Baş konsul Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışdı - VİDEO
Bizi izləyin

Nida Xəbər

Baş konsul Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışdı - VİDEO

ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən tanınmış “Environmental Directions” radio proqramının dəvətilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Xocalı soyqırımına dair sözügedən proqrama müsahibə verib.

Qeyd olunmalıdır ki, 1977-ci ildə yaradılan həftəlik radio proqramın aparıcısı üç dəfə Emmi mükafatına namizəd olmuş, məşhur jurnalist Nensi Perlmandır (Nancy Pearlman). Proqram Kaliforniya və ABŞ-ın digər qərb ştatlarında müxtəlif radio kanalları vasitəsilə geniş yayımlanır.

Müsahibədə N.Ağayev ilk öncə Qarabağın əzəli Azərbaycan torpağı olması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalı pisləyən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistanın hələ də bu qətnamələrə və dünya birliyinin iradəsinə məhəl qoymadığını qeyd edib.

Daha sonra Xocalı soyqırımı barədə geniş məlumat verən diplomat, bu cinayəti törədənlərin hələ də cəzasız qaldıqlarını diqqətə çatdırıb. Baş konsul bildirib ki, ermənilər nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. N.Ağayev bu səpkidə Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamına dair etdiyi etirafı diqqətə çatdırıb.

N.Ağayev 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində görülmüş işlər sayəsində Xocalı soyqırmının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Diplomat bu səpkidə artıq 10-dan artıq dövlətin və ABŞ-ın 23 ştatının Xocalı qətliamını tanıdığını və rəsmi şəkildə pislədiyini vurğulayıb. Bundan başqa o, ABŞ-da Xocalı soyqırımına dair amerikalı müəlliflər tərəfindən iki kitabın nəşr edildiyini, çoxlu sayda məqalələrin dərc olunduğunu, 2017-ci ildə Los-Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filminin istehsal olunduğunu qeyd edib.

N.Ağayev müxtəlif dinlərin dinc yanaşı yaşadığı Azərbaycandan fərqli olaraq, Ermənistanın bu gün monoetnik və təkdinli dövlətə çevrildiyini, qeyri-tolerantlığın, Azərbaycan düşmənçilyi (azərbaycanofobiya), eləcə də anti-semitizmin gücləndiyini, hətta ABŞ-ın Anti-Defamasiya Liqasının rəy sorğusuna görə anti-semitizimin səviyyəsinə görə (58%) Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü dövlət olduğunu söyləyib. Vurğulanıb ki, Nasist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njde Ermənistanda milli qəhrəman hesab olunur və Yerevanın mərkəzində abidəsi ucaldılıb.

Sonda baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bu gün çətin bir bölgədə sabitlik və rifah adasına çevrildiyini və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində səylərin əzmlə davam etdirildiyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm