Nida Təhlil
Heydər Əliyevin Qarabağın azadlığını gətirən strategiyası
1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev zəif və dağılmış ordu ilə müharibə aparan, ermənilərlə yanaşı, silahlı qruplaşmaların bir-birinə qarşı döyüşdüyü, dağılmış Azərbaycanı yenidən ayağa qaldırmaq üçün hərəkətə keçdi. Dahi lider bütün bunları bir-bir yox, eyni vaxtda həyata keçirməklə Azərbaycanı xilas edə bildi: daxili xaos yaradan silahlı qruplaşmaları zərərsizləşdirdi və qanun qarşısına çıxardı, sosial-iqtisadi vəziyyəti stabilləşdirmək istiqamətində addımlar atdı, neft müqavilələri imzalayaraq, kiçik Azərbaycanı nəhəng ölkələrin hesablaşdığı ölkəyə çevirdi, ordunu nizama saldı, işğal altındakı bir çox kəndləri düşməndən təmizlədi və dövlətin gələcəyini qurmaq üçün Qarabağda atəşkəs sazişinə razılıq verdi.
Ermənistan məsələni həll etdiyini düşünür və işğalı legitimləşdirmək istiqamətində addımlar atırdı. Heydər Əliyev isə Qarabağda işğala son qoyacaq, Ermənistanın dalan ölkəyə çevriləcəyi strategiyanı hazırlayırdı.
Keçmiş dövlət müşaviri Qabil Hüseynli həmin dövrü belə xatırlayır: “Bərdə və Tərtər istiqamətində qızğın müharibə gedirdi. Ermənilər rusların aktiv dəstəyi ilə müharibəni Azərbaycanın yeni bölgələrinə keçirmişdilər. Kəlbəcər, Laçın, Zəngilan, Şuşa da daxil olmaqla bu ərazilər işğal olunmuşdu, hücumlar Cəbrayıl, Füzuli, Ağdam, Tərtər istiqamətlərində başlamışdı. Azərbaycan ordusu onda yeni formalaşırdı, lakin buna baxmayaraq, güclü hücum nəticəsində 20-dən çox kəndimiz azad edildi. Bu hücumlarda 5 minə qədər erməni öldürüldü. Sonra ermənilər müharibəni əsas ağırlığını Tərtərə yönləndirdilər. Məqsəd Tərtər-Yevlax yolunu bağlamaqla Azərbaycanın qərb rayonları ilə əlaqəsini kəsmək idi. Bu istiqamətdə də onlar dəf edildi və planları iflasa uğradı. Ağdərənin 4 kəndi də geri qaytarıldı, bu, rayonun 30 faizi idi. Ruslar gördülər ki, Azərbaycan ordusu irəliləyir. Belə şəraitdə Azərbaycana atəşkəs rejiminin bağlanmasını təklif etdilər. Azərbaycan bunu müzakirə etdi və mövcud vəziyyətdə təklifi qəbul etdi. Çünki yeni qüvvələrin səfərbər edilməsi üçün Azərbaycana vaxt lazım idi, həmçinin neft kontraktlarının bağlanması, iqtisadiyyatın dirçəldilməsi bunu zəruri edirdi”.
Heydər Əliyev mövcud vəziyyəti dəyərləndirərək, Azərbaycanın dövlət kimi ayaqda durması, güclənməsi üçün atəşkəsə razılıq verdi. Çünki həm cəbhədə müharibə, həm ermənilərin güclü havadarları ilə mübarizə aparmaq, həm də ölkə daxilində vəziyyəti sabitləşdirmək, silahlı qruplaşmları neytrallaşdırmaq, əhalinin möhtac olduğu gündəlik tələbatları qarşılamaq və saydıqca bitməyən problemləri həll etmək mümkün deyildi. Müharibənin davam etməsi yeni ərazilərin işğalı və Azərbaycanın dövlət kimi gələcəyinin sual altına düşməsi təhlükəsini yaradırdı. Keçmiş hakimiyyətdən qalan ölkənin vəziyyəti olduqca acınacaqlı idi.
Bişkek protokolu və erməni planlarının məhvi: atəşkəs razılaşması Bişkekdə imzalanırdı. Rusiya prosesin əsas aparıcı qüvvəsi idi və Minsk qrupunun rusiyalı həmsədri, bu gün də ermənipərəst mövqeyi ilə seçilən Vladimir Kazimirov sənədi təqdim etmək üçün Bakıya gəlir, Heydər Əliyevlə müzakirə aparır. Sənədə görə, atəşkəs Azərbaycan və Ermənistan arasında imzalanır, sülh danışıqlarında beynəlxalq vasitəçilər iştirak edirlər.
Atəşkəs sazişinin imzalanması Bişkekdə baş tutdu. Azərbaycanı Ali Sovet sədrinin birinci müavini Afiyəddin Cəlilov təmsil edirdi. Mayın 10-u səhər saatlarında A.Cəlilov Heydər Əliyevə zəng vurur və məruzə edir ki, sənədə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin də adını tərəf kimi salmaq istəyirlər. Heydər Əliyev Cəlilova dərhal Bakıya qayıtmağı tapşırır. Həmin günün ikinci yarısı A.Cəlilov sənədə imza atmadan geri qayıdır. Lakin separatçı rejimin adını sənədə salmağı dəstəkləyən Kazimirov da onunla birlikdə gəlir. O dövrün şahidləri danışır ki, Heydər Əliyev Bakıda Kazimirova sərt sözlər deyir.
Heydər Əliyevin bu mövqeyi ermənilərin planlarını alt-üst etdi: atəşkəs sazişinə münaqişə tərəfləri olaraq Azərbaycan və Ermənistanın adı salındı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə sadəcə sənədə imza atdılar.
Ermənistanın planları baş tutmadı, hərçənd, ermənilər işğalçı kimi sevinir və hesab edirdilər ki, Azərbaycan torpaqlarının işğalı onlara xoşbəxt gələcək bəxş edəcək.
Heydər Əliyev atəşkəs sazişini imzaladıqdan sonra ilk olaraq ordu quruculuğuna başladı. Həmin dövrdə hərbi xidmət keçmiş əsgərlərin dilindən tez-tez “bizə ilk hərbi çəkməni, ilk ağ çörəyi Heydər Əliyev öz əlləri ilə gətirdi, ona qədər nə normal silah vardı, nə yemək, nə də geyim” sözlərini eşitmək olur.
Nizami ordu yaradan Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanı dünyanın ən əhəmiyyətli ölkələri sırasına çıxardı. Onun atdığı addımlar nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi, iqtisadi inkişaf təmin olundu, ölkədə sabitlik yarandı, insanların gələcəyi ümidi geri qaytarıldı.
Bütün bunların fonunda Heydər Əliyev işğalçı ölkənin blokadaya alınması strategiyasını həyata keçirirdi və nəticədə Ermənistan sosial-iqtisadi böhranla üzləşdi. Beləliklə, Azərbaycan torpaqlarının işğalı Ermənistanın boğazındakı ilgəyə çevrildi.
Heydər Əliyevin gələcək strategiyası: Ermənistanda siyasi dairələr zaman-zaman dahi liderin gələcəyə hesablanmış planlarından qorxa-qorxa danışırlar. Bir müddət öncə erməni ideoloqlarından biri İqor Muradyan 1998-ci ildə Heydər Əliyevin Türkiyə prezidenti Süleyman Dəmirəllə prinsipial görüşündən danışaraq, 20 il öncə işğalçı Ermənistana qarşı hazırlanmış planın Prezident İlham Əliyev tərəfindən israrla həyata keçirildiyindən və nəticələrin ermənilər üçün pis olacağından təəssüflə bəhs edirdi: “Heydər Əliyevlə Süleyman Dəmirəlin görüşdə Türkiyə və Azərbaycan arasında gələcək strategiya hazırlandı. Bu strategiya iki ölkə arasında energetikadan tutmuş, hərbi əməkdaşlığa qədər bir çox sahəni əhatə edirdi. Həmçinin, Dağlıq Qarabağ münaqişənin həlli və ərazilərin qaytarılması üçün Ermənistanı uzunmüddətli siyasi və iqtisadi blokadaya salmaq, onu Türkiyə-Azərbaycan blokuna bağlamaq və öz maraqlarına tabe etdirmək haqda razılaşma oldu. Bu, faktiki olaraq Ermənistanın prinsipial dövlət olaraq yox olması və Azərbaycanla Türkiyənin quberniyasına çevrilməsi demək idi. Həmin görüşdən sonra Azərbaycan xarici siyasətdə aktiv hərəkətə keçdi və indiyə qədər Ermənistanı blokadası davam etdirilir”.
Heydər Əliyev işğalçıya qarşı Rusiya cəbhəsindən də aktiv istifadə etdi. Moskva ilə münasibətlər yoluna qoyuldu, iki ölkə arasında müxtəlif əməkdaşlıq platformaları yaradıldı.
Muradyan qorxu ilə danışırdı ki, “Bakı uzun illərdir Rusiya ilə əməkdaşlığını gücləndirir və bu, birbaşa Ermənistanın əleyhinədir. Bakı anlayır ki, ərazi bütövlüyünün bərpasında Rusiyanın rolu əhəmiyyətli dərəcədədir, çünki Ermənistanda müstəqil qərar verən rəhbərlik yoxdur və Rusiya ilə razılaşmaq, Ermənistanın da bu razılaşmaya əməl etməsi deməkdir. Bu işdə Türkiyə də Azərbaycana aktiv şəkildə yardım edir”.
Heydər Əliyevin uzunmüddətli strategiyasını Ermənistanda anlayan və bunun təhlükəsi haqda xəbərdarlıq edənlər var idi. Hərçənd, Azərbaycanda da zaman-zaman “işğalla barışdığımızı” deyənlər çıxır, bəzən də siyasi məqsədlər üçün istifadə edənlər tapılırdı. Heydər Əliyev “yerdən çıxan boğuq səslərə” fikir vermir, səbrlə ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində həyata keçirdiyi strategiyanı tətbiq edirdi.
2003-cü ildən sonra Prezident İlham Əliyev bu strategiyanı yeni dünya reallığına uyğun davam etdirdi.
- Azərbaycan bölgənin həlledici aktoruna çevrildi;
- Ermənistan “oyundan kənar vəziyyətə” salındı;
Və nəhayət, 27 il sonra Azərbaycan torpaqlarında erməni işğalına son qoyuldu. Bu, Heydər Əliyevin dərin strategiyasının və bu strategiyadan yola çıxan Prezident İlham Əliyevin tarixə yazılan siyasi gedişlərinin nəticəsidir.
Asif Nərimanlı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı