Milli Məclisdə fransız jurnalistlərlə görüş keçirildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Milli Məclisdə fransız jurnalistlərlə görüş keçirildi - FOTO

Mayın 17-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bir neçə üzvü Fransanın “Musulmans en France” xəbər portalının nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov qonaqları salamlayaraq Azərbaycan və Fransa əlaqələri barədə danışıb. Ulu öndər Heydər Əliyevin dövründən başlayaraq Azərbaycanın Fransa ilə əlaqələrinin mühüm əhəmiyyət daşıdığını deyən Soltan Məmmədov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə verdiyi töhfələrdən bəhs edib.

Deputat 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Fransada Azərbaycana qarşı aparılan bədxah kampaniyadan, qərəzli qətnamələrdən, ədalətsiz hücumlardan, beynəlxalq hüquqa zidd bəyanatlardan təəssüflə söz açıb. O, bu hərəkətlərin Cənubi Qafqazda dayanıqlı sülhə və əmin-amanlığa zərbə vurduğunu qeyd edib. Deputat “Musulmans en France” xəbər portalının timsalında həqiqətlərin, beynəlxalq hüququn və ədalətin tərəfində dayanan Fransa media mənsublarına öz təşəkkürünü bildirib.

Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun öz növbəsində bəzi siyasətçilərin və parlamentarilərin məlum mövqeyinin bütün Fransaya aid olmadığını vurğulayıb. Qonaq media məkanında informasiya müharibəsinin indi də davam etdiyini bildirərək Azərbaycanla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə daha keyfiyyətli və müntəzəm çatdırılmasının əhəmiyyətindən söz açıb.

Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və Fransa Milli Elmi-Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru Karim İfrak da çıxış edərək Azərbaycan mədəniyyətinin, multikulturalizminin və tolerantlığının Fransada tanıdılmasının əhəmiyyətindən danışıblar, bu istiqamətdə həyata keçirilməli olan tədbirlər haqqında fikirlərini bildiriblər.

Görüşdə Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamal Cəfərov, fransalı jurnalist Sara Durmen və digər rəsmi şəxslər də iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm