Azərbaycan diasporu Ukraynada azərbaycanlı gənclər üçün yeni mexanizm yaradır
Bizi izləyin

Nida Xəbər

Azərbaycan diasporu Ukraynada azərbaycanlı gənclər üçün yeni mexanizm yaradır

"Tokio-2020" Olimpiya Oyunlarının yunan-roma güləşi üzrə 67 kiloqramda gümüş mükafatçısı, Ukrayna təmsilçilisi, azərbaycanlı Pərviz Nəsibov ilə Azərbaycan diasporunun görüşü olub.

Publika.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisində baş tutan görüşdə ölkənin müxtəlif vilayətlərindən diaspor nümayəndələri iştirak ediblər.

Görüşdə RAU Baş katibi Ceyhun Məmmədov iştirakçılara azərbaycanlı çempion haqqında bir daha məlumat verərək bildirib ki, bu görüş eyni zamanda Pərviz Nəsibovun bundan sonra fəal diaspor üzvü olmasının başlanğıcı da hesab oluna bilər.

Baş katib P.Nəsibovun Kiyevdə azərbaycanlı gənclərlə görüşünün də nəzərdə tutulduğunu deyib.

O, hazırda xaricdə səfərdə olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təşkilatının sədri, RAU-nun həmsədri Hikmət Cavadovun da P.Nəsibova təşəkkürünü çatdırıb.

Kiyev Azərbaycanlıları Konqresinin sədri, UAR-nın həmsədri Oleq Krapivin isə bildirib ki, Pərviz Nəsibov təkcə Ukraynanın yox, Azərbaycanın və eləcə də dünyadakı azərbaycanlıların da fəxridir.

O qeyd edib ki, Ukraynada Azərbaycan diasporu olaraq daim fəal gənclərə dəstək olublar, bundan sonra da olacaqlar: “Biz Pərvizdən 2024-cü ildə Paris Olimpiya Oyunlarında qızıl gözləyirik və əminəm ki, o, buna nail olacaq” - deyə, o əlavə edib.

Pərviz Nəsibov isə qazandığı uğura görə məşqçiləri və müəllimləri ilə yanaşı ona verilən dəstək üçün başda Oleq Krapivin olmaqla bütün diaspora və həmyerlilərinə minnətdarlığını bildirib. O söz verib ki, fəaliyyəti ilə digər azərbaycanlı gənclərin uğuru üçün də stimul olacaq.

Tədbirdə çıxış edən UABD-nin sədr müavini, RAU-nin Aparat rəhbəri Elşad İbrahimov, Ukraynanın azərbaycanlı Xalq artisti Qurban Abbasov və digərləri P.Nəsibovu təbrik etməklə yanaşı, Ukraynada müxtəlif sahələrdə fəal azərbaycanlı gənclərə sistemli dəstək vermək üçün, fəal gənclərin aşkar olunaraq üzə çıxarılması üçün vahid mexanizmin yaradılmasını müzakirə ediblər.

Qərara alınıb ki, bir sıra Azərbaycan şirkətlərinin, azərbaycanlı iş adamlarını da cəlb etməklə formalaşdırılan mexanizmdə bütün Ukrayna üzrə azərbaycanlı istedadlı, fəal azərbaycanlı gənclər üzə çıxarılaraq siyahısı tərtib olunsun, sistemli dəstək təşkil olunsun.

Görüşdə Azərbaycan diasporu adından Pərviz Nəsibova mükafatlar da təqdim olunub.

Görüş Qurban Abbasovun ifasında Azərbaycan mahsnılarının ifası ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm