Min bir dərdin dərmanı olan bal: Arı şanı, propolis, hətta arı cəsədi – Yarmarkadan FOTOREPORTAJ
Bizi izləyin

Digər

Min bir dərdin dərmanı olan bal: Arı şanı, propolis, hətta arı cəsədi – Yarmarkadan FOTOREPORTAJ

Arı şanı, bal, propolis, arı yağı, hətta arı cəsədi almaq istəyənlər bu günlərdə Nizami küçəsi, 92 ünvanı - köhnə ayaqqabı fabrikinin binasına baş çəkə bilər. Balın ayaqqabı ilə heç bir əlaqəsi olmasa da, iki ildir ənənəvi arıçılıq məhsulları məhz burada satılır. Hər il müxtəlif qalmaqallar yaşanmasına baxmayaraq, yarmarkaya maraq yüksəkdir. Bunu səhər saatlarından yarmarkaya gələnlərin çoxluğu da sübut edirdi.

Publika.az-ın məlumatına görə, yarmarkanın 11:00-da açılacağı deyilsə də, bəzi alıcılar bir saat əvvəldən gəlmişdilər. Alıcılar tələssə də, satıcılar hələ məhsulları piştaxtalara düzməmişdilər.

Qeyd edək ki, bu il istehsalçıların sayında azalma olub. Ötən il 438 arıçı müraciət etmişdisə, bu il 380 arıçı məhsul təqdim edib.

“Vallah içəridə də bu baldan satacam”

Yarmarkaya məhsul gətirənlər iki yerə bölünür. Arıçılar və satıcılar. Satıcılar arasında işbazlıq etmək istəyənlər isə bu il yarmarkaya buraxılmayıb. Onlar da açılışın gecikməsini fürsət bilib, əllərində bankalara doldurduqları məhsulu (onlar bal olduğunu iddia edirdilər) satmağa çalışırdılar. Hətta alıcıları inandırmaq üçün min oyundan çıxan, nəslindəki bütün əzizlərinin canına and içənlər də vardı. Diaqloq təxminən belə olurdu.

- Bal almaq istəyirsiz?

- Hə, onun üçün gəlmişik.

- Burda gözləməyin, deyirlər, bu gün açılmayacaq. Gəlmişkən boş qayıtmayın, mən satıram, 15 manata.

- Yox içəridə tanış var, ondan alacam.

- Nə fərqi, mənimki də əla baldır. İstəsəniz, qiymətdə razılaşarıq. Vallah, içəridə də bu baldan satacam. Amma bu gün açılış olmayacaq, bizim adamlar da içəridədir.

Amma yaxşı ki alıcılardan tora düşən olmadı...

Yarmarka isə vəd edilən vaxtda deyil, saat 14:00-da açıldı. Hər il olduğu kimi, müxtəlif rayonlardan arıçılar əldə etdikləri müxtəlif növ məhsulları həm sərgiləyib, həm də satışa çıxarmışdılar. Ötən il məhsul qıtlığından şikayətlənən arıçıların bu il üzü gülürdü. Səbəb isə əlbəttə, havanın mülayim keçməsi və məhsuldarlığın yüksək olması idi. Bu il məhsuldarlığın yüksək olduğunu deyən arıçılar yarmarkaya bal, şanılı bal, balın qaymağı, mum, propolis və arı cəsədi gətirmişdilər.

Qaxdan 2 ton bal gətirən Elnarə Həsrətova 600 arı ailəsindən bu il 4 ton məhsul götürüb: “Bal yarmarkası başlayan ildən bal gətiririk. 20-25 manata satıram, bir saatdır satış başlayıb 250 manatlıq satış etmişəm. Məhsul yaxşı olanda satışdan da razı qalırıq”.

200 yeşik arı ailəsi olan Əzizbəy Əmirov balı İsmayıllıdan gətirib.

“Bu il balım çox olub, bura 300 kiloqram gətirmişəm. Özümün xüsusi müştərilərim var. Onlar ilboyu gəlib alırlar. Balı həmişə 20-25 manata satıram, burda da elə satacam” – deyə arıçı bildirir.

50 ildir arıçılıqla məşğul olan Əli Yusifov balı 20 manatdan aşağı satmayacağını deyir: “Keçən il bal olmadı deyə, yarmarkaya gələ bilmədim. Bu il məhsuldarlıq yüksək olub, ancaq 55 kiloqram bal gətirmişəm. Qalanı evdədir, satış yaxşı olsa, daha çox gətirəcəm”.

“Xalis balı burdan alın, razı qalın” deyə müştəriləri səsləyən Rahibağa Hüseynov bu il 900 kiloqram məhsul götürüb, 500 kilosunu yarmarkaya gətirib. Xüsusi müştərilərinin olduğunu deyən müsahibim gətirdiyi balın hamısını satacağına əmindir.

Ömrünü arıçılığa həsr etdiyini deyən Yaşar Ağayev müştəriləri təmiz bal satdığına inandırmağa çalışır, qiyməti endirənlərin də xətrinə dəymədiyini deyir: “240 arı ailəm var, onlardan 4 ton məhsul götürmüşəm. Bir tonunu bura gətirmişəm, daimi müştərilərim var. Onlar gəlsələr, hamısını sata biləcəm. Arı saxlamaq çətindir, amma onu satmaq daha çətindir. Astarada istirahət mərkəzləri azdır, ona görə turistlər az gəlir. Həm də kəndimizdə torpaq azdır, mindən çox arı ailəsi var. Belə şəraitdə arı saxlamaq çətin olur, amma əsas çətinlik satışdır”.

Yarmarkada propolisin qramı 20 qəpik, çiçək tozu 100 qramı 10 manat, güləmin (çiçək tozunun balla qarışığı) kiloqramı 200 manatdır. Bu məhsulları insanlar qramla alırlar. Kilosu 200 manata olan güləm immuniteti gücləndirmək üçündür.

Yarmarkaya müxtəlif arıçılıq məhsulları gətirən Astara sakini Arzuman Fərziyev qiymətlərinin 30-50 manat arası dəyişdiyini deyir. O, babasındanqalma kötükdə gətirdiyi balı 30 manata satır, bir manat da endirim etmək istəmir. Məhsulları digər arıçılardan baha satmasına gəlincə, bunu keyfiyyətin yüksək olması ilə izah edir.

Alıcılar da qiymətdən xeyli razı idilər, lakin keyfiyyətə şübhələr vardı. Balı dadından tanıdığını deyən Aybəniz xanım bütün yarmarkanı gəzəndən sonra Gədəbəy balını seçib. Amma digər arıçıların da balının keyfiyyətli olduğunu deyir: “Rayonda arıçılıqla məşğul olmuşuq deyə yaxşı bal tanıyıram. İki kiloqram aldım, pis deyil”.

Lakin ötən ilki satıcılardan şikayətlənənlər də var idi. Kifayət xanım da belələrindəndir: “Ötən il burda Qurbanov familiyalı birindən bal almışdım. Elə təriflədi ki balını... Aldatdı məni. Bir ay keçmədi ki, xarlamışdı. İndi yenə gəlmişəm, bu dəfə balı necə tanımaq lazımdır, öyrənmişəm. Zaqatala balı yaxşıdır”.

3 kiloqram bal, çiçək tozu alan İmarət xanım hər il eyni arıçıdan aldığı deyir. Ona görə də balın təmizliyinə inanır.

Lakin arıçıların ötən ildənqalma bəzi problemləri var idi. Ötən il nazir görüşdə problemlərin həllinə söz vermişdi.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ötən il yol verilmiş nöqsanların bu il təkrarlanmaması üçün müəyyən işlər gördüklərini dedi: “Bu ildən arıçılıqla məşğul olanların məlumat bazasını formalaşdırmışdıq. Yarmarka ilə bağlı edilən müraciətlər həmin məlumat bazasında yoxlanılıb. Daha sonra arıçılıq nümunələrinin zona baytarlıq analizləri aparılıb, müsbət rəy verilənlər anbara təhvil verilib. Bu il arıçıların təklifinə əsasən, satışı bölgələr üzrə təşkil etmişik. Qruplaşdırma 7 iqtisadi rayon üzrə aparılıb. Bu gün rayonlar üzrə ayrı ayrılıqda qruplaşmanın aparılması təklif edildi. Bu gün tədbirin açılışının gecikməsinə səbəb bu sonuncu püşkatma olub”.

Nazir müavini əmin etdi ki, məhsulu yararsız olanlar yarmarkaya buraxılmayıb: “Respublika baytarlıq laboratoriyasında təkrar analiz aparılarkən, 5 satıcı tərəfindən təqdim edilən bütün məhsulların keyfiyyətinin aşağı olduğu müəyyənləşdirilib. Həmin istehsalçıların məhsullarını yarmarkadan kənarlaşdırdıq. 16 istehsalçının məhsulların da müəyyən şübhələrimiz var. Onların bütün məhsullarından təkrar analiz edəcəyik. Nəticə yenə mənfi olsa, onlar da yarmarkaya buraxılmayacaq”.

Arıçılığın kənd təsərrüfatının ən gəlirli sahələrindən olduğunu deyən nazir müavini son 10 ildə arı ailələrinin sayının 2.4 dəfə artdığını diqqətə çatdırdı. 2014-cü ilin məlumatına görə, ölkədə 438 min başdan çox arı ailəsi mövcuddur: “Nazirliyin Heyvandarlıq İnstitutunun nəzdində arıçılıq mərkəzi formalaşdırılıb. Məqsəd arıçıların yalnız bal istehsalı ilə deyil, ana arıların yetişdirilməsi, beynəlxalq təcrübədə istifadə olunan metodların tətbiqi, qablaşdırma aparılmasını da təmin etməkdir. Bu sahədə xüsusi layihəsi olan arıçıların biznes planlarını qəbul edirik. Beynəlxalq Təşkilatların maliyyə dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində arıçılara maliyyə təminatı yaradılacaq. Məqsəd balın yalnız böyük şüşə qablarda istehlakçıya təqdim edilməsi deyil, həmçinin kiçik qablaşdırmalarda istifadəyə verməkdir. Bundan sonra xarici ölkələrə ixracatını təmin etməkdir”.

Gülxar

Fotolar: Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm