Nida Xəbər
Restorana getdim, xəngəl bişirən qadın dedi ki, sağ qalmağınız üçün... - Həmid Herisçi
Tanınmış yazıçı-publisist Həmid Herisçi Teleqraf.com-un suallarını cavablandırıb.
Publika.az həmin müsahibəni təqdim edir:
- Həmid müəllim, yaxın günlərdə xəstəxanadan evə buraxıldınız. Ötən gün keçirilən növbədənkənar prezident seçkilərində də iştirak etdiniz. Hazırda səhhətiniz necədir?
- Prezident seçkilərində mütləq iştirak etməli və səs verməli idik. Xəstəliyin çətin dövrünü geridə qoysaq da, yenə də yataqdayam. Amma seçki sözü gələndə sandıq başına getdim. Sözsüz ki, öz səsvermə hüququmdan istifadə etdim. Həmişə seçimimi bir nəfər üçün etmişəm, heç vaxt da bunu ağartmamışam. Amma bu dəfə deyəsən deyəcəm. Çünki sözdə prezidentin portretini çəkən insanam. Bir var səsvermə ilə seçəsən, bir də var ki, sözünlə, mövzunla onu seçəsən, portretini yaradasan. Çox sevinirəm ki, seçki günlərində nəinki prezidentin portretini çəkə bildim, seçki məntəqəsinə getdim, öz səsimi verdim.
- Qızılca xəstəliyini ağır formada keçirdiniz, hazırda bərpa prosesi necə gedir?
- Əlbəttə ki, insan dirçəlmək istəyir. Nəzərə alın ki, boynumda çox ciddi işlər var. Bunlardan biri Azərbaycan-İran, yaxud da Təbriz-Bakı ədəbi saytımı yaratmaqdır. Bəlkə də Allah ona görə məni ölməyə qoymadı. Görünür, məndən başqa o saytı heç kimə həvalə etmək istəmir. Bilirsiniz ki, o tayla bu tay arasında əlaqə yenidən kəsilib, Şah dövründəki kimi... Araz yenə də həsrət çayına çevrilib. Şuşanın qapısını açdıq, ancaq Təbrizin qapısını qara külək çırparaq bağladı. Gərək bu qapıları da özüm açım.
- Ev şəraitində müalicəniz davam edirmi?
- Bəli, ev şəraitində müalicəm davam edir. Həyat yoldaşım İlhamiyyə xanımın anası da xəstələnib. Xüsusən İlhamiyyə xanıma ürəyim yanır ki, anasına da, babasına da, mənə də qulluq edir.
- Bu müddət ərzində özünüzü necə qoruyursunuz?
- Uzanmaq, yataq xəstəsinə çevrilmək yox, fəal olmaq lazımdır. Əksinə, səhər yuxudan oyanıb, çölə çıxdım, gəzdim. Çox tez zəifləyirəm, halsızam. İndi ümidimi xəngələ bağlamışam (gülür). Çox maraqlıdır ki, bir xəngəlxana var, oraya getdim və xəngəl bişirən qadın dedi, mən o qədər dua etdim ki, siz sağ qalasınız. Dedim, gərək xəngəl bişirəsən ki, sağ qalım. Təsəvvür edin ki, məni tanımayan adam, restoranda yemək bişirən qadın məni görüb sevindi, əvvəl dua edirmiş, indi xəngəl bişirir. Bu gün xəngəli aldım, evə gətirdim.
- Mütaliə edə bilirsinizmi? Deyəsən, xəstəlikdən sonra gözünüzdə problem yaranıb.
- Bəli, xəstəliklə əlaqədar görmə qabiliyyətim zəifləyib. İnşallah düzələr. Həkimlər bildirdilər ki, gözlərimdə yaranan problem aradan qalxacaq. Hazırda o qədər də çox mütaliə edə bilmirəm.
- Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiniz, toparlananda hansı hissləri keçirdiniz, nələrə ümid etdiniz?..
- Tək mən deyil, bu xəstəliyə yoluxanların çoxu mənim vəziyyətimə düşür. Payız fəslində “yaprak tökümü” deyirlər... 2024-cü il çoxlarını alıb apardı. Bu xəstəlik çox ağır formada keçir. Mən Məhəmmədli Modul Tipli Xəstəxanasına yerləşdirilmişdim. Hərbi hospitalı xatırladırdı, sanki müharibədə yaralanandan sonra gətirilmisən. Bir an özümü halsız halımda Qarabağ qaziləri ilə müqayisə elədim. Yenə də düşünürdüm ki, onların yaraları, ağrıları məndən dəfələrlə ağır olub. Səməd Vurğunun müharibə dövründə yazdığı bir şeir tez-tez yadıma düşürdü. O şeiri özümə aid etdim və çalışardım ki, o şeirin davamını özüm yazım. Eyni zamanda bir çox hekayələri beynimdən keçirdim. Təbrizə qayıtdım, Təbrizə səyahət etdim. Sağalan kimi Təbrizə getməyi düşünürəm. Bir az özümü toparlayan kimi gedəcəm. Çünki bu, mənim üçün vacibdir. Bir ara qorxdum ki, nələrsə yarımçıq qala bilər. Mənim ev məsələm var, vərəsəyəm. Yəni ki, mülklə əlaqədar məhkəmə işlərim var. Bunun üçün mənə elə gəlir ki, düzələn kimi Təbrizə gedim və orada bir az Təbrizin havası alım. Düzdür, ölümdən qayıtmışam, amma bir o qədər də sağlam deyiləm. Özümü bir az güclü hiss etsəm, Təbrizə gedəcəm. Mənim məqsədim yalnız şəxsi məsələlər deyil. Ədəbi sayt yaratmaq istəyirəm.
- Necə bir sayt?
- Mənə elə gəlir ki, həm Azərbaycanın, həm də İranın rəsmi qurumları ilə danışacam. Ölkələrimiz arasında ədəbi əlaqələr olmalıdır. Yəni siyasi əlaqələr olmaya, xalqlar arasında diplomatik münasibətlər aşağı da düşə, səfirliklər bağlana da bilər. Ürəklər bağlanmamalıdır, ədəbi sayt işləməlidir. Fikrim var ki, istər Azərbaycanda, istər də İranda rəsmi qurumlarla danışıqlar aparım, ədəbi həyatın nəbzi vursun, ölməsin. Biz ölə bilərik. Azərbaycanda fəaliyyət göstərən o yazıçıda ki, Güney mövzusu yoxdur, o çox natamamdır. Düşünürəm ki, Təbriz mövzusu olmayan yazıçı zəifdir. Bəlkə də Azərbaycanda Təbrizlə Bakını bağlayan yeganə insanam. Vaxt var idi ki, belə adamlar çox idi. İndi yalnız Həmid Herisçidir. Güney Azərbaycanın mədəni-siyasi elitası düşünməlidir ki, Həmid Herisçi kimi seçkin adamlar var. Və onların boynuna çox böyük vəzifə qoyulub ki, ölkələrarası münasibətləri səhmana salınmasına dəstək olsunlar.
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin113 Dekabr 19:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO
-
Sosial13 Dekabr 18:40
Şəhid Xudayarın qardaşı müğənninin qızı ilə ailə qurur
-
Yaxın Şərq13 Dekabr 16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı