“La Vanguardia” qəzeti: Azərbaycan işğal altında olan ərazilərini azad edir
Bizi izləyin

Nida Xəbər

“La Vanguardia” qəzeti: Azərbaycan işğal altında olan ərazilərini azad edir

İspaniyanın qocaman nəşrlərindən biri olan “La Vanguardia”da “Azərbaycanda bir neçə şəhərin işğaldan azad edilməsi elan olunub” sərlövhəli məqalə dərc edilib (bax: https://www.lavanguardia.com/internacional/20201017/484127956901/azerbaiyan-anuncia-la-liberacion-de-varias-ciudades.html).

İspan nəşri Azərbaycan Prezidenti İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciətində Ermənistan tərəfindən işğal edilmiş Füzuli şəhərinin və Füzuli rayonunun bir neçə yaşayış məntəqəsinin azad olunmasını elan etməsini diqqətə çatdırır.

Məqalədə bildirilir ki, Dağlıq Qarabağdan cənubda yerləşən Füzuli şəhəri erməni qoşunları tərəfindən 1993-cü il avqustun 23-də işğal olunmuşdu və o vaxtdan onların nəzarəti altında idi.

“La Vanguardia” Prezident İlham Əliyevin bu sözlərini sitat gətirir: “Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Qeyd olunur ki, dövlət başçısı İlham Əliyev ölkənin ikinci böyük şəhəri olan Gəncənin yaşayış məhəllələrinə ballistik raketlərdən istifadə olunmaqla gecə hücumunu “hərbi cinayət və insanlığa qarşı cinayət” adlandırıb. Son məlumatlara görə, bu hücum nəticəsində azı 13 nəfər həlak olub, daha 52 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

“Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz isə onların cavabını döyüş meydanında veririk. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq”, - deyə ispan nəşri Azərbaycan dövlətinin başçısının sözlərindən sitat gətirir.

Məqalədə diqqətə çatdırılır ki, Ermənistan ilə münaqişənin nizamlanması dedikdə Azərbaycan işğal edilmiş ərazilərin hökmən azad olunmasının nəzərdə tutulduğunu vurğulayır. Bu tələb BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində təsbit edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm