri ilə düşməni və onun rəhbərliyini də bu platformada uddu. Biz savaşı həm də orada qazandıq. Rusiyadan Avropaya, qardaş Türkiyənin tribunası üzərindən digər məkanlara səslənən Prezident İlham Əliyev və onun müsahibələri ilə bağlı səsləndirilən müxtəlif şərhləri dəyərləndirmişdik. Müşahidə edirdik ki, böyük əksəriyyətində simpatiya var və bu, Azərbaycan dövlətinin və xalqının xeyrinə işlədi. 90-cı illərdə məhz belə deyildi”.

Millət vəkili əlavə edib ki, Türkiyənin imkanlarından, resurslarından, onların mətbuatının yüz illərdən keçdiyi o böyük təcrübədən istifadə etməliyik: “Orada yüz minlərlə tirajlanan çap mediasının, televiziyaların təcrübəsindən istifadə etməliyik. Onlar bir neçə dildə qlobal şəbəkənin bir hissəsi olaraq çalışırlar, beynəlxalq sistemdə yer alıblar. Baxmayaraq ki, Türkiyə mətbuatına münasibətdə Avropa strukturları jurnalistlərin durumu ilə bağlı tənqidi qeydlər edirlər, orada siyasiləşmə yetərincə çox gedib. Amma Azərbaycanda mətbuat milləti güclü edən fenomendir. Ölkə rəhbəri hər zaman bu siyasətin quruculuğu üçün mühüm addımlar atıb. Əvvəlki qurumlar da ləğv edildiyindən onların fəaliyyətinə bir sıra hallarda neqativ münasibətin dəyişməsi üçün yeni addımlar atmaq lazımdır. Amma görülən işləri də qətiyyən danmaq olmaz. Azərbaycan dövləti mətbuatın formalaşması və yüksəlməsi üçün mühüm addımlar atıb. Media azadlıqlarının genişləndirilməsi, onlara imkanların verilməsi və bu fonda Azərbaycan problemlərinin həllində mətbuatın yaxından iştirakını təmin etmək üçün dövlət, cəmiyyət, mətbuat strukturları hamısı birgə çalışa bilər və buradan uğurlu nəticə əldə etmək olar. Bu, mümkündür”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm