Mehmandan istifadə edən “Qaloş”lar
Bizi izləyin

Nida Xəbər

Mehmandan istifadə edən “Qaloş”lar

Yaxın keçmişin siyasi zibilliyinə tullanmış Rüstəm İbrahimbəyov atıldığı çuxurdan boylanmaq üçün Mehman Hüseynovun "aclıq aksiyası"nı fürsət bilərək, gün üzünə çıxdı. 2013-cü ildə müxalifətin “vahid” fiaskosundan sonra İbrahimbəyovu görən olmamışdı. Əslində siyasət adamı olmayan və beynəlmiləlçilik adı altında bütün fəaliyyətini ermənilərin təmizə çıxarılması uğrunda xərcləyən bu yarımçıq kinorejissor-siyasətçi keçən 5 il ərzində Azərbaycana aid heç bir məsələdə səsini çıxarmasa da, qəfil “bizim gələcəyimizi məhv edirlər” sayıqlaması ilə azərbaycanlı olduğunu xatırladı.

Azərbaycanlı olduğunu indi xatırlayanlardan biri də ermənilərə xidmətdə İbrahimbəyovun ortağı olan Əkrəm Əylisli oldu. “Daş yuxular”la bir məşhurluq eşqi uğruna mənsub olduğu xalqı daş-qalaq etməkdən çəkinməyən bu yazıq qələmtutan “Mehman yaşamalıdır” deyə hay-küy salıb.

Əslində bir-birinin əksi olan bu iki şəxsin bu kampaniyada birgə yer alması, Mehman Hüseynovun ətrafında baş verənlər açıq suallar yaradır. İlk növbədə Mehman Hüseynovla bağlı nə baş verir sualını aydınlaşdırmaq lazımdır. Lazımdır ki, ortada Azərbaycan dövlətinə qarşı təxribat xarakterli oyunların oynandığı aydın olsun.

Mehman Hüseynov 2017-ci il martın 3-də həbs olunub. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.

Bundan sonra ortaya belə bir şayiə atıldı ki, Hüseynov aclıq aksiyasına başlayıb, boğazından nə bir tikə yemək keçir, nə də bir qaşıq su. Hərçənd, Ədliyyə Nazirliyi Penitensiar Xidməti ictimaiyyəti məlumatlandırdı və məlum oldu ki, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır.

Lakin anti-milli dairələr və xaricdəki anti-Azərbaycan qüvvələri bunu fürsət bilərək “kralın yeni libası” nağılını yenidən yazdılar. Bu qüvvələr neçə gündür israrla iddia edir ki, Mehman Hüseynov “ölüm aclığına” başlayıb, halbuki, haqqında danışılan şəxs normal şəraitdə cəzasını çəkir. Daxildəki anti-milli dairələr məsələnin üzərinə getdilər, xaricdə onların havadarları Azərbaycana qarşı informasiya müharibəsi başlatdı. Ardınca da itmiş cütlük – Rüstəm İbrahimbəyovla Əkrəm Əylisli peyda oldu və başladılar “Mehmani”ni çalıb-oynamağa.

Son günlər daha çox xaricdən çalındığı, daxildə isə oynanıldığı “Mehmani” rəqsi ciddi-cəhdlə gündəmdə saxlanılır. Proseslərin analizi göstərir ki, ortada Azərbaycana qarşı yeni qarayaxma kampaniyası mövcuddur. Çünki xalq-iqtidar birliyinin olduğu Azərbaycanın “dinizi bükmək” istəyənlər bunu oyun qaydaları çərçivəsində bacarmırlar və ən yaxşı yol olaraq, qarayaxma kampaniyasını seçiblər.

Nəticə nə olacaq? Bu sualın cavabı məlumdur, çünki Azərbaycan güclənən, dünyada qəbul edilən bir dövlətdir və bu dövləti idarə edənlər kifayət qədər ciddi fiqurlardır. Onlara opponentlik etməyə cəhd edənlərin məqsədləri uğrunda dövlət maraqlarını tapdamasına, bu yolda şeytanla da eyni yatağa girməyə hazır olmasına baxmayaraq, Azərbaycan rəhbərliyi güclü dövlət və firavan həyat uğrunda çalışır və bu işdə dəstəyi xalqdan alır. Bu baxımdan, bütün cəhdlərə rəğmən, bu oyunda anti-milli qüvvələr üçün nəticə sıfır olacaq. Onlara qalan “Mehmani” rəqsinə əl götürüb oynamaqdan başqa bir şey olmayacaq. Digər tərəfdən, olmayan bir şeyi uydurmaqla nə qədər davam gətirmək olar?! Mehman Hüseynov hazırda qanun çərçivəsində cəzaçəkmə müəssisəsindədir və digər məhbuslarla eyni münasibəti görür.

Bu kampaniyada Mehman Hüseynovdan daha çox alət olaraq istifadə edilməyə çalışırlar. Bunu özünün bilib-bilmədiyini demək çətindir, lakin bir məsələ aydındır ki, erməni kimliklərini ciblərində gizlədən Əylisli kimilərin yazmaq istədiyi, İbrahimbəyov kimilərin səhnələşdirməyə cəhd etdikləri “Qanun naminə” səhnəsində bu adamlar “Qaloş” rolunu oynayır. Əslində onların yeganə bacarığı da “Qaloş” olmaqdır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm