Nida Təhlil
Vilayəti yenə də Azərbaycanı ittiham etdi: İranı etnik münaqişəyə sövq etməyə çalışır
İranın ali dini rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti növbəti anti-Azərbaycan tezislərlə çıxış edib. Vilayəti “Farhikhtegan” qəzetinə müsahibəsində deyib ki, NATO son vaxtlar Cənubi Qafqazda nüfuz qazanmaq istəyir. Müsahibə “Tehrantimes” tərəfindən “NATO Cənubi Qafqaz regionunda uğursuz oldu: baş müşavir” başlığı ilə xülasə şəklində də dərc edilib.
O, NATO-nun Cənubi Qafqazda möhkəmlənə bilmədiyini deyib: “Mərkəzi ABŞ-da olan NATO tamamilə şübhəli planlarla Cənubi Qafqazda hökmranlıq yaratmaq üçün tədbirlər görmək niyyətində idi, ona görə də Rusiyaya meydan oxudu. Cənubi Qafqaz ən mühüm yerdir. NATO-nun qərb girişi hesab olunur”.
Vilayəti iddia edir ki, amerikalılar Türkiyə vasitəsilə Cənubi Qafqazı pozmaq üçün sahəyə gəlib. “Amerikalılar bilməlidirlər ki, Cənubi Qafqaza daxil olsalar, müxtəlif etnik qrupların müqaviməti arasında o qədər sıxışacaqlar ki, ondan qaçmaq mümkün olmayacaq”.
Baş müşavir “Amerikanın Cənubi Qafqazda planlarını həyata keçirməsinə” əsas maneələri belə sıralayır: Çinin artan iqtisadi gücü, neftin qiymətinin artması, Rusiya silahlarının təkmilləşdirilməsi, “Müqavimət Oxu”nun güclənməsi və ənənəvi ittifaqların dağılması.
Bundan sonra o, Azərbaycanın guya Ermənistanın hansısa hissəsini işğal etməyə hazırlaşması haqda yalanları birbaşa səsləndirmədən onları həqiqət kimi şərh edərək, İranın buna maneə olduğunu iddia edir: “Ali Rəhbərin bəyanatına görə, İslam Respublikasının rəyi ondan ibarətdir ki, indiki sərhədlər heç bir şəkildə dəyişdirilməyəcək”.
“Son illərdə Türkiyə və Azərbaycan pantürkizmi qızışdırmaqla İranı etnik münaqişəyə sövq etməyə çalışıb. Azərbaycan-Ermənistan müharibəsi zamanı bu vəziyyət daha da pisləşdi, bu tədbirlər Türkiyənin planlarına kömək edə bilərmi?” sualına cavab olaraq deyib ki, bəzi türk rəsmiləri və türk mediası tərəfindən irəli sürülən bir məqam da İran azərbaycanlılarının illərdir təzyiq altında olmasıdır. Türkiyə hökuməti isə özünü azəriləri İran kimliyini təşkil edən digər etnik qrupların hökmranlığından azad etmək missiyasının daşıyıcıları kimi təqdim edir. “İran azərbaycanlıları İranın mühüm bir hissəsidir və inqilabdan sonra bu ölkənin prezidenti və baş naziri təxminən səkkiz il etnik azəri olub və indi ölkənin birinci şəxsi azərbaycanlıdır”. Vilayəti qeyd edib ki, İran azərbaycanlıları İranda etnik iğtişaşlar törətmək istəyən şəxslərə və bu şəxslərin sionistlərdən kömək istəməsinə qarşı duracaqlar.
NATO-nun Azərbaycana doğru genişlənməsi ilə bağlı sualın cavabında isə o deyib ki, “Hizbullah” indi çox güclüdür (?-red), qorxaq sionistlər İran sərhədi yaxınlığında bəzi bazalar yaradıblar. Bu cavabın suala nə qədər dəxli olduğunu baş müşavir yəqin özü bilir, güman ki, bununla dəhşətli şifrəli mesaj verdiyini düşünür.
Yada salaq ki, Vilayəti davamlı olaraq Azərbaycan mövzusunu diqqətdə saxlayır.
İyulun 2-ci öngünlüyündə o, “Tasnim” agentliyi üçün “NATO-nun Qafqazın gələcəyinə mümkün müdaxiləsi və təcavüzü ilə bağlı sayıqlığın zəruriliyi” başlıqlı eksklüziv məqalə yazmışdı. Həmin məqalədə də Türkiyə əleyhinə iddialar yer alır, Türkiyə və Rusiya arasında münasibətləri korlamağı hədəfləyən mesajlar verir, İranın əleyhinə olduğu Zəngəzur dəhlizi, Türkiyə və Azərbaycan arasında əlaqələrdən danışırdı: “Azərbaycan və Naxçıvan arasında əlaqə olsa, qonşuların Ermənistan ərazisini işğal etməsinə ehtiyac qalmır. Qaz kəməri, elektrik enerjisi, tranzit marşrutu və digər növ bütün kommunikasiyalar Ermənistanın ərazi suverenliyinə xələl gətirmədən asanlıqla əldə edilə bilər. Bir çox müşahidəçiləri bu maraqlandırırdı ki, Azərbaycan və Türkiyə həmin məsələdə niyə bu qədər israrlıdır? Yavaş-yavaş faktlar üzə çıxdı və ekspertlər belə bir qənaətə gəldilər ki, Naxçıvanı Azərbaycanla birləşdirən geniş kommunikasiyanın məqsədi budur: birincisi, Ermənistan iki yerə bölünsün; ikincisi, İranla Ermənistan arasında Əhəməni və Parfiya dövründən mövcud əlaqə itir; üçüncüsü, İranın ətraf dünya ilə əlaqəsi məhdudlaşır və həmin andan biz 15 ölkə ilə qonşu olmaq yerinə, 14 ölkə ilə qonşu oluruq, Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə azad əlaqəsi pozulur, yəni marşrut çətin olacaq”.
Məqalə işıq üzü görən vaxt Ə.Vilayəti “Aljazeera”ya də müsahibə vermişdi. Müsahibədə deyilirdi ki, “bizim Azərbaycan xalqı ilə heç bir problemimiz yoxdur və bir-birimizlə qohumluq hiss edirik. Azərbaycanla bizim qədər ortaq cəhətləri olan çox az ölkə var. Ümid edirik ki, Bakıdakı rəsmilər iki tərəf arasında qardaşlıq münasibətlərinin dərinliyini və ortaq məxrəcləri anlayacaq və İranın heç vaxt iki qonşu və qardaş ölkələr arasında gərginlik yaratmağa razı olmayacaqlarını anlayacaqlar”. Hadisələrin belə təqdimatı da İran təbliğatına xas cəhətdir. İran təbliğatı problemin xalqla deyil, yalnız “Bakı iqtidarı” ilə olması, xalq və iqtidar arasında narazılığı gücləndirməyə yönəlik iş aparır. Vilayətinin müsahibəsi bu işin ən ali səviyyədə aparıldığını göstərirdi.
Ümumən onun ötən ildən bəri yazdığı yazı və verdiyi müsahibələr anti-Azərbaycan təbliğatın birbaşa Ali Dini Liderin öz ətrafından gəlməsinə sübutudur. Bu müsahibə və yazılarda qatı azərbaycanofob, türkofob ekspertlərin fikirləri təkrarlanır, onların qənaətləri həqiqət kimi təqdim olunaraq şərh edilir.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı