MM-də Əfqanıstan-Azərbaycan əməkdaşlığı müzakirə olundu
Bizi izləyin

Nida Xəbər

MM-də Əfqanıstan-Azərbaycan əməkdaşlığı müzakirə olundu

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun ilə görüşüb.

MM-dən Publika.az-a verilən məlumata görə, qonaqları salamlayan Səməd Seyidov ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin təşəkkül tapdığını bildirib. Əfqanıstanın Ermənistanın işğalı ilə üzləşən Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyi və bu mövqeyin 44 günlük Vətən Müharibəsinin ilk günündən birmənalı şəkildə davam etdirildiyini bildirən Səməd Seyidov Əfqanıstan parlamentinin hər iki palatasının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunan bəyanatlarına diqqət çəkib.

Səfir Amanullah Ceyhun qardaş ölkənin parlamentində olmasından məmnunluğunu qeyd edərək Əfqanıstanda Azərbaycan səfirliyinin açılmasını alqışladığını və bunun ikitərəfli əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Zəfər münasibətilə təbriklərini çatdıran səfir deyib ki, Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin qəbul etdiyi qətnamələri öz gücünə yerinə yetirərək bölgədə beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. O deyib ki, azad edilmiş ərazilərdə işğalın acı nəticələrini bu yaxınlarda şəxsən öz gözləri ilə müşahidə edib.

Azərbaycanın 2000-ci ildən bəri ölkəsində sülhməramlı missiyada iştirak etdiyini vurğulayan səfir Əfqanıstanı həmişə dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib. Diplomat ölkəsinin Azərbaycanla münasibətlərə dəyər verdiyini söyləyərək iki ölkə arasında əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi üçün parlamentlərin mühüm töhfələr verə biləcəyini vurğulayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Əfqanıstanla bir çox sahədə əlaqələrin dərinləşməsində maraqlı olduğunu, o cümlədən hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını qeyd edib.

Görüşdə müxtəlif platformalarda əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm